Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə keçirtdiyi növbəti səyyar qəbul Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Motalayataq kəndində olmuşdur.
İcra başçısı nümayəndəliyə daxil olan kəndlərdə dəfələrlə səyyar qəbullar keçirtdiyini, qaldırılan problemlərin həlli üçün tədbirlər görüldüyünü bildirmişdir. Qeyd etmişdir ki, əvvəlki görüşlərdə qaldırdığınız problemlərdən Taxtanakəran-Toradi avtomobil yolu cari təmir olunmuş, yol nişanları yenilənmiş, qəhrəman oğullarımızdan biri olan şəhid Pəncəli Teymurovun doğulduğu Azaru kəndinə asfalt yol çəkilmişdir. Keçən ay da, bu ərazilərə gələrək Anbuba və Reqloba kəndlərində əhali ilə görüşdük, səyyar qəbul keçirtdik. Ərazi dağlıq olduğu üçün təbii ki, şəraitə uyğun problemləri də olur. Bunların həlli isə həmişə diqqətimizdədir.
Kənd sakinləri çıxış edərək rayonda və yaşadıqları kənddə son illər həyata keçirilən abadlıq-quruculuq işlərinə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq etmiş, əhali ilə tez-tez görüşə gəldiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına dərin təşəkkürlərini bildirmişlər.
Sakinlər, həmçinin, pay torpaqlarının əkilməsindən ötrü texnikanın verilməsinə, kəndə qaz xəttinin çəkilməsinə, internet şəbəkəsinin yaradılmasına, münasib qiymətə odun yanacağı ilə təmin olunmalarına, avtomobil yolunun müəyyən hissələrində silinmiş ağ xətlərin yenilənməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan bəzi məsələlərin icrası barədə tapşırıqlarını vermiş, digərlərinin həlli ilə əlaqədar aidiyyəti qurumlarla birgə tədbirlərin görüləcəyini bildirmişdir.
Qeyd etmişdir ki, Ulu Öndərin banisi olduğu müstəqil Azərbaycanımız cənab Prezidentin düşünülmüş, məqsədyönlü siyasəti ilə gündən-günə inkişaf edir, ali məqsədlərinə doğru inamla irəliləyir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı ilə mənfur düşmən üzərində qazanılan qələbə əslində Azərbaycanımızın ən böyük probleminin həlli deməkdir. Hazırda bu qələbəni daha da möhkəmləndirmək, daimi sülh əldə etmək üçün cənab Prezident dünyanın nəhəng siyasi güc sahibləri olan dövlətlərin və beynəlxalq təşkilatların rəhbərləri ilə ən yüksək səviyyədə danışıqlar aparır. Bununla yanaşı erməni vandalları tərəfindən quldurcasına talan edilmiş torpaqlarımızda indi sürətli bərpa işləri həyata keçirilir. Bildiyimiz kimi azad edilən torpaqlarımızda vəhşi, qaniçən düşmənlər tərəfindən bütün infrastruktur dağıdılmış, xarabalığa çevrilmişdir. Məlumat üçün deyim ki, dünən cənab Prezident Füzuli və Xocalı rayonlarının işğaldan azad edilmiş yaşayış məntəqələrində görülmüş işlərlə tanış oldu, yeni təməlqoymalar apardı, tapşırıqlarını verdi. İki gün əvvəl isə Laçın rayonuna daha bir neçə ailənin yerləşdirilməsinin şahidi olduq. Bunlar bizdə böyük fəxarət hissi doğurur. Biz də doğma Qarabağ torpağında görülən quruculuq işlərinə dəstək olmalıyıq. Vətən müharibəsində bir yumruq halında birləşdiyimiz kimi, quruculuq işlərində də birliyimizi bir daha nümayiş etdirməliyik.
İcra başçısı Respublikanın digər bölgələrində, o cümlədən, Astara rayonunda da tikinti-quruculuq işlərinin davam etdiyini bildirmiş, bunun əhalinin rahatlığının təmin edilməsi, sosial rifahının yaxşılaşdırılmasına istiqamətləndiyini qeyd edərək dövlətin öz vətəndaşlarına olan qayğısı kimi dəyərləndirmişdir.
Qeyd etmişdir ki, ölkəmizin inkişafını, əmin-amanlığını istəməyən müəyyən xarici qüvvələr vardır. Üzdəniraq qonşularımız olan İran və Ermənistan təxribatlarından əl çəkməyərək təkcə ölkəmizdə deyil, bütün bölgədə gərginliyi saxlamaq üçün ən iyrənc əməllərə əl atırlar. Amma onlar nə etsələr də, çirkin məqsədlərinə nail ola bilməyəcəklər. Çünki bizim İlham Əliyev kimi böyük siyasətçi və qalib Prezidentimiz vardır. Xalqımız öz sevimli rəhbərinin ətrafında bir yumruq kimi birləşərək ölkəmizi hər zaman, hər cür təhdid və təxribatlardan qorumağa hazırdır.