Prezident İlham Əliyevin cari ilin 13 mart tarixində Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşünə dair

– Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi. Ölkə iqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindən biri idi;

– Azərbaycan beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrədir və yeni kreditlər götürməyi planlaşdırır. Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür, lakin biz hələ də əsasən neft və qazı ixrac edirik;

– Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub;

– Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və bir neçə başqa beynəlxalq maliyyə institutları ilə ilkin məsləhətləşmələr başlanıb. Lakin infrastruktur layihələri, yol tikintisi, dəmir yolu və sair üçün borc aldığımız əvvəlki illərdən fərqli olaraq, indi öz şirkətlərimizin və sənaye sektorumuzun imkanları artdığından, bizim artıq bunun üçün vəsaitə ehtiyacımız yoxdur;

– Texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracağıq. Qəbul edilmiş 2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacağıq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaq;

– Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır. Bir ildən az vaxt bundan əvvəl Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Nailiyyətlərimizin bu cür qiymətləndirilməsi böyük şərəfdir. Həqiqətən də real hədəf olan yerdə, biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik;

– Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda biz kəmər imkanlarımızı genişləndirməyi planlaşdırırıq. Biz xüsusilə 16 milyard kubmetr tutumu olan TANAP-ı 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ı isə 20 milyard kubmetrədək genişləndirməyi planlaşdırırıq. Bu, əsasən Avropadan tələbatın artması ilə əlaqədardır. 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini birləşdirən, 2021-ci il yanvarın 1-də istismara verilmiş kəmərin indi genişlənməyə ehtiyacı var;

– Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub. Biz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün hər şeyi edirik. Bizim qaz təchizatımızın artıq kifayət qədər şaxələndirilmiş coğrafiyası var;

– Enerji satışından əldə etdiyimiz vəsaiti nəqliyyat infrastrukturuna yönəltmək üçün çox gərgin işlər görülüb. Bizdə olan və faktiki surətdə infrastrukturumuzun tamamilə əhatə etdiyi proqnoza əsasən sözügedən hədəfə nail olmuşuq;

– Rusiya-Ukrayna müharibəsi nəticəsində Azərbaycanın nəqliyyat infrastrukturuna tələbat artır. Ötən il tranzit yüklərimizdə 75 faizdən çox artım olub və hətta bizim nisbətən yeni tikilmiş yükaşırma imkanı 15 milyon ton olan dəniz ticarət limanında müəyyən tıxac yaranıb;

– Əlavə maliyyə vəsaitləri ayrılır ki, dəniz limanımızın və dəmir yolu infrastrukturunun imkanlarının artırılması baş tutsun. Ümidvarıq, Almaniya şirkətləri bu sahədə bizim tərəfdaşlarımız olacaqlar;

– Təxminən 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur. Hazırda Livanın ərazisi qədər sahə tamamilə yerlə-yeksan edilib;

– “Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start verilib. Proqramı tərtib etmişik və ilk sınaq layihəsini artıq həyata keçirmişik. Müharibə bitdikdən sonra cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb. Planımızda yüz minlərlə keçmiş məcburi köçkünü öz yurd-yuvalarına qaytarmaqdır, çünki erməni işğalı nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür;

– Azərbaycan tamamilə yeni, müasir standartlar əsasında layihəni icra etməyi planlaşdırır. Qarabağ və Şərqi Zəngəzur bölgələrini artıq yaşıl enerji zonası elan etmişik. Orada yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Bu mənbələr nəinki həmin yerlərdə insanların və sənayenin tələbatını ödəyəcək, o cümlədən ölkənin qalan hissəsinə də xidmət edəcək;

– Bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır. Hazırda biz nəinki xarici sərmayədarları cəlb etməkdə davam edirik, o cümlədən həmin enerji həcmlərini ixrac etmək məqsədilə lazımi ötürmə imkanlarını da yaradırıq;

