Astara Rayon İcra Hakimiyyəti başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Kijəbə qəsəbə stadionunda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş kəndlərarası komandalar arasında futbol turniri keçirilir. Yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Vətən müharibəsində canını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Firudin Əhmədov çıxışında turnirin məqsədindən, gənclərin idmana sevgisindən geniş söhbət açaraq bu turnirin davamlı olmağını arzu etdi və yarışda iştirak edən hər bir komandaya uğurlar arzuladı. Tədbirdə şəhid ailə üzvlərinin iştirak etməsi yarışın nə qədər əhəmiyyətli və təqdirəlayiq olduğunu qeyd etdi.
Turnirdə 9 komanda-Lovayın, Zirvə, Deqadi, Veteran, Kijəbə, Aşağı məhlə, Sım, Xəzər və Tüləgüvan mübarizə aparır. Komandalar arasında oyunlar gərgin mübarizə şəraitində davam edir. Hər gün oyunlara tamaşa etmək üçün yüzlərlə izləyici qatılır.
Turnirin məqsədi gənclərin asudə vaxtlarını səmərəli keçirtmək, zərərli vərdişlərdən uzaqlaşdırmaq,onları idmana təşviq etmək və bölgələrdə futbolu inkişaf etdirməkdir.
Biz də komandalara uğurlar arzulayırıq.