29 mart  2023-cü il tarixdə  Astara  Sərhəd  Komendantlığında Dövlət Sərhəd Xidməti, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq  Lənkəran Sərhəd  Dəstəsi, Rayon  Təhsil  Sektoru və Rayon  Gənclər  və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Sərhəd ” hərbi idman oyunun  rayon  turu  keçirilmişdir.

     Tədbiri giriş  sözü ilə Lənkəran Sərhəd Dəstəsinin Şəxsi heyət üzrə şöbənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik Mehman Şükürov açıq elan etmişdir. Sonra  tədbir iştirakçıları  Azərbaycan  Respublikasının Dövlət Himnini oxumuşlar.

     Yarışda 7 komanda-35 nəfər  məktəbli, 5 nümayəndə və  5 nəfər  hakimlər  heyəti  iştirak etmişdir.

     Yarışda  “Sıra hazırlığı”, “Avtomatın sökülməsi və yığılması”, “Süni nəzarət iz zolağının yaradılması”, “Kəndirin dartılması”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, ”Maskalanma”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyyəsi” mərhələləri üzrə  komandalar  mübarizə  aparmışlar.

     I yerə şəhər  3 saylı, II yerə  şəhər 4 saylı,  III yerə şəhər 2 saylı tam orta məktəbin komandaları  layiq görülmüşlər.

     Fəxri yerləri qazanan və mərhələlərdə fərqlənən  komandalara Lənkəran Sərhəd Dəstəsinin, rayon Təhsil Sektorunun, rayon Gənclər və İdman İdarəsinin  diplomları  təqdim olunmuşdur.

    Astara rayon turunun  qalibi-Astara şəhər 3 saylı tam orta məktəbin  komandası  2023-cü  ilin aprel ayında  Lənkəran şəhərində keçiriləcək respublika  zona  turunda Astara rayonunu  təmsil  edəcəkdir.