Azərbaycan İlahiyyət İnstitunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov institutun fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyətin məlumatlandırılması, eyni zamanda 2023-2024-cü tədris ili üzrə ali təhsil müəssisəsinə intellektli, savadlı gənclərin cəlb edilməsi məqsədilə orta məktəblərin yuxarı sinif şagirdləri ilə görüşmüşdür. Görüşdə Azərbaycan İlahiyyat İnstitunun rektor köməkçisi Emin Orucov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran üzrə nümayəndəsi Qağayi Məmmədov, Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mərasim Hacıyev və Lənkəran-Astara Təhsil İdarəsinin Astara rayon Təhsil sektoru üzrə böyük məsləhətçisi Elçin Mirzəzadə iştirak etmişdir.

Mərasim Hacıyev tədbiri açaraq qonaqları rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin adından salamlamışdır. Multikultural dəyərlərin, tolerantlığın yüksək səviyyədə inkişaf etdiyi Azərbaycanda xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasının vacibliyini qeyd etmişdir. Bildirmişdir ki, yetişməkdə olan gənc nəslin intellektual, savadlı böyüməsi, xalqımızın qədim tarixi, dini dəyərləri barədə məlumatlı olması vacibdir. Bunun üçün ən nümunəvi ali təhsil müəssisələrindən biri də Azərbaycan İlahiyyat İnstitutudur. İnstitutun rektoru Aqil Şirinov və başqaları bu barədə sizə geniş məlumat verəcəklər.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq yaradılan şəraiti görə rayon rəhbərliyinə təşəkkürünü bildirdi. Rektor çıxışına belə bir sualla başladı: “Niyə dini təhsil lazımdır?” Əvvəla insan elə bir varlıqdır ki, daim məna axtarışındadır, onun mənəvi ehtiyacları var. Bunun mərkəzində din dayanır. Dini ehtiyacın ödənilməsində düz və səhv yol vardır. Səhv yol insanları fəlakətə sürükləyir, nəticədə cəmiyyət də bundan zərər çəkir. Düz yol isə bizə fayda verən, insanlığı təbliğ edən ən başlıca istiqamətdir. Səhv yolun nümunəsi kimi bir sıra terror təşkilatlarının adlarını qeyd etmək olar. Dini təhsilin düz yolunu dövlətin mənafeyini rəhbər tutaraq həyata keçirtmək bizim məqsədimizdir.

Rektor, institutda təhsilin pulsuz olması, ərəb, ingilis, rus və digər xarici dillərin tədrisi, xarici ölkələrin universitetləri ilə müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi barədə məlumat vermişdir.

Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun rektor köməkçisi Emin Orucov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov, Lənkəran-Astara Təhsil İdarəsinin Astara rayon Təhsil sektoru üzrə böyük məsləhətçisi Elçin Mirzəzadə çıxış etmiş, şagirdlərin sualları cavablandırılmışdır.