– 2009-cu ildə inşa edilmiş 525 meqavat gücündə olan “Sumqayıt” Elektrik Stansiyası müasir texnologiya əsasında tikilmiş Azərbaycanın ilk elektrik enerjisi stansiyası idi. Həmin vaxtdan etibarən elektrik enerjisi stansiyası tam gücü ilə işləyir;

– Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planları mövcuddur. Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur. Eyni zamanda, Naxçıvanda ənənəvi elektrik stansiyaları da çox münasibdir. Çünki Naxçıvanın böyük ixrac potensialı mövcuddur, onun Türkiyə və İranla sərhədi var. Hər iki ölkədə elektrik enerjisinə artan tələbat var;

– Azərbaycanın ixrac imkanları ötürülmə gücləri ilə məhdudlaşır. Gürcüstan və Türkiyə vasitəsilə maksimum 1000, yaxud 1500 meqavat ötürmə qabiliyyəti var. Hər iki ölkədə bu həcmlər tamamilə son həddədir. Buna görə ötürmə qabiliyyətinin artırılması üçün həmin iki ölkəyə əlavə sərmayələr yatırılmalıdır;

– Ötən ilin dekabrında Buxarestdə Azərbaycandan Avropaya yaşıl enerjinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabelin çəkilməsi məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında saziş imzalandı. Cari ilin fevralında bu layihənin idarəetmə komitəsinin ilk iclası həmin ölkələrin nazirlərinin və Avropa Komissiyasının enerji üzrə komissarının iştirakı ilə Bakıda keçirildi. Birinci görüşdə biz onun vahid layihə olacağı üzərində razılığa gəldik. O, Cənub Qaz Dəhlizindən fərqlənəcək, çünki orada Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP var. Bu, Xəzər dənizində külək enerjisi stansiyalarından başlayan və Avropa istehlakçılarına xidmət edən vahid layihə olacaqdır;

– BP Qarabağın azad olunmuş Cəbrayıl şəhərində 240 meqavat gücündə günəş enerji stansiyasının tikintisində birbaşa xarici sərmayədar olacaq. İstehsal olunacaq həmin enerji bizim enerji sistemimizə daxil ediləcək;

– SOCAR dənizdəki platformalarımıza elektrik kabellər çəkir ki, orada fəaliyyət üçün təbii qazdan istifadə olunmasın. Onlar yaşıl enerjidən istifadə edəcək və platformalarda əvvəlcə elektrik stansiyalarında istifadə olunan qaz sahilə nəql olunacaq və həmçinin Avropaya çatdırılacaq. Avropada artan tələbatı nəzərə alaraq, biz nəinki qazın hasilatını artırırıq, o cümlədən biz enerji səmərəliliyi sayəsində əlavə qazı toplayacağıq;

– “Uniper” ilə alış və satış müqaviləsi müddəti baxımından ən uzun müqavilələrdən biridir. Müqavilənin vaxtı 2045-ci ildə bitir. Sonra, ola bilsin, onun müddəti artırılacaq, çünki Avropaya təbii qazın çatdırılması ilə bağlı planlarımız həmin vaxtla məhdudlaşmayacaq;

– Azərbaycanda elektrik enerjisi ilə bağlı mövcud daxili qiymətlər xarici sərmayədarlar üçün sərfəlidir. Bu gün bizim icra olunan iki müqaviləmiz var. Onlardan biri “Masdar” ilə, digəri isə, “ACWA Power” ilə imzalanıb. Bunlar iki qlobal enerji şirkətləridir və onlar bərpaolunan enerjiyə böyük sərmayələr yatırırlar. Bu iki müqavilə icra olunmaqdadır. Ümumi həcmi 470 meqavatdır. Bundan əlavə bu yaxınlarda BP ilə təməlqoyma mərasimi olacaq. Bu, əlavə 240 meqavat təşkil edəcək. Beləliklə, üç əsas enerji şirkəti hesab edir ki, Azərbaycanda bərpaolunan enerji sahəsində qiymətlər, tənzimləyici qaydalar və biznes mühit münasibdir;

– Enerji potensialı. Layihələrin enerji potensialı 200 qiqavata yaxındır. Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən təsdiqlənmiş 157 qiqavat enerji dənizdədir, qalanı isə qurudadır;

– Azərbaycan həqiqətən də Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcək. Neft-qaz kəmərlərinin tikintisi üzrə uğurlu təcrübəmizi nəzərə alaraq, enerji təhlükəsizliyi üzrə Avropadan olan ölkələr və şirkətlərlə mövcud əməkdaşlığımız, Avropa Komissiyası tərəfindən bizim planların tamamilə dəstəklənməsi, bir ildən çox müddətdən əvvəl Avropa Komissiyası və bizim Energetika Nazirliyi arasında başlanılmış enerji dialoqu kimi bütün bu amillər həqiqətən onu nümayiş etdirir ki, Azərbaycandan olan yaşıl enerji tezliklə bu gün təbii qaz qədər əhəmiyyətə malik olacaqdır;

– Günəş və küləkdən enerjinin əldə edilməsi ilə bağlı potensialın xəritəsi var. Bununla məşğul olan hökumət orqanı Energetika Nazirliyidir və bu nazirliyin bir hissəsi olan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyidir;

– Təşəbbüskarı olduğumuz bütün layihələr artıq ya tamamlanıb, ya da şübhəsiz uğurlu olacaqdır. Transxəzər layihəsində biz tranzit ölkəsi hesab olunuruq və biz dəfələrlə açıq bəyan etmişik ki, biz Xəzərin o tayında dost və tərəfdaşlarımızın boru kəmərini inşa etməyi qərarlaşdırdığı təqdirdə onlar üçün zəruri tranziti təmin etməyə hazırıq;

– Xəzər dənizi ilə daşımalar üçün tələbat artır. Azərbaycanın hələ ki, Xəzər dənizində ən böyük ticarət donanması, 50-dən çox gəmisi var. Bakı gəmiqayırma zavodu isə ildə 6 gəmi istehsal edə bilər və bu da həmin neft həcmləri və Mərkəzi Asiyadan, yəqin ki, Çindən gözlədiyimiz quru yük üçün kifayət etmir;

– Keçmiş məcburi köçkünlərin tezliklə məskunlaşdırılması bizim üçün ən böyük çağırışlardan biridir. Bizim hesablamalarımıza əsasən, Ermənistan işğal dövründə bir milyondan çox mina basdırıb və 2020-ci ilin noyabrında müharibə bitəndən bəri demək olar ki, 300 azərbaycanlı mina səbəbindən ya həlak olmuş və ya ciddi xəsarət almışdır. Biz hətta indi havadan minanı aşkar edə bilən dronlardan istifadə edirik. Bir kvadratmetrin minalardan təmizlənməsi üçün Avropada olan qiymət bizim milli minatəmizləmə agentliyinin işi aparmağa hazır olduğu qiymətdən bir neçə dəfə çox idi. Əlavə olaraq bu yaxınlarda bir neçə Azərbaycan şirkəti də fəaliyyətə başladı. İndi onlar da mina təmizləmə işləri ilə məşğuldurlar və onların qiyməti məqbuldur;

– Rəqəmsal transformasiya bizim prioritetlərin bir hissəsidir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dəyişilməsi də təsadüfi deyil. Bu, sadəcə, adın dəyişilməsi deyildi, bu, yanaşmanın dəyişməsi idi. Biz regionumuzda rəqəmsal transformasiya ilə bağlı ön sırada olanlardan biri olmağı planlaşdırırıq. Bu, böyük potensialı olan sahələrdə müasir texnologiyaları cəlb etmək və tətbiq etmək üçün bizim hökumətin ümumi strategiyasıdır;

– Suyun paylanması ilə bağlı görülməli çox iş olacaq. Hazırda biz su təchizatı və sanitariya şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyduğumuz bir çox şəhərdə layihələr həyata keçiririk. Hədəfimiz bütün ölkə ərazisində içməli su təchizatının 100 faiz təmin edilməsidir. Bizim, həmçinin su ehtiyatlarının idarə olunması sahəsində bəzi struktur islahatlarının həyata keçirilməsi ilə bağlı planlarımız var. Hazırda hökumət müxtəlif variantları və xüsusilə indi suyun ildən-ilə azaldığını gördüyümüz bir vaxtda, suyun paylaşdırılması ilə bağlı müasir texnologiyaların tətbiqini dəyərləndirir;

– Bakıda metronun inkişafı ilə bağlı böyük planlar var. Biz keçmiş Sovet İttifaqının metro tikən az sayda ölkələrindən biriyik, çünki Sovet İttifaqı dağılandan sonra onların çoxu bunu dayandırdı. Bizim strategiyamız var və həmçinin hazırda ictimai nəqliyyatımızın metro ilə inteqrasiyası üzərində işləyirik və bunun üçün vahid sistem tətbiq etmək üzrəyik;

– Mərkəzi Asiya ölkələri ilə iş birliyi artır. Hazırda Azərbaycan məhdud imkanları olan Bakı-Tbilisi-Qars dəmir yolunun, onun Gürcüstan hissəsinin genişlənməsinə investisiya yatırır. Ola bilsin ki, gələn il bu investisiya layihəsi tamamlanacaq. O, bir milyon tondan beş milyon tonadək genişləndiriləcək. Azərbaycanın əlavə investisiyaları 120 milyon ABŞ dollarından çox olacaq və biz onu gələn il tamamlayacağıq. Başqa dar keçidlər də var, onlardan biri bizim Dəniz Ticarət Limanı ola bilər. Hazırda biz onun 15 milyon tondan 25 milyon tona və 1 milyon TEU-dək genişlənməsinin texniki əsaslandırmasının tamamlanması prosesindəyik;

– Nəqliyyat infrastrukturunun və gömrük idarəçiliyinin inteqrasiyası üzərində işlər aparılır. Bizim müzakirə edəcəyimiz məsələlərdən biri Ümumdünya Gömrük Təşkilatının Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə arasında koordinasiyaya, bu marşrutun inteqrasiyasına necə kömək edəcəyi olacaq;

– Şərq-Qərb dəmir yolu əsas etibarilə tamamlanıb, lakin Şimal-Cənubda qatarların sürəti çox aşağıdır. Hazırda biz Bakıdan Rusiya sərhədinə dəmir yolunun yenidən qurulmasına investisiya yatırırıq. Şimal-Cənub nəqliyyat dəhlizində yüklərin potensial həcmi 15 milyon tondan 30 milyon tona qədər olacaq. Bu, Azərbaycandan tranzit ölkə kimi istifadə etməyi planlaşdıranlardan aldığımız son məlumatdır;

– Xəzər dənizindən keçəcək bağlantı reallaşacağı təqdirdə Qara dənizin sahilində limanların texniki imkanları genişlənməli olacaq. Qara dənizdə bizim Xəzər Dəniz Gəmiçiliyi – ASCO-ya məxsus gəmilər üzür və şirkətin əlavə gəmilər almaq planları var. Onlar həm Xəzər dənizində, həm də Qara dənizdə fəaliyyət göstərir, ancaq Qara dənizdəki fəaliyyətləri nisbətən məhduddur;

– Azərbaycan kartof ilə artıq tam özünü təmin edir. Bəzi illərdə biz hətta kartofu ixrac etmişik. Ancaq məhsuldarlıq artırılmalıdır. Azərbaycanın bəzi bölgələrində isə kartof istehsalı olduqca yüksək səviyyədədir. İndi isə işğaldan azad olunmuş Qarabağın və Şərqi Zəngəzurun böyük kənd təsərrüfatı potensialı var;

– Qarabağda iki sənaye zonası mövcuddur – Ağdam və Cəbrayılda. Orada artıq müəyyən avadanlığın istehsalı ilə bağlı tikinti işləri gedir. Bu, hər baxımdan əlverişlidir, çünki “Claas” şirkətinin traktor və kombaynları Azərbaycanda çox populyardır. Burada potensial böyükdür, çünki həmin bölgələrdə geniş kənd təsərrüfatı fəaliyyəti olacaq;

– Su anbarlarında sayğacların olmaması və fermerlər arasında su bölgüsünün ədalətsiz olması kimi problemlər uzun müddət yaşanırdı. Bu sahədə keyfiyyətsiz idarəçilik və pozuntular var idi. İndi isə biz bu işlə məşğul olan xüsusi hökumət komissiyası yaratmışıq. Anbarların monitorinqi gündəlik həyata keçirilir. Sudan istifadədə müasir texnologiya tətbiq etməliyik, çünki dediyim kimi, son 5-6 ildir ki, bizdə quraqlıq müşahidə edilir;

– Ərzaq təhlükəsizliyi çox vacib məsələdir. Biz tələbatımızı tam şəkildə təmin edə bilməsək də çalışmalıyıq ki, əsas tələbatımızı təmin edək. Taxıl istehsalına gəldikdə, biz 100 faiz təminat kimi hədəf qoymuruq. Çünki bu, böyük torpaq sahələri tələb edəcək. Bu torpaqlar daha səmərəli şəkildə digər məhsullar üçün istifadə oluna bilər;

– Azərbaycan qanuna tabe ölkədir. Bizim başağrısına və çirkli pullara ehtiyacımız yoxdur. Əldə etdiyimiz vəsait özümüzə kifayətdir və biz maliyyə bazarlarında da müsbət imicimizi qoruyuruq;

– Ölkəmizin bank sektorunda olduqca ciddi problemlər var idi. Onlardan biri Azərbaycan Beynəlxalq Bankı ilə bağlı idi. Bu, məqsədyönlü təxribat idi və sadəcə, dövlət vəsaitinin oğurlanması deyildi. Bu, Azərbaycanın maliyyə sisteminin dağıdılması cəhdi idi;

– Azərbaycanda hər beş ildən bir Regional İnkişaf Proqramları qəbul olunur. Birinci belə proqram 2004-cü ildə qəbul edilib. Hazırda biz 4-cü proqramın yekunlaşdırılması prosesindəyik. Bütün bu proqramlar məlumdur və mətbuatda dərc edilib. Bu proqramlar konkretdir və beş il ərzində Azərbaycanda həyata keçiriləcək layihələri əks etdirir;

– 2030-cu ilə qədər 42-50 milyard ABŞ dolları investisiya həcmində milli inkişaf strategiyası təsdiqlənib. Bu investisiyaların əksəriyyəti dövlət tərəfindən maliyyələşəcək. Lakin, eyni zamanda, özəl-dövlət tərəfdaşlığı layihələri də olacaq;

– Təhsil perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Xüsusilə peşə təlimi sahəsində, kənd təsərrüfatı və sairədə buna böyük tələbat var. Təhsil sahəsində əməkdaşlıqla bağlı xüsusi istiqamətə ehtiyacımız olacaq.

Prezident İlham Əliyevin cari ilin 14 mart tarixində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında çıxışı ilə əlaqədar

– Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Siyasi dialoq müntəzəm olaraq aparılır və cari səfər ikitərəfli münasibətlərimizə çox böyük töhfə verəcəkdir;

– Avropa İttifaqı-Azərbaycan əlaqələri. Bu istiqamətdə çox önəmli addımlar atılır. Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu bizim niyyətimizi göstərir. Memorandumun icrası və sürətlə icrası, vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır;

– Azərbaycan Avropa məkanına qaz ixracatını artırır. 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac edilibsə, bu il bu rəqəm təqribən, 12 milyard kubmetrə çatacaq. Gələcək illərdə ölkəmiz ixrac coğrafiyasını Avropada genişləndirmək niyyətindədir;

– Almaniya biznesi tərəfindən Azərbaycana və Azərbaycan iqtisadiyyatına böyük diqqət ayrılır. Bərpaolunan enerji növlərinin birgə işlənməsi və istismarı istiqamətində çox gözəl imkanlar var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir və artıq bir neçə kontrakt imzalanıb. Gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəkdir;

– Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qalmışdır. Bu işğal və etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizə yaxını işğal altına düşdü və bir milyon azərbaycanlı Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulmuşdur və qaçqın-köçkün vəziyyətinə düşmüşdür;

– İki il yarım bundan əvvəl Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü döyüş meydanında bərpa etdi. 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı olmuşdur;

– Vaxtilə Qarabağı Ermənistan kimi tanıyan Ermənistan rəhbərliyi sülh şansını itirmişdir. 2019-cu ildə Ermənistanın bugünkü baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi. 44 günlük Vətən müharibəsi zamanı biz sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Bu nida işarəsi 2020-ci il noyabrın 8-də Şuşada qoyuldu;

– Sülhün zamanı çatıbdır. Azərbaycan Ermənistana 5 prinsip əsasında sülh müqaviləsini təklif edib. Ermənistan bu şansı qaçırmamalıdır. Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlamalıdır;

– Azərbaycan Avropa məkanına təbii qazı iki ildən bir qədər çox zaman kəsiyində ixrac edir və ildən-ilə bu rəqəmlər artır. Rusiya-Ukrayna müharibəsindən sonra bizə Avropanın 10 ölkəsindən qaz ixracatı ilə əlaqədar sifarişlər gəlib;

– Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən 2027-ci ilə qədər Avropa məkanına 20 milyard kubmetr təbii qazın çatdırılması planlaşdırılır. Ölkəmizin qaz ixracatı təkcə Avropa məkanı ilə məhdudlaşmır. Biz, eyni zamanda, Türkiyəyə və Gürcüstana da qaz ixrac edirik. Ona görə gələcəkdə qazın ixracatını Avropa məkanına çatdırmaq üçün yeni kontraktlar imzalanmalıdır;

– Hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılır. Bu ildən qazın Rumıniyaya da çatdırılmasına başlanılmışdır. Cari ilin sonunda Macarıstana ilk qaz təchizatını həyata keçirmək fikrindəyik. Hazırda Albaniya hökuməti ilə Albaniyanın qaz təchizat şəbəkəsinin yaradılması və gələcəkdə Albaniyaya da qaz ixracatını təmin etmək üçün danışıqlar aparılır;

– Bizə qaz sifarişini edən ölkələr sırasında, eyni zamanda, Çex Respublikası, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya və digər ölkələr var. Avropada yaranmaqda olan interkonnektorlar da çox mühüm rol oynayır. Nə qədər çox interkonnektor olarsa, bir o qədər də bizim Avropa məkanında qaz ixracat coğrafiyası genişləndirilə bilər;

– Uzunmüddətli kontraktlar imzalanmalıdır. Avropada yaşıl keçidə meyillər çox yüksəkdir və bu səbəbindən Azərbaycan uzunmüddətli kontraktlarda maraqlıdır.

Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun mətbuat konfransında söylədiyi fikirlər:

– “Prezident İlham Əliyev verdiyi məlumat ürəkaçan məlumatdır və Azərbaycanın Avropaya ixrac edəcəyi qazın miqdarı təbii ki, bizim gələcəyimiz üçün vacibdir və maraqlarımız eynidir”;

– “Enerji sahəsində həm orta, həm də uzunmüddətli əməkdaşlıq mümkündür. Təbii ki, biz tullantılardan azad enerjidə maraqlıyıq və bu sahədə bunu birgə təmin edə bilərik”;

– “Almaniya beynəlxalq səviyyədə öz fikrini bildirib və Dağlıq Qarabağı respublika kimi tanımamışdır. Yəni, bununla da öz mövqeyini bildirmişdir”;

– “Biz öz mövqeyimizi aydın şəkildə bildirdik. Biz həmçinin Dağlıq Qarabağı respublika kimi qəbul etmədik, Dağlıq Qarabağı da tanımadıq.”