XX əsrin qanlı səhifəsi kimi Azərbaycan xalqının yaddaşına həkk olunan müsibətlərin ən böyüyüdür Xocalı faciəsi. Tarix boyu müxtəlif faciələrlə üzləşən xalqımız tarixin bu qanlı səhifəsini də  ömürlük həyatının yaddaş kitabçasına yazdı. Erməni vəhşiliyinin bariz nümunəsi olan  bu qətliam məğrur Azərbaycan millətini sarsıtmadı, onu daha da əzmkar mövqeyə çıxartdı. Yüzlərlə günahsız insanları qanına qəltan edən azğın düşmən körpə, cavan , qoca demədən hər kəsi vəhşicəsinə qətlə yetirdi.

Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Erməni Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı törədilmiş soyqırımdır. Həmin faciə zamanı 613 nəfər öldürülmüş,  487 nəfər isə yaralanmışdır.  Soyqırım nəticəsində 63 uşaq, 106 qadın qətlə yetirilmişdir. 1275 nəfər sakin əsir götürülmüşdür. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən, 68 qadın və 26 uşağın taleyi hələ də məlum deyil. Xocalı soyqırımının işıqlandırılması Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlıdır.

Vətən müharibəsindən öncə Xocalı faciəsindən danışarkən qan yaddaşımızı, qisas alınmadan düşüncələrimizi qəlbəyatan ifadələrlə təsvir etmək mümkünsüz idi. Öncə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, daha sonra cənab prezidentimiz İlham Əliyevin uğurlu siyasətinin davamçısı kimi bu soyqırım dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Bir çox dünya ölkələrində Xocalı soyqırımı ilə əlaqədar tədbirlər keçirildi. Bununla da dünya xalqlarının çox hissəsi tarixi qətliamdan xəbərdar oldu.

2020-ci il sentyabrın 27-də haqq savaşımız başlayanda igid, mərd oğullarımız anaların duaları ilə Müzəffər Ali Baş Komandanın dəmir yumruğuna güvənib  vətən torpağını düşmən tapdağından azad etməyə yollandılar. Minlərlə günahsız insanların qanını axıtmış erməni silahlı birləşmələrinin ünsürlərini  44 gün ərzində darmadağın etdilər. Şəhid edilmiş  soydaşlarımızın qisasını aldılar. Bir sözlə,  Xocalı faciəsinin qisasını döyüş meydanında layiqincə aldılar .Qisas hissini uzun illərdən sonra  bizə yaşadan oğullarımıza ömür boyu minnətdarıq. Bu qisası almağımızda Ali Baş Komandanın zəhməti danılmazdır.  Azərbaycan vətəndaşları olaraq bu zəfərin memarı olan böyük sərkərdəmiz cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Döyüş meydanında vuruşan hər bir oğul bizim qəhrəmanımızdır. Şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Bütün bu ifadələri yazarkən düşünürəm ki, kaş mən də döyüş meydanında vuruşan oğullardan biri olaydım. Ehtiyatda olan əsgər kimi bu mənim də arzularımdan biridir. Amma  bunu belə ifadə edirəm ki, ”Vətən müharibəsi”- ndə şəhid olmasam da, hər bir saniyəsinin arxa cəbhədə şahidi oldum.

Erməni qəsbkarları 200 ildən artıqdır ki,  Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti aparırlar. Həmişə xalqımızı tarixi torpaqlarından qovmuş, sovet dönəmində də deportasiya siyasəti aparmışlar. Mürəkkəb tarixi şəraitdən istifadə edərək zaman-zaman İrəvan, Zəngəzur, Göyçə mahalı və digər tarixi torpaqlarımızdan soydaşlarımızı didərgin salmışlar.

Xalqımızın başına gətirilən müsibətli günlərdən bəhs etmək, bu acıları unutmamaq üçün yeni məlumatlarla agah etmək bizim borcumuzdur. Çünki o günlər unudulmamalıdır. Lakin yazan əllərin sahibi sabaha nikbin hislərlə baxır. Ürəyim “Vətən müharibəsi”-ndə doğma torpaqlarımızı bizə qaytaran mərd oğullarımızdan bəhs etmək üçün çırpınır. O mərd oğullar Xocalı faciəsində şəhid olanların ruhunu şad etdi, bu günə kimi bizə əmanət olan övladlarının, nəvələrinin, ailəsinin qisasını aldı, yaralı qəlblərinə su səpdi.

Müzəffər Ali Baş Komandan, yenilməz Sərkərdə cənab İlham Əliyevin və qəhrəman oğullarımızın sayəsində Azərbaycan xalqı bütün dünyada qalib xalq, müzəffər xalq kimi tanınır, yaşayır və bundan sonra da əbədi yaşayacaqdır.

 

Əlvan İbayev

Yaqub Ağayev adına Artupa kənd tam orta məktəbinin

Azərbaycan-dili və ədəbiyyat müəllimi