Son zamanlar insanların həyat şəraitində müsbətə doğru xeyli irəliləyişlər olmuşdur. Bu onların istər ictimai-siyasi, mədəni, istərsə də mənəvi həyatında özünü büruzə verir. Ta qədimdən İpək yolunun üzərində yerləşən Astara füsunkar təbiəti, saf bulaqları, əzəmətli dağları ilə diqqət cəlb etmiş, günəş, hava, su kimi lazım olan sağlamlığın möhkəmləndirilməsinin əvəzolunmaz amillərindən birinə çevrilmişdir. Qələmimlə bu gözəlliyin rəsmini çəkə bilmərəm, amma ecazkar təbiət mənzərəsini ifadə etmək üçün istənilən qədər sözlərimi ardıcıl düzə bilərəm. Akademik Əziz Əliyevin sözləri ilə desək “Talış diyarının əzəmətini gözlə görmədən təsəvvür etmək çətindir”.

Astara Azərbaycanın cənub qapısıdır. Hər il minlərlə insan doğma Astaramıza tamaşa etmək üçün səyahət həvəskarları sırasına qoşulur. Rayon ərazisində bunun üçün mövsümi çimərlik və dağ turizminin inkişafına yol açan geniş imkanlar vardır. İstər respublikamızın müxtəlif bölgələrindən, istərsə də xarici ölkələrdən olan turistlərin cənub bölgəsinə səfəri Astarasız ötüşmür.

Gündoğandan Xəzər dənizini, bir tərəfdən əzəmətli Talış dağlarını görüb ona heyran olmamaq mümkün deyil. Son zamanlarda gözəl turizm mərkəzinə çevrilən rayon ərazisində xoş istirahət etmək üçün kifayət qədər yerlər mövcuddur: Astara dənizkənarı Park-bulvar kompleksi, Hirkan Milli Parkı, Yanar bulaq, Sım şəlaləsi, buz kimi bulaqların qovuşduğu Astara çayı, Şeyx Nəsrullah piri, Bi yaylağı, İstisu və s.

Astara dənizkənarı Park-bulvar kompleksini yeni əsrin möcüzəsi adlandırmaq olar. Burada fəvvarə kompleksi, süni şəlalər, yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes meydançası, kafe-çay evi, hotellər, restoranlar tikilmiş, ərazidə çimərlik mövsümü üçün gözəl şərait yaradılmışdır.

Rayon mərkəzindən 30 kilometr uzaqlıqda yerləşən Sım kəndi ən çox turistlərin axın etdiyi yerlərdən biridir. Həm yerli, həm də xarici turistlər rayona səfər edərkən bu gözəl cənnətməkan diyarı görməyə can atırlar. Uca yaradan Sım kəndini sanki öz qələmi ilə cızıb, heç bir gözəlliyi ondan əsirgəməyib. Sərin bulaqlarının suyu ora gedənləri özünə valeh edir, sıldırım Talış dağlarının əhatəsində gözoxşayan gözəlliklər insanların xatirəsində silinməz izlər buraxır.

– Mən Astaraya ilk dəfə səfər edəndə Aleksandr Dümanın “Qafqaz səfəri” əsəri yadıma düşdü. Dümanın bizim insanların qonaqpərvərliyini tam-tamına verməsi üçün ya vaxtı çatmayıb, ya da əsərini maksimum qısa etmək qərarına gəlib. Əminəm ki, burada təbiət öz gözəlliyini insanlarının təcəssümü ilə çatdırıb. Bir tərəfdən təbiətin, bir tərəfdən şəhərin gözəlliyi və insanların mehribanlığı. Bəlkə də vəd olunan cənnət bunlar kimi yerdir. Mən ən azından ildə bir dəfə Astaraya getməyi planlayıram, bəzən alınmır. Səmimiyyətimlə deyirəm ki, çox üzrlüyəm. Bu ilin avqust ayında planlayırıq və əminəm ki, Astaranın Yanar bulağı bizi öz sevgisi ilə isidəcək. Səfər zamanı Ərçivan qəsəbəsində yerləşən Yanar bulağı görəndə dəhşətə gəldim. Bu bulaq həqiqətən də bir möcüzədir. Görməsəydim inanmazdım ki, yerdən şırhaşırla çıxan suyu kibritlə yandırmaq mümkündür. Özüm şəxsən bunu bir neçə dəfə yoxladım. Onu da qeyd edim ki, yanan suyu söndürməsən özü sönmür. Bu dəfə səfər zamanı hətta yağışa da düşmüşdüm. Yağış da bizdən öz sevgisini əsirgəmədi. Bu poetik bir yanaşma deyil, bu material yanaşmadır. Bunu yalnız Astarada yağış yağarkən hiss edə bilərsiniz. Xoşbəxtlikdən toy mərasimində də iştirak etmişdim. Adət-ənənələr, sevgi dolu yanaşmalar və gözəl musiqilər zövqümü oxşadı. Xüsusilə, rayonun təbiəti məni valeh etmiş, dağların əzəmətinə heyran olmuşdum. Bir misal var “Hər yerin yaxşısı da var, pisi də”. Mən Astarada pisi görmədim. (Vahid Kərimov, Göyçay rayonu Qaraxıdır kənd sakini)

– İlk dəfə Astaraya 2015-ci ildə turist kimi gəlmişəm. Astara rayonu bir tərəfdən Xəzər dənizi ilə, digər tərəfdən isə əzəmətli Talış dağları ilə əhatə olunub. Turizm zonada həm dağların, meşələrin olması və əlavə olaraq dənizin də olması həmin ərazini, rayonu daha da valehedici edir. Astara rayonuna ilk səfərimdən sonra bu rayona hər il gəlirəm. Əgər təbiəti səfalı olmasaydı, dağları, meşələri, dənizi, sərin havası olmasaydı, əlbəttə ki, hər il buraya gəlməzdim. Hər il əmək məzuniyyətimə çıxanda bir neçə rayona turist olaraq səfər edirəmsə, mütləq gedəcəyim rayonlar içində Astara da olur. Bu rayona səfər etdiyim zaman Sım kəndinə, Pəlikəş ərazisinə, dənizə və dənizkənarı bulvara mütləq gedirəm. Daha sonra isə buranın digər meşəlik ərazilərində olan ailə istirahət məkanlarına üz tuturam. Mənim Astaraya səfərim hər zaman isti yay aylarına deyil, bəzən də payız aylarına təsadüf edir. Ona görə ki, payız aylarında burada bol C vitamini ilə zəngin sitrus meyvələri yetişir. Burada yaşayan qohumlarımı ziyarət edir, qayıdanda  portağal, naringi, kinkan, limon, feyxoa kimi meyvələrdən pay aparıram. Payız aylarında bağlarda bol-bol yetişən sitrus meyvələri insanı valeh edir. Buranın təkcə təbiəti, havası səfalı deyil, torpaq örtüyü də maraqlı struktura malikdir. Torpaqları qara-şabalıdı və münbit olduğundan əkilən meyvə və digər ağaclar çox sürətlə və qollu-budaqlı olurlar. Mən burada bitən meyvə ağaclarının tingini öz yaşadığım Neftçala rayonuna aparan zaman şahid oluram ki, Astarada sürətlə böyüyən ağaclar bizim rayonlarda ya tələf olur, ya da qismən inkişaf edir. Buranın qara-şabalıdı torpaq örtüyündə olan bol humus, eyni zamanda müxtəlif mikroelementlər və havasının bol yağıntılı olması sayəsində bütün meyvə ağacları sürətli şəkildə boy ataraq lazımi inkişaf səviyyəsinə qısa zamanda çatır. Bu rayon haqqında çox danışa bilərəm, amma onu bilirəm ki, Astara rayonuna dövlət tərəfindən qoyulan investisiyalar nə qədər çox olsa, bir o qədər buraya mənim kimi turistlər həddindən artıq səfər edər, burada təbiətlə yanaşı insanların da turizm sektorundan gələn gəlirləri artar, rifah halı daha da yaxşılaşar. (Rişad Əsgərli, Neftçala rayonu Aşağı Surra kənd sakini)

 – Azərbaycan turizm mərkəzi kimi önəmli ölkələrdən biridir. Respublikanın bir çox bölgələri kimi rayonumuzun da turizm məkanına çevrilməsi bizi ürəkdən sevindirir. Xüsusilə, Sım kəndi son zamanlar ən çox turistlərin səfər etdiyi məkanlardan biridir. Sım kəndinin təbii landşaftı, tarixi keçmişimizi əks etdirən mədəni abidələri, bulaqları (analoqu olmayan Aspəşün bulağı burada yerləşir) turist axınını günü-gündən gücləndirir. Kəndimizə gələnlər şəlaləyə mütləq gedirlər. Təbiət qoynundakı bu şəlalə yerli və xarici turistləri buraya cəlb edən ən başlıca amildir. 200 metrdən çox hündürlyü olan nəhəng Angivinəhal ( Ballıqaya) qayası ayrıca əzəmətə malikdir.

Kəndimizə gedən yol heç vaxt əlverişli olmamışdır. Böyük Sovet imperiyasının bacarmadığı yol probleminin son onillikdə asfaltlanması müstəqillik tariximizin zəfərlərindən biridir. Cənab prezidentimiz İlham Əliyevin Sərəncamı ilə yolumuzun asfaltlanması buraya gediş-gəlişi asanlaşdırdı.

Əsasən aprel-oktyabr aylarında kəndimizə turist axını daha çox olur. Son günlərdə gündə 200-300 turistin buraya səfərinin şahidi olmuşam. Buraya Ərəbistandan, bəzi Avropa ölkələrindən, Yeni Zellandiyadan, Amerikadan, Türkiyədən və başqa ölkələrdən turistlər gəlir. Bütün bunların hamısı kəndimiz üçün çox yaxşıdır. Sakinlər öz evlərini kirayə verərək, istehsal etdikləri kənd məhsullarını sataraq yaşayışları üçün gəlir əldə edir, eyni zamanda zəngin talış mətbəxini dünyaya tanıdırlar. Həmçinin turistlər də razı qalıb, qonaqpərvərliyə görə hamıya minnətdarlıqlarını ifadə edirlər. (Zahirəddin Məmmədov, Sım kənd sakini, ağsaqqal müəllim)

Əlvan İbayev, “Astara” qəzetinin baş redaktoru