Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının birgə təşilatçılığı ilə Astara Dənizkənarı Park-Bulvar Kompleksində Şəhid Arif Qeybiyevin xatirəsinə həsr olunmuş şosse qaçışı üzