Müraciətlərinin operativ həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstərişi əsasında vətəndaşlarla keçirilən səyyar qəbul-görüşlər müntəzəm xarakter almışdır. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev növbəti səyyar qəbulunu rayonun idarə və müəssisə rəhbərlərinin iştirakı ilə Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Vaqo kəndində keçirmişdir.

İcra başçısı iştirakçıları salamlayaraq kənddə dəfələrlə görüşlər keçirdiyini, qaldırılan problemlərin əksəriyyətinin həllinə birgə nail olunduğunu bildirmişdir. Mövsümi yağışlar yağan zaman daşaraq təsərrüfatlara ziyan vuran Pensərçayda sahilbərkitmə və məcratəmizləmə işləri aparılmış, nümayəndəliyə əlavə telefon nömrələri verilmiş və digər işlər görülmüşdür. Ümumiyyətlə, nümayəndəliyə daxil olan kəndlərdə bütün məktəblər yeni tikilmiş, yollar asfaltlaşdırılmış, əksər kəndlər qazlaşdırılmışdır. Sosial layihələrin icrası bundan sonra da davam edəcəkdir. Bütün bu işlər cənab Prezidentin Sərəncamları ilə ayrılan vəsait hesabına, onun tapşırığı, diqqət və qayğısı ilə görülmüşdür. Buna baxmayaraq problemlər də var. Bunlar əsasən yeni salınmış məhəllələrin qazlaşdırılması və elektrik xətt təsərrüfatının yenilənməsidir. Bunlar da tədricən həllini tapacaqdır.

Sakinlər Respublikada, o cümlədən, rayonumuzda həyata keçirilən sosial layihələrə, geniş vüsət alan quruculuq-abadlıq işlərinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, əhali ilə görüşlərdə qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısından razılıq etmişlər. Görüş iştirakçıları elektrik təsərrüfatının yenidən qurulmasına, yeni tikilmiş evlərə qaz xəttinin çəkilməsinə, məhəllə yolunun təmir edilməsinə, kəndə internet şəbəkəsinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı səmimi görüşə görə əhaliyə minnətdarlıq etmiş, söylənən təkliflərə münasibət bildirərək icrası ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət barədə görüş iştirakçılarını məlumatlandırmış, hazırda dünyada baş verən qlobal proseslər fonunda ölkəmizin beynəlxalq aləmdə maraqlarının qorunması, əmin-amanlığın təmin edilməsi istiqamətində cənab Prezidentin gərgin fəaliyyəti barədə danışmışdır. Vətən müharibəsi qələbəsindən sonra işğaldan azad edilən torpaqlarda aparılan sürətli quruculuq-bərpa işləri barədə məlumat verərək vəhşi düşmənin taladığı şəhər, qəsəbə və kəndlərin tədricən ən modern şəkildə tamamilə yenidən qurulduğunu bildirmişdir. Soydaşlarımızın kənd-kənd abadlaşan yurd yerlərinə qayıdışının nə qədər qürurverici olduğunu qeyd edərək, bu sevinci xalqımıza yaşadan Müzəffər Ali Baş Komandana və qəhrəman əsgərlərimizə minnətdarlıq etmişdir. Qeyd etmişdir ki, Ağalı kəndindən sonra bu günlərdə daha bir kəndə, Talış kəndinə ailələrin köçürülməsi bayram ərəfəsində kəndin doğma sakinlərinə və xalqımıza ən böyük müjdədir. Ölkə başçısının rəhbərliyi ilə yaxın zamanda digər yaşayış məntəqələrimizdə də infrastruktur bərpa edildikcə soydaşlarımız yurd-yuvalarına qayıdacaqdır.

İcra başçısı sakinləri Novruz bayramı münasibətilə təbrik etmiş, xoş arzularını bildirmişdir.