Can şəhidim, ruhun şad olsun, diləyin həyata keçdi…

Yaxın keçmişdə (əslində hər an sevənlərin qəlbindəsən, Vətənin yaddaşındasan) doğmalarından ,əzizlərindən ayrılarkən övladlarını bağrına basıb öpüb oxşadın və istər istəməz doluxsundun, amma əsl hərbçi kimi qəlbindəkini-dəhşətli müharibə olacağını dilinə gətirmədən tövsiyələrini etdin, “Bu gediş əvvəlki gedişə oxşamır, sənə güvənib gedirəm, özündən, uşaqlardan muğayat ol”-sözlərini söylərkən Nigar xanıma, sədaqətli ömür-gün sirdaşına məhəbbətlə baxdın və köks ötürdün. Bir qədər duruxdun sonra” Mən olmasam da, ali təhsil alarsız, diplomlarınızı məzarımın başına gətirərsiz”-dedin ..

Amma bu ürək göynədən sözü söyləmək heç də asan olmadı sənin üçün…

Can şəhidim, odlu alovlu döyüşdə başı bəlalı, fitnə fəsadlı düşməni qırıb tökərkən vəziyyətin gərildiyini duyurdun. Ona görə vida sözünü bir qədər yumşaq tərzdə oğlun Ruslana söyləməyi məqbul sandın və acı həqiqəti söylədin də “evimizin qapısında bayraq asın, qayıdacağam”-dedin.

Şəhidim, vədinə xilaf çıxmadın, qayıtdın, amma çox sevdiyin üç rəngli bayrağa bükülmüş tabutunla…

Vətən onun üçün canını fəda edən polkovniki, əsl hərbçi övladını, ana əziz balasını, övlad cəsur atasını, ömür-gün sirdaşı sədaqətli, mərd yarını bir andaca itirdi, gözlər ağlar qaldı, qədlər əyildi, sanki dünya durdu həmin an …

Zaman yaraları qaysaqlasa da, göynərtisi elə hey acıyır…

Amma sevinclə kədər qardaş kimidir, lap əziz ailəndə olduğu kimi..

Bir yandan boşalan, bir yandan dolar demişlər.

Yoxluğun ailənə ağır gəlsə də, sənin qəhrəmanlığından güc alaraq mətin oldular və etimadını doğrultdular..

Can şəhidim,ilkin övladın Ruslan Tibb Universitetinin ikinci kurs tələbəsidir, ikinci övladın Əlihəsən yeni tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetinin neft, qaz mühəndisliyi fakültəsinin tələbəsi oldu, sonbeşiyin İbrahim(hərbçi olacağam söyləyən) Xəzər Universitetinin nəzdində Dünya məktəb liseyinə yüksək bal qazandı..

Uşaqlarını əmanət etdiyin, güvəndiyin Nigarın bu gün Bakı Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi kimi qürurlanır, çünki sənin etimadını doğruldub…

Nigarın bu xoş xəbərə nə qədər sevinsə belə gözlərindəki qəm qüssə baxışında duyulur və etiraf edir ki,sənin qəhrəmanlığından,ona olan güvəndən güc alır və həyata sənsiz ağır olsa da davam edir…

Budur, sevimli ailə üzvlərinin arasındayam,çox sevdiyim İbrahim sakitcəsinə məni süzür,mən isə hələ ki susuram…

Axır ki, dilim söz tutur-” təbrik edirəm, xeyirli olsun ” söyləyirəm

Nigarına çətin olsa da sözə başlayır.. “Təlaşla, intizarla cavab gözləyirdim,gecə Naili yuxumda gördüm -evin qapısını açdı,İbrahimi səslədi,uşaqlarla qapıya gəldik.Nail olduqca məğrur baxışla məmnun halda bizə baxırdı,sanki baxışıyla minnətdarlıq edirdi..Ayıldım,” inşallah xeyirdir”söylədim

Sabahısı qəbul olduğumuzu kompüterdə oxuyarkən gözlərimə inanmadım…

Məzarı üstə getdik,xeyli dərdləşdik”kaş bu günü görəydin “söylədim ona…

Bəli,universitetə hazırlaşdığımız dövrdə Nail hər an gözümün önündə olurdu,sanki”darıxma qazanarsan ” deyirdi.Çətin anlarda onun əziz ruhundan güc alırdım,uşaqların dəstəyi də çox karıma gəldi,sanki Nail yanımda idi…”

Can şəhidim, Vətən üçün şirin canını fəda etdin, qurban getdin, həm də könüllü… Müharibədə məhəbbətlə, vüqarla döyüşdün “of “demədən..

Ailən ölməz, həmişəyaşar adından güc alaraq aydınlı sabahlara sənin kimi əzmlə addımlayırlar.

Yolları hər zaman aydın , əziz ruhun şad olsun!

S.A. Bu gün Əlihəsən balamızın doğum günüdür, gəlin hamılıqla aydın səma uğrunda şəhid olmuş polkovnikin əmanətini təbrik edək ,xoş arzularımızı diləyək.

Məlumat üçün qeyd edim ki, polkovnik leytenant  Nail Orucov Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşumuş, 31 dekabr 2020-ci ildə Qubadlıda Sulu Təpə adlanan yerdə şəhidlik məqamına yüksəlmişdir. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə, “Vətən uğrunda”, “Qubadlının azad edilməsinə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhidin adını əbədiləşdirilərək rayon mərkəzi küçələrindən birinə Nail Orucovun adı verilmişdir.

Səmimi duyğularla şəhidlərimizi hər zaman məhəbbətlə yada salan Gülnar Əsədlidən