Ailə, Qadın və Uşaq Promlemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 16 iyun 2023-cü il tarixində Astara rayonu Heydər Əliyev Mərkəzində Lənkəran şəhər, Lerik, Yardımlı, Biləsuvar və Cəlilabad Rayon İcra Hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri üçün təlim keçirilmişdir.
Astara rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupununun rəhbəri Firəngiz Sadıxova tədbir iştirakçılarını salamlayaraq, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandırdı.
Daha sonra çıxış edən Komitənin sədr müavini Sədaqət Qəhrəmanova respublika üzrə rayon və şəhər icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının öz fəaliyyətlərini həyata keçirən zaman “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutaraq, zorakılıq qurbanlarına daha çevik dəstəyin göstərilməsi, mühafizə orderlərinin verilməsi, zəruri hallarda qurbanların sığınacaqlara yerləşdirilməsi istiqamətində tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırdı.
Komitənin Hüquqi-təminat şöbəsinin əməkdaşı Tural Hüseynzadə “Məişət zorakılığı üzrə monitorinq qruplarının fəaliyyətinin təhlili və hüquqi müstəvidə görülməli olan tədbirlər” mövzusunda təqdimatla çıxış etdi.
Təlim fikir mübadiləsi və sual-cavab sessiyası ilə davam etdi.
Qeyd edək ki, təlimin məqsədi “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası ilə yanaşı, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və regionlarda zorakılıqla mübarizə sahəsində profilaktik işin aparılması kimi məsələlərin müzakirə edilməsidir.