Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev görülmüş işlərlə yerində tanış olmaq və qarşıda duran vəzifələri müəyyənləşdirməkdən ötrü Kijəbə qəsəbəsinin Ojakəran kəndində olmuşdur.

Sakinlərlə görüşən icra başçısı qeyd etmişdir ki, ərazidə son zamanlar xeyli iş görülmüşdür. Burzubənd kənd tam orta məktəbi və Ojakəran kənd həkim məntəqəsi üçün müasir tipli yeni binalar tikilmiş, Ojakəran-Tüləgüvan-Təngərüd avtomobil yolu, eyni zamanda məktəb yolu asfaltlaşdırılmış, qazlaşdırma aparılmış, elektrik təsərrüfatında cari təmir işləri görülmüş, bu istiqamətdə işlər davam etdirilir.

Hazırda respublikada və rayonda görülən əhəmiyyətli işləri sakinlərin nəzərinə çatdıran icra başçısı, bu il qəsəbədə də müəyyən işlərin görüləcəyini bildirmişdir. Deqədi-Səlivə kəndlərinə təbii qaz xəttinin çəkilişi başa çatmaq üzrədir. İş tamamlanandan sonra Ojakəran və Burzubənd kəndinə qaz xəttinin çəkilişinə başlanacaqdır. Bundan başqa uzun müddət bizi narahat edən əsas məsələlərdən biri qəsəbənin əsasən sitrusçuluqla məşğul olan kəndlərinin suvarma suyu ilə təmin edilməsidir. Gündən-günə artan təsərrüfatlar, xüsusən salınan sitrus bağları alternativ su mənbələri ilə suvarılsalar da, əhali bu işdə çətinliklərlə üzləşirdi. Məlumat üçün bildirim ki, bu kəndlərin suvarma suyuna olan ehtiyacını ödəmək üçün Lovayın su anbarından yeni suvarma xəttinin çəkilişi layihəsi artıq təsdiqini tapmış, yaxın vaxtlarda işin icrasına başlanılacaqdır.

Görülən işlərin Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin uğurlu nəticəsi olduğunu bildirən icra başçısı, bundan sonra da əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini əminliklə söyləmişdir.

Qəsəbə ərazisində olan torpaqların subtropik və sitrus bitkiçiliyi üçün olduqca əlverşli olduğunu vurğulayaraq boş qalan hər qarış torpağın əkilməsinin vacibliyini, bunun insanların ailə büdcəsinə böyük səmərə verəcəyini diqqətə çatdırmış, dövlət başçısı möhtərəm cənab İlham Əliyevin “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamını iştirakçıların nəzərinə çatdırmışdır. Dövlətin aqrar sahənin inkişafı ilə əlaqədar yaratdığı imkanlardan səmərəli istifadə edilməli, əkinə yararlı bütün torpaqların əkilməsi üçün qüvvələr səfərbərliyə alınmalıdır. Yeni məhsuldar sitrus bitki sortlarının yetişdirilməsinə diqqət artırılmalı, yüksək məhsuldarlıq əldə etmək üçün səmərəli vasitələrdən istifadə edilməlidir. Bu işdə tərəfimizdən mümkün olan bütün tədbirlər həyata keçirilməklə fərdi təsərrüfat sahibləri, sahibkarlar və iş adamlarına hərtərəfli köməklik göstəriləcəkdir.

Səmimi görüşə görə icra başçısına minnətdarlıq edən iştirakçılar əlavə elektrik transformatorunun qoyulmasına, yeni məhəllələrə qaz xəttinin çəkilməsinə, telefon xətlərinin təmirinə, kənd qəbristanlığına gedən yolun asfaltlaşdırılmasına, pay torpağına gedən yolun açılamsına, özünüməşğulluq layihəsi çərçivəsində mal qara verilməsinə və xəstə həyat yoldaşının əlillik pensiyasının bərpa edilməsinə köməklik göstərilməsini xahiş etmişlər. Vətən müharibəsi qazisi Şəhriyar Mərufov yaşadığı məhəlləyə gedən yolda olan körpünün yenidən qurulmasına ehtiyac olduğunu bildirmişdir.

İcra başçısı körpünün tez bir zamanda yenidən qurlacağını bildirmiş, görüş zamanı qaldırılan digər məsələrin həlli barədə müzakirələr aparılmış, müvafiq tapşırıqlar verilmişdir.

Qarşıdan gələn Növruz bayramı münasibətilə sakinləri təbrik edən icra başçısı onlara xoş arzularını bildirmişdir