Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin Astara şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan yubiley tədbirində rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev geniş məruzə ilə çıxış etmişdir.
İcra başçısı Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, o cümlədən, müxtəlif tarixi dönəmlərdə Azərbaycana rəhbərliyi, xilaskarlıq missiyasını yerinə yetirməklə yenicə elan etdiyi müstəqilliyini itirməkdə olan ölkəni fəlakətdən qurtarması barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, Azərbaycanımızın inkişaf strategiyasını müəyyənləşdirən, ömrünü ölkəsinə və xalqına həsr edən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi həmişə uca tutulur və minnətdarlıqla anılır. Qurucusu və memarı olduğu müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.
Azərbaycan xalqı və dövləti Ulu Öndərin siyasi kursunun layiqli davamçısı cənab Prezidentin rəhbərliyi ilə sürətli inkişaf dövrünü yaşayır. Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” məşhur deyimini fəaliyyətində əsas tutan, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Prezident İlham Əliyev mükəmməl diplomatik fəaliyyəti ilə Azərbaycanımızı həqiqətən iqtisadiyyatı güclü olan dövlətə çevirməyi bacarmışdır. Bugün tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə cənab İlham Əliyev bütün sahələrdə Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirir.
Gündən-günə inkişaf edən, çiçəklənən, abad, yaraşıqlı bir diyara çevrilən Azərbaycanın bütün bölgələri kimi Astara rayonu da özünün ən parlaq dövrünü yaşayır. Aparılan tikinti, quruculuq işləri, bütün yaşayış məntəqələrini əhatə edən asfalt yollar, inşa edilən Park-bulvar kompleksi və digər müasir istirahət məkanları, yaradılan turizm infrastrukturları, həyata keçirilən digər layihələr Ulu Öndərin Azərbaycanın Cənub qapısı adlandırdığı Astaraya xüsusi yaraşıq verir. Bu gözəlliyi seyr etdikcə Ümummilli Liderimiz Heydər Əliyevin şah əsəri olan müstəqil, qüdrətli Azərbaycanımızın bugünkü yüksək inkişafından sevinir, qürurlanır, iftixar hissi keçiririk.
Ulu Öndəri böyük məhəbbətlə sevən, xatirəsini həmişə ehtiramla yad edən, Qalib Ali Baş Komandanın ətrafında sıx birləşən astaralılar bundan sonra da Heydər Əliyev ideyalarının həyata keçirilməsi və Azərbaycanın daha da qüdrətlənməsi naminə cənab Prezidentin gördüyü möhtəşəm işlərə öz layiqli töhfələrini verəcəklər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu və fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.
Tədbirin davamı olaraq Astara şəhəri Park-bulvar kompleksində bayram konserti keçiriləcəkdir. Tədbir səmaya 100 ədəd “Dilək şarları” buraxılması və atəşfəşanlıqla başa çatacaqdır .