Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev “Şibagro” MMC-nin Şahağac kəndi ərazisində yerləşən kivi bağında olmuşdur.
İcra başçısına məlumat verilmişdir ki, “Şibagro” MMC 2017-ci ildə təsis olunmuşdur. 2018-ci ildə ümumi sahəsi 14 hektar olan kivi bağı salınmışdır. Türkiyə və İtaliya mütəxəssislərinin təlimat və tövsiyələrinə uyğun olaraq bağda torpaq əkin üçün tam hazır vəziyyətə gətiriləndən sonra yeni üsullarla GOLDEN Hayvard növü olan kivi tingləri əkilmiş, müasir suvarma sistemi çəkilmiş və digər aqrotexniki işlər görülmüşdür. Kivi ağacı əkildikdən 3 il sonra məhsul verməyə başlayır. 5-ci ildən sonra tam məhsuldar vəziyyətə gəlir. Hazırda hər hektardan 30-35 ton məhsul yığmaq olur. Yığılan məhsullar əsasən MDB ölkələrinə satılır. Təsərrüfatda daimi olaraq gündəlik 11 nəfər, məhsul yığımı vaxtı isə əlavə olaraq 60 nəfərdən çox günəmuzd fəhlə çalışır.
İcra başçısı təsərrüfatda görülən işlərlə tanış olmuş, sahibkarın problemləri ilə maraqlanmış, tövsiyələrini vermişdir. Qeyd etmişdir ki, Astara aqrar rayon olmaqla torpaqları məhsuldar və bərəkətlidir. Rayonumuzun iqlimi burada tərəvəzçilik, çəltikçiliklə yanaşı, çoxillik əkmələr olan çayçılıq və bağçılığın inkişafı üçün olduqca əlverişlidir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci ildə imzaladığı “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam və 2018-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” sahibkar və fermerlərə böyük stimul verdi. Yeni salınan intensiv bağların hər hektarına görə nəzərdə tutulan dövlət yardımları və subsidiyalar bu sahələrin gündən-günə genişləndirilməsinə şərait yaratdı. Damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağlarının salınması üçün hər hektara görə 9 min manat və ilk 4 il ərzində 640 manat əkin subsidiyasının verilməsinin nəticəsidir ki, rayonda kivi bağlarının ümumi sahəsi artdırılaraq 150 hektara çatdırılmışdır. Olduğumuz bu kivi bağının hazırkı vəziyyəti onu göstərir ki, bu sahəni daha da genişləndirmək və inkişaf etdirmək sərfəlidir. Ona görə də əkinə yararlı torpaqlarımızı tam əkin dövriyyəsinə qaytarmalıyıq. Bu həm ölkədə məhsul bolluğu yaradacaq, həm də xeyli insan işlə təmin olunacaq.