Şəhidlərdən, dərdli-sərli ailələrdən yazmaq, onların ömür yoluna işıq salmaq taledən qismətimə düşüb.

Amma çox çətindir igid, pəhləvan cüssəli oğul itirmiş anaları, göz yaşları içində boğulan ataları, boynu bükük bacıları, nişanı xəzan olmuş qızları, taleyikəm məsum körpələri, başsız qalmış gəlinləri görmək, söhbətləşmək…

Onlara təsəlliedici söz söyləmək də rahat olmur ,axı gedənin yeri əvəzedilməzdir.

” Daha şəhidlərdən yazmaram, dözə bilmirəm” -desəm də, bacarmıram. Çünki dərdli insanlara, nisgili gözlərində oxunanlara azacıq da olsa həyan olmağı bir qələm əhli kimi haqqım var.. .

Budur, yenə şəhid ailəsindəyik- 44 günlük Vətən müharibəsində könüllü canını fəda etmiş mayor Kamran Fərəcovgildə…

“Respublika”qəzetinin bölgə müxbiri Əlisəfa Həsənovla bir cümə axşamında şəhidin əmanətləri Şəmsi, Dənizi Rəviyyə ananı, Nuranə xanımı və əsasən şəhidin nəfəsi, hərarəti hopmuş yaşamış olduğu evi ziyarət etdik.

Ailə qurandan 13 il sonra həyata gəlişiylə ata -anaya sanki dünya bağışlamış körpələr artıq böyüyür yaşa dolurlar, ağıllı dərrakəli, mehriban həm də dəcəl uşaqlardlr(amma çox şirindirlər, onlarla söhbətləşmək maraq doğurur).

Rəviyyə ana sanki bir himə bəndir, danışdıran kimi gözləri yaşarır, xəyalı uzaqlara gedir…

-Kamranım çox istiqanlı, mehriban uşaq idi, onu hər kəs sevirdi- deyə dərdli ana söhbətə körpu qoyur :

-Atası 44 yaşında dünyasını dəyişəndə Kamranımın 19 yaşı var idi, sonbeşiyim 10 yaşına girmişdi

Kamran tələbə idi, şən olmaqdansa elə hey fikirli gəzərdi…

Budur, tale ona da uşaqlarını böyütməyi nəsib etmədi. Balalarına həmişə duaçı olmuş”Allah sizi bəxtəvər etsin söyləmiş”Kamranım balalarını çox sevərdi, onlar üçün əsərdi…

39 yaşında həyat yoldaşını itirmiş beş uşağa ata əvəzinə də nəvaziş göstərmiş Rəviyyə ana qəlbində daşıdığı nisgillə vaxtından əvvəl yaşa dolub, kövrəkləşib. Sanki təbəssümü, gülüşü özünə yasaq bilir…

“Ana qəlbi odlanar söz düşəndə davadan

Bəs deyilmi ey insanlar,t öküldü qan ,axdı qan”…

Ruhu narahat ananın bir təsəllisi var-şirin şəkər nəvələrinə əziz balasından danışmaq, sevimli gəlini ilə bir yerdə olmaq(dərd onları daha da yaxınlaşdırıb).

Bəli, həmin gün şəhid ailəsində Nuranə xanımla(Astara pedaqoji kollecinin maliyyə və informasiya şöbəsinin müdüri) Rəviyyə ana və çox sevdiyim sevimli Dəniz, Şəmslə söhbətləşdik, ağır dərdlərinə könül xoşluğu ilə bir qədər şərik olduq.

Nuranə xanımın qayğıları çox olsa da, şəhidimzin əmanətlərinə həddən ziyadə nəvazişlə, məhəbbətlə qayğı göstərir ki, körpələr atasız olduqlarını özünə dərd etməsinlər.

Var ol ,dəyanətli,qeyrətli qadın!

Sizlər mərdlik sinvolusuz, dəyanətinizlə qürur duyuruq

Allah şəhidlərimizi rəhmət eləsin, ruhları  şad olsun!

Ehtiramla Gülnar Əsədlidən…