Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə keçirdiyi növbəti səyyar qəbul və görüş rayonun ucqar yaşayış məntəqələrindən olan Hamoşam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Reqloba kəndində olmuşdur.
Səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
İcra başçısı iştirakçıları salamlayaraq, bildirmişdir ki, nümayəndəliyin daha böyük kəndlərində dəfələrlə görüşlərimiz olmuşdur. Bu görüşlərin hər biri səmərəli, faydalı olmaqla müəyyən problemlərin həlli ilə yadda qalmışdır. Bugün sizinlə yaşadığınız Reqloba kəndində səyyar qəbul keçiririk. Məqsədimiz problemlərlə yerində tanış olub, həllinə birgə nail olmaqdır.
Kənd sakinləri çıxış edərək gündən-günə çiçəklənən müstəqil Azərbaycanımızın yüksək inkişafına hədsiz sevindiklərini və bununla qürur duyduqlarını bildirmişlər. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi çoxsaylı tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə hədsiz minnətdarlıq ifadə etmiş, vətəndaşlarla müntəzəm görüşlər keçirdiyinə, qaldırılan problemlərin həllinə yaxından köməklik göstərdiyinə görə icra başçısına təşəkkürlərini bildirmişlər.
Sakinlər görülən işlərlə yanaşı kənddə ibtidai məktəb şəbəkəsinin açılmasına, Reqloba-Dolu və Reqloba-Hamoşam avtomobil yollarının təmirinə, qəzalı vəziyyətdə olan elektrik dirək və naqillərinin dəyişdirilməsinə, əlavə transformatorun qoyulmasına köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirmiş, həlli barədə tapşırıqlar vermişdir.
Cənab Prezidentin Sərəncamına əsasən ayrılan vəsait hesabına yüksək səviyyəli asfalt yolların çəkilməsi ilə bu dağ kəndlərinin ən böyük probleminin həllini tapdığını qeyd edən icra başçısı, yol olmamışdan insanların nə qədər əziyyət çəkdiyini, çətinliklərlə üzləşdiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, bu avtomobil yolu təkcə yerli sakinlər üçün deyil, bütün rayonumuz üçün mühüm əhəmiyyətə malikdir. Əsrarəngiz təbiəti, sərin bulaqları, tarixi abidələri olan bu ərazi həm də böyük turizm potensialına malikdir. Gələcəkdə bu ərazilərdə turizm obyektləri də inşa olunacaqdır.
Kənddə ibtidai məktəb şəbəkəsinin açılması ilə bağlı artıq aidiyyəti üzrə müraciət olunduğunu, Reqloba kəndi ilə Dolu və Hamoşam kəndlərini birləşdirən avtomobil yollarının çəkilməsinə də imkan düşən kimi köməklik olunacağını bildirmişdir.
Rayonda abadlıq və quruculuq işlərinin davam etdirildiyini qeyd edərək bütün bunların Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin təntənəsi və bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsi olduğunu bildirmişdir. Qeyd etmişdir ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası cənab Prezidentin qətiyyəti ilə daha da möhkəmlənmiş, dönməz xarakter almışdır. Ölkə iqtisadiyyatı gücləndikcə əhalinin sosial rifahının yaxşılaşmasına yönələn tədbirlərin miqyasının da genişləndiyini diqqətə çatdırmışdır.
İcra başçısı Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman hərbiçilərimizin misilsiz şücaəti ilə işğaldan azad edilən torpaqlarda aparılan geniş tikinti-bərpa işlərindən bəhs edərək, bunun böyük vəsaitlər hesabına başa gəldiyini bildirmişdir. Vurğulamışdır ki, erməni quldurlarının vəhşicəsinə talan etdiyi yaşayış məntəqələri sürətlə bərpa olunur. Bunlara milyardlarla vəsait tələb olunsa da ölkəmizin güclü iqtisadiyyatı bunları qarşılamaq iqtidarındadır. Əsas odur ki, ölkəmizdə sabitlik, əmin-amanlıqdır. Bu əmin-amanlığı qorumalı, cənab Prezidentin ətrafında sıx birləşərək, həyata keçirilən böyük işlərdə dəstək olmalı, ölkəmizin bundan sonra da inkişafı üçün əlimizdən gələni etməliyik.