25-28 aprel 2023-cü il tarixlərdə Astara Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Boks Federasiyasının birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq, eləcə də Astara Rayon İcra Hakimiyyətinin, Astara Rayon Gənclər və İdman İdarəsinin, Astara Olimpiya İdman Kompleksinin təşkilati dəstəyi ilə 2009-2010-ci il təvəllüdlü yeniyetmə kadetlər arasında Boks üzrə respublika zona birinciliyi keçirilmişdir.

Tədbirin açılşında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilmiş və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Yarışda iştirak edən komandalar, hakimlər və nümayəndələr idman paradından keçmişlər.

Tədbirdə çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov, Azərbaycan Boks Federasiyasının idarə heyyətinin üzvü Rövşən Hüseynov, Azərbaycan Boks Federasiyasının Hakimlər Kollegiyasının sədri Emil Qurbanəliyev və yarışların baş katibi Anar Nağdəliyev çıxış etmişlər.

Çıxış edənlər yarış barədə geniş məlumat  vermiş, gənc nəslin vətənpərvərlik tərbiyəsi, fiziki hazırlığı sahəsində idmanın müxtəlif növləri üzrə yarışlarının keçirilməsinin əhəmiyyəti qeyd olunmuşdur. Əlaqadar təşkilatlara tədbirin həyata keçirilməsində göstərdikləri dəstəyə görə minnətdarlıq bildirilmişdir. Müxtəlif idman növləri üzrə respublikada təlim məşqlərin müntəzəm olaraq keçirildiyini, idmançıların beynəlxalq yarışlarda yüksək nəticələrə nail olduqlarını qeyd etmişlər. Bildirilmişlər ki, yarışın məqsədi kadetlər arasında sağlam həyat tərzinin təbliği, idmançıların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi, boks idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, perspektivli idmançıların müəyyənləşdirilməsi və asudə vaxtın səmərəli təşkilidir..

Yarışda cənub zonası üzrə birincilikdə 12 rayon və şəhəri- Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, İmişli və Beyləqan komandaları qatılıblar. 100-ə qədər boksçu Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun olaraq 17 çəkidə- 36-38, 38-40, 40-42, 42-44, 44-46, 46-48, 48-50, 50-52, 52-54, 54-57, 57-60, 60-63, 63-66, 66-70, 75-80, 80-90 kq dərəcələri üzrə fəxri yerlər uğrunda mübarizə aparmışlar.

Qeyd edək ki, zona birincilikləri 6 regionda keçiriləcək. Növbəti yarışlar Şimal, Qərb rayonları, Bakı, Sumqayıt və Naxçıvan zonaları üzrə olacaq. Paytaxt birinciliyində hər çəki dərəcəsində ən güclü 4, Cənub, Şimal, Qərb zonalarında 3, Sumqayıt birinciliyində 2, Naxçıvan zonasında 1 boksçu Azərbaycan birinciliyinə vəsiqə qazanacaqlar.

Respublika zona yarışında müxtəlif çəki dərəcələrində I, II və III yerləri qazanan idmançılar respublikada final mərhələsində mübarizə aparmaq hüququ qazanmışlar.

Astara rayonu üzrə idmançılardan 2 nəfər I yeri və 1 nəfər III yeri qazanaraq  respublika birinciliyinin final mərhələsinə mübarizə aparmaq hüququ qazanmışdır.

İdmançılara növbəti mərhələdə uğurlar arzulayırıq.