Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Şuvi kəndində keçirdiyi səyyar qəbul-görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

İcra başçısı görüş iştirakçılarını salamlayaraq bildirmişdir ki, dəfələrlə sizinlə nümayəndəliyin bu və digər kəndlərində görüşlərimiz olmuşdur. Bu gün də ənənəvi görüşlərdən biridir. Həmişə tərəfinizdən qaldırılan problemlərin həlli üçün birgə çalışmışıq. Bunun müsbət nəticələri göz qabağındadır. Ərçivan-Şuvi-Siyətük-Alaşa-Qapıçıməhəllə dairəvi avtomobil yolu təmir olunmuş, Deqadi kənd ümumi orta məktəbi üçün əlavə korpus tikilmiş, qəzalı vəziyyətdə olan elektrik dirəklərindən xeyli hissəsi dəyişdirilmişdir. Deqadi və Səlivə kəndlərinə qaz xətti çəkilməklə ən mühüm problem həllini tapmışdır. Çünki bu kəndlərin əhalisi heç vaxt təbii qazdan istifadə etməyiblər.

İnzibati ərazi dairəsi üzrə nümayəndə Əbülfət Qüdrətov ötən müddət ərzində ərazidə görülən işlər barədə geniş məlumat verərək səyyar qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əksəriyyətinin həllini tapdığını bildirmişdir. Şuvi, Deqadi, Siyətük məktəbləri üçün yeni binaların tikildiyini, elektrik xətt təsərrüfatında təmir işləri aparılaraq yeni transformatorların quraşdırıldığını, Şuvi kənd tam orta məktəbinə direktor, məscidə İmam, kənd həkim məntəqəsinə pediatr təyin edildiyini, yollarda təmir işlərinin aparıldığını diqqətə çatdırmışdır.

Sakinlər çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində qazanılan uğurlardan sevindiklərini bildirmiş, vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə, ölkədə və rayonda aparılan çoxsaylı quruculuq-abadlıq işlərinə görə minnətdarlıqlarını bildirmişlər. Sakinlər həmçinin Şuvi kənd uşaq bağçası üçün yeni binanın tikintisinə, Şuvi-Deqadi kanalüstü yolun və məscid yolunun təmirinə, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə, Vətən müharibəsi iştirakçısının evinə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı səmimi və işgüzar görüşə görə kənd sakinlərinə minnətdarlıq etmiş, qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Qeyd etmişdir ki, görüləsi işlərdən ən vacibi qəzalı vəziyyətdə olan uşaq bağçası üçün yeni binanın tikintisidir. Bildiyiniz kimi Yaponiyanın ölkəmizdəki səfirliyi rayonumuzda müəyyən sosial layihələr həyata keçirir. Keçən il inşa etdikləri Deqadi kənd məktəbi üçün əlavə korpusun açılışında cənab səfirin Şuvi kəndində uşaq bağçasının tikintisinə köməklik göstərmələrini xahiş etdim. Bu məqsədlə onların nümayəndələri kənddə olmuş, binanın layihələndirmə işlərini aparmışlar. Güman edirəm ki, il ərzində bu məsələ həllini tapacaq.

Şuvi-Deqadi kanalüstü yolun təmiri ilə bağlı həmin ərazidə fəaliyyət göstərən aqrar təsərrüfatın rəhbərliyi ilə söhbət aparmışıq. Onların da istifadə etdiyi bu yolun təmiri üçün tədbirlər görüləcəkdir. Kəndin insanları zəhmətkeş, gəncləri vətənpərvərdirlər. Ərazidə salınan aqrar təsərrüfatlar əhalinin məşğulluğuna böyük köməkdir. Gələcəkdə bu təsərrüfatlar böyüdükcə daha çox işçi qüvvəsinə ehtiyac olacaqdır.

İcra başçısı bildirmişdir ki, Ulu Öndərin bizə əmanəti olan müstəqil Azərbaycanımız günü-gündən inkişaf edir, güclənir. İşğaldan azad edilən ərazilərimiz başda olmaqla, ölkəmizin hər yerində tikinti-quruculuq işləri geniş vüsət alıb. Bunu rayonumuzun timsalında da görə bilirik. Bu inkişafı əngəlləmək istəyən xarici qüvvələr, əsasən ermənilərlə fars-molla rejiminin təxribatlarına birlikdə müqavimət göstərməyə həmişə hazır olmalıyıq. İmkan verməməliyik ki, molla rejimi gənclərimizin beynini müxtəlif yanlış fikirlərlə zəhərləyərək öz məqsədlərinə xidmət etməyə vadar etsin. Ziyalılarımızın, ağsaqqallarımızın göstərdiyi doğru yolla gedən gənclərimiz həmişə Vətənə sədaqətli olmuşlar. Mən inanıram ki, bundan sonra bu birlik daha da möhkəmlənəcək və düşmən qüvvələrə ölkəmizdə çirkin niyyətlərini həyata keçirməyə imkan verməyəcəklər. Hər birinizə bu yolda uğurlar arzulayıram.