Hər il olduğu kimi 2022-2023-cü tədris ilində də rayonumuz təhsil sahəsində uğurlar əldə edilmişdir. Müsahibimiz Astara-Lənkəran Regional Təhsil İdarəsinin Astara rayon təhsil sektorunun məsul işçisi Elçin Mirzəzadədir:

– Məlumat üçün bildirim ki, təhsil sahəsində həmişə olduğu kimi yenə də uğurlarımız qənaətbəxşdir. Xatırladım ki, rayonun ümumtəhsil məktəblərində 11- ci sinfi 934 nəfər bitirmişdir. Onlardan təxminən 500-ə yaxın abituriyent ali məktəblərə sənəd vermiş, əksəriyyəti də 200 baldan yuxarı bal toplamışdır.

Ötən tədris ilində olduğu kimi yenə də Şəhər 1 saylı tam orta məktəbini bitirmiş 11 b sinfinin məzunlarının hamısı ali məktəbə daxil olmuşdur.

Məzunlardan 9 nəfəri 600 baldan yuxarı bal toplamışdır. Ən yüksək nəticə Şəhər 4 saylı tam orta məktəbin məzunu Hüseynov Anar İsmayıl oğludur. O, 658 balla Azərbaycan Dövlət İqtisad Univesitetinin Maliyyə fakültəsinə daxil olmuşdur.

Elçin müəllim sevinclə onu da vurğuladı ki, müəllimlərimizdən bir neçə nəfəri Qrand müsabiqədə 4 layihə üzrə, 2 nəfəri isə fənn olimpiyadasının qalibi olmuşdur.

Sevindirici haldır ki, məktəbi bitirmiş şagirdlərdən bir nəfəri qızıl, bir nəfəri isə gümüş medala layiq görülmüşdür.

Rayon təhsil sektorunu, müəllimləri, məzunları əldə etdikləri yüksək nailiyyətlərə görə təbrik edirik.

“Astara”