27 sentyabr Anım Günü ilə əlaqədar Astara rayonunda keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şəhidlərin Xatirə Kompleksini ziyarət etmiş, önünə əklil qoymuşdur. Rayon rəhbərliyi, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilatların kollektivləri, qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri tərəfindən şəhidlərin xatirə lövhələrinin önünə qərənfillər düzülmüş, ehtiramla yad edilmişdir.

Azərbaycan tarixində şanlı qəhrəmanlıq səhifəsi açan, Vətən torpağının mənfur düşməndən azad edilməsində canından keçərək şəhidlik zirvəsinə ucalan, müqəddəs Bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən şəhidlərimizə ehtiram əlaməti olaraq hər il 27 sentyabr tarixi Respublikamızda Anım Günü kimi qeyd olunur.

Üç il bundan öncə 2020-ci ilin 27 sentyabrında Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mənfur düşmənə qarşı əks-hücum əməliyyatına başlayaraq şanlı Zəfər tarixinə yol açan qəhrəman əsgər və zabitlərimiz ölümün gözünə dik baxaraq şərəfli azadlıq mübarizəsinə qalxdılar. Müzəffər ordumuz təcavüzkar, işğalçı, qatil Ermənistanın uzun illər ərzində qurduğu istehkam sistemlərini məharətlə yarıb keçdilər, torpaqlarımızı qanları və canları bahasına işğaldan azad etdilər. 20 Yanvar şəhidləri, Xocalı faciəsi qurbanları, birinci Qarabağ müharibəsində şəhid olmuş, itkin düşmüş minlərlə soydaşlarımızın qisası döyüş meydanında alındı.

Qəhrəman oğullarımız düşməni döyüş meydanında əzdiyi halda, xalqımızın dəmir yumruqtək birliyinin simvoluna çevrilən Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşında da təmkinli, cəsarətli çıxışları ilə düşməni siyasi meydanda məğlub etdi.

44 gün sürən hərbi əməliyyatlarda cəsur oğullarımızın qarşısıalınmaz hücumları ilə darmadağın edilən düşmən ordusu salamat qalan döyüş texnikalarını da döyüş meydanında qoyaraq qaçmağa məcbur oldular. Yenilməz hesab etdiyi ordusunun qısa müddətdə məhv edildiyini görən faşist, terrorçu qurum olan Ermənistanın iblis xislətli rəhbərliyi ağ bayraq qaldıraraq diz çökdü. Kəlbəcər, Ağdam və Laçın rayonlarını döyüşsüz Azərbaycana qaytarmağa məcbur oldu.

Azərbaycan xalqı şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Bu qələbə ilə xalqımızın 30 illik həsrətinə son qoyuldu. Şəhidlərimizin qanı yerdə qalmadı.

Vətən müharibəsində Astara rayonundan 600 nəfərə qədər gənc iştirak etmiş, 41 igidimiz şəhid olmuş, 138 nəfər yaralanmış, sağlamlığını itirmişdir. Ötən ilin sentyabrında erməni diversantların növbəti terrorunun qarşısını alarkən Astaranın daha bir qəhrəman övladı Qurbanzadə Cəmil Anar oğlu şəhid oldu. Bu il sentyabr ayının 19-da erməni terrorçularına qarşı keçirilən lokal xarakterli antiterror əməliyyatında isə daha 2 nəfər cəsur övladımız Babazadə Əli Rüstəm oğlu və Eynəliyev Samrad İkram oğlu qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucaldılar. Ümumilikdə Qarabağ müharibəsində rayonumuzun 127 nəfər cəsur, mərd oğlu şəhidlik zirvəsinə ucalmışdır.

Ermənistan ordusu 2020-ci ildə 44 gün dözə bilmişdisə, onun Qarabağdakı tör-töküntüləri cəmi 24 saat Qəhrəman Azərbaycan Əsgərinin hücumu qarşısında duruş gətirə bildilər. Düşmənin sığındığı 90 əsas postu darmadağın ediləndən sonra terrorçular minlərlə döyüş sursatlarını da ataraq qaçmağa məcbur oldular. Cəmi 11 gün əvvəl özünə oyuncaq “prezident” seçən terrorçu rejim təslimçilik aktını qəbul edərək, ağ bayraq qaldırdığını bəyan etdi. Budur Azərbaycan dövlətinin gücü, qüdrəti!

Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Onlar canlarını Vətənə fəda ediblər.

Ali Baş Komandan, Qalib Sərkərdə İlham Əliyevin dediyi kimi “Şəhidlərimizin qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucalır. Xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq.”

Bu əbədiliyin qarantı Müzəffər Ali Baş Komandan, Müzəffər Azərbaycan xalqı və Qəhrəman Azərbaycan Əsgəridir.