Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kakalos kəndində vətəndaşlarla görüş və səyyar qəbul keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.

İcra başçısı kənd sakinlərini salamlayaraq qeyd etmişdir ki, bir il əvvəl keçirdiyimiz görüşdə qaldırdığınız məsələlərin böyük əksəriyyəti həllini tapmışdır. Kakalos-Kolatan yolu, məktəbə gedən yol asfaltlaşdırılmış, qazlaşma aparılmışdır. Hazırda nümayəndəliyin Qamışoba kəndində müasir turizm obyektləri inşa edilməklə böyük layihə icra olunur. Burada nəzərdə tutulan layihə üzrə müəyyən işlər görülüb başa çatdırılmış, yeni iş yerləri açılmışdır. Layihənin miqyası böyüdükcə iş yerlərinin sayı da xeyli artacaqdır. İnşa ediləcək yaşayış kompleksləri, istirahət yerləri, hotellər, alış-veriş mərkəzləri, restoranlar və digər turizm infrastrukturları əraziyə turist axınını gücləndirəcək ki, bu da əhalinin dolanışığına öz müsbət təsirini göstərəcək.

Bugünkü görüşdə də məqsədimiz sizi dinləmək, təklifləriniz, arzu və istəklərinizlə tanış olmaq, onların həyata keçirilməsinə köməklik etməkdir.

Çıxış edənlər Respublikada və rayonda aparılan quruculuq-abadlıq işlərindən razılıqla danışaraq, rahat yaşayışlarının təmin edilməsindən ötrü həyata keçirilən tədbirlərə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Eyni zamanda əhali ilə görüşə gələrək səyyar qəbul keçirdiyinə və söylənən təkliflərə həssaslıqla yanaşdığına görə icra başçısından razılıq etmişlər.

Sakinlər elektrik xətlərinin SİP kabelləşdirilməsinə, Kakalos kənd mədəniyyət evinə gedən asfalt yolun təmir edilməsinə, kəndə içməli su xəttinin çəkilməsinə, əkin sahəsinə gedən yolun təmir edilməsinə, kəndin mərkəzində bankomatın quraşdırılmasına, uşaq bağçasının təmir edilməsinə, Vətən müharibəsi iştirakçısının işlə təmin olunmasına, çəltik sahəsinə suyun verilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

Sakinlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

İcra başçısı səmimi görüşə görə sakinlərə minnətdarlıq etmişdir. Kakalos kənd əhalisinin vətənpərvərliyindən, xalqımızın milli-mənəvi dəyərlərinə sadiqliyindən danışaraq, folklorumuzun öyrənilməsi, qorunması və təbliğində Kakalos kənd folklor evi nəzdində fəaliyyət göstərən “Əvəsor” folklor xalq kollektivinin əməyini yüksək qiymətləndirmişdir. Kollektivin rəhbəri “Fəxri Mədəniyyət İşçisi”, “Tərəqqi” medallı Fərbiyə Şabanovaya nəcib fəaliyyətində uğurlar arzulamışdır. Fərbiyə Şabanovanın şəxsi təşəbbüsü ilə Kakalos kənd folklor evi nəzdində yaradılan muzeyin Respublika miqyasında nadir kənd muzeylərindən biri olduğunu diqqətə çatdırmışdır.

Ölkədə və rayonumuzda aparılan quruculuq və abadlıq işləri barədə iştirakçıları məlumatlandıran icra başçısı, eyni zamanda Prezident möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil dövlətimizin haqq işinin müdafiəsi, maraqlarının qorunması istiqamətdə beynəlxalq aləmdə apardığı uzaqgörən siyasətindən danışmışdır.

44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən bəhs edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, yüksək siyasi və hərbi bacarığı, ordu-xalq-rəhbər birliyi, müharibənin qələbəmizlə başa çatmasında mühüm rol oynadı. Hazırda Azərbaycan dünyada qalib ölkə kimi tanınır və uğurlu tərəfdaş kimi qəbul edilir. Təəssüflər olsun ki, son illər qazandığımız yüksək nailiyyətləri həzm edə bilməyən erməni terrorçuları ilə fars-molla rejimi birləşərək təxribatlar törətməkdə, çirkin niyyətlərini həyata keçirmək üçün ən iyrənc yollara əl atmaqda davam edirlər. Ancaq mən əminliklə söyləyirəm ki, ölkəmizdə bərqərar olan əmin-amanlığı, xalqımızın birliyini heç bir qüvvə poza bilməz. Bunun üçün biz də həmişə olduğundan daha artıq ölkə rəhbəri ətrafında sıx birləşməli, müstəqil dövlətimizin maraqlarının qorunması, inkişafına töhfəmizi verməkdən ötrü bütün qüvvələrimizi səfərbər etməliyik.

Sonda icra başçısı sakinləri qarşıdan gələn bayramlar münasibətilə təbrik etmiş, xoş arzularını bildirmişdir.