Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Təngərüd kəndində sakinlərlə keçirdiyi səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.
İcra başçısı görüş iştirakçılarını salamlayaraq, bildirmişdir ki, pandemiya səbəbindən müəyyən müddət görüşə bilməsək də, əvvəlki görüşlərimiz həmişə səmərəli olmuş, qaldırılan problemlərin həlli üçün vaxtında tədbir görülməsi daim diqqət mərkəzində olmuşdur. Nəticədə son illər nümayəndəliyin ərazisində xeyli quruculuq, abadlıq işləri aparılmışdır. Amma problemlər də vardır. Bu problemləri bir daha araşdırıb birlikdə həllinə nail olmaqdan ötrü sizi idarə, müəssisə və təşkilatların rəhbərləri ilə dinləməyə gəlmişik.
Sakinlər çıxış edərək ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə qazanılan yüksək nailiyyətlərdən fəxrlə danışmış, ölkə iqtisadiyyatının gücləndirilməsi, əmin-amanlığın qorunması, vətəndaşların rifahının yaxşılaşdırılması ilə əlaqədar qəbul edilən mühüm qərarların müsbət nəticələrindən söz açmışlar. Bütün bunlara görə cənab Prezidentə minnətdarlıq edərək, yerlərdə əhali ilə sıx ünsiyyət saxlayıb səyyar qəbullar keçirdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına razılıqlarını bildirmişlər.
Sakinlər eyni zamanda qəzalı vəyiyyətdə olan elektrik dirək və naqillərinin dəyişdirilərək təsərrüfatın yenilənməsi, xəstəxana binasının əsaslı təmir edilməsi, yeni ibtidai məktəbin yaradılması, ayrı-ayrı məhəllə yollarının təmiri və asfaltlaşdırılması, suötürücü kanalın qazılması, kənndə yeni artezian quyusunun qazılması, sitrus meyvələri üçün tədarük anbarlarının yaradılması barədə təkliflər vermiş, xəstə uşağına pensiya təyin edilməsinə, ünvnlı sosial yardımın verilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı qaldırılan bəzi məsələlərin həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar vermiş, vaxt tələb edən problemlərin həllini diqqətdə saxlayacağını bildirmişdir.
Qeyd etmişdir ki, rayonda elektrik xətt təsərrüfatı istismar müddətini başa vurduğundan, bununla bağlı digər yaşayış məntəqələrində də problemlər mövcuddur. Kəndlər genişlənib, əhali çoxalıb. Ona görədə bəzi yaşayış məntəqələrində köhnə xətt və transformatorlara abunəçilərə keyfiyyətli elektrik enerjisi vermək mümkün deyil. Buna baxmayaraq əhaliyə fasiləsiz elektrik enerjisinin verilməsindən ötrü mütəmadi olaraq təmir işləri aparılır. Rayonda elektrik xətt təsərrüfatı tədricən tamamilə yenilənəcəkdir. Bununla əlaqədar aidiyyəti üzrə müraciət etmişik.
Qarşıdakı yaz, yay aylarında bəzi kənddaxili yolların asfaltlaşdırılmasını da planlaşdırmışıq. Digər məsələləri də diqqətdə saxlamaqla, tədricən həllinə nail olacağıq.
İcra başçısı ümumilikdə Respublikada həyata keçirilən mühüm qlobal layihələr və rayonda aparılan tikinti-quruculuq, abadlıq işlərindən söz açaraq görüş iştirakçılarını məlumatlandırmışdır. Qeyd etmişdir ki, son illər rayonumuzda bütün yaşayış məntəqələrinin yolları asfaltlaşdırılmış, ən əsası əlçatmaz hesab edilən ucqar dağ kəndlərinə asfalt yollar çəkilmiş, qazlaşdırma aparılmış, sosial obyektlər tikilmişdir. Yeni istirahət məkanlarının yaradılması istiqamətində mühüm işlər görülmüş, Astara şəhərində dəniz sahilində geniş bir ərazidə müasir dizaynda park-bulvar kompleksi yaradılmasıdır.
Ən böyük uğurumuz isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il düşmən tapdağında olan müqəddəs torpaqlarımızın qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaəti nəticəsində 44 gün müddətinə erməni terrorçularından azad edilməsidir. Cəbhəyə könüllü yollanan rayonumuzun gəncləri də Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşərək döyüşlərdə xüsusi qəhrəmanlıq göstərdilər. Bununla da biz ölkəmizin ərazi bütövlüyü təmin edilməklə, zaman-zaman verdiyimiz şəhidlərimizin qisasını aldıq. İndi xalqımız sevincli, qürurlu və başıucadır.
Qardaş Türkiyə Respublikasında baş verən, böyük dağıntılar və insan tələfatına səbəb olan dəhşətli zəlzələ hər birimizi kədərləndirir, ürəyimizi sızladır. İnanırıq ki, çox sınaqlardan mətanətlə çıxan xalqlarımızın, bu fəlakətdən də üzüağ çıxması üçün birliyi, gücü yetər. Zəlzələ nəticəsində həlak olan qardaşlarımıza Allahdan rəhmət diləyir, yaralıların tezliklə sağalmaları üçün dualar edirik. Allah xalqımızı, bütün Türk dünyasını belə bəlalardan qorusun.