Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Budo döyüş növləri üzrə açıq Beynəlxalq çempionatda qalib gəlmiş astaralı idmançıları qəbul etmişdir.
Görüşdə Savat Federasiyasının nəzdində fəaliyyət göstərən “Astara Aslan” Əlbəyaxa Döyüş İdman Klubunun direktoru, III Dan Qara kəmər ustası Zamin Baxşıyev məlumat vermişdir ki, 25-29 may 2023-cü il tarixlərdə Dünya Budo Döyüş Növləri Federasiyasının Bakı şəhərində keçirilən Budo döyüş növləri üzrə açıq Beynəlxalq çempionatında Astara rayon komandası iştirak etmiş və fəxri yerlər qazanmışdır.
Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, İraq, Tacikistan, Qırğızıstan, Türkmənistandan 300-dək idmançıların mübarizə apardığı açıq Beynəlxalq çempionatda astaralı idmançılar 4 qızıl və 3 gümüş medal qazanmışlar.
Free kontakt versiyası üzrə Səbinə Səmədzadə ( 40 kq, 2010), Mirzə Əliyev (50 kq, 2008), Ümüd Zeynallı (50 kq, 2009), Orxan Mirzəyev ( 60 kq, 2008) I yeri, Sərdar Həmidzadə ( 30 kq, 2009 ), Hasil Yusifli ( 30 kq, 2011) və Mərufzadə Şəhriyar (25 kq, 2010) II yeri qazanmışlar.
Yarışda Dünya Budo Döyüş Növləri Federasiyasının prezidenti Eyub Zafer Gökbilen, Dünya Budo Döyüş Növləri Federasiyasının I vitse-prezidenti Faiq Rəfiyev iştirak etmişdir.
Qalib idmançılar yarış təəssüratlarından danışmış, səmimi qəbula və dəstəyə görə icra başçısına minnətdarlıq etmişlər.
İcra başçısı idmançıları beynəlxalq yarışda qazandıqları qələbə münasibətilə təbrik edərək xoş arzularını bildirmiş, hədiyyələrlə mükafatlandırmışdır.
Qeyd etmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında gündən-günə çiçəklənən Azərbaycan indi dünyada həm də bir idman ölkəsi kimi tanınır. Ölkəmizdə müxtəlif idman növləri üzrə beynəlxalq turnirlərin keçirilməsi ənənəvi hal almışdır. Mayın 29-da Bakıda dahi bir mötəbər idman yarışı – taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi olmuşdur.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən, 145 ölkədən 949 idmançının qatıldığı çempionatın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak etmişlər.
Bir neçə gün öncə daha bir beynəlxalq turnirin – Azərbaycanda ilk dəfə olaraq 3×3 Dünya Qadın Seriyası oyunlarının rayonumuzda keçirildiyinin də şahidi olduq. Belə böyük idman yarışlarının paytaxtla yanaşı rayonlarda yüksək səviyyədə təşkil edilməsi bizi sevindirir, idmançılarımızı yeni qələbələrə ruhlandırır.
Ölkədə idmana və idmançılara göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, gənclərimiz müxtəlif idman növlərində beynəlxalq yarışlarda uğurla çıxış edərək qürur mənbəyimiz olan Şanlı Bayrağımızı yüksəklərə qaldırırlar. Əminəm ki, siz də bu ənənəni davam etdirərək daha böyük qələbələr qazanacaqsınız. Bu yolda hər birinizə uğurlar arzulayıram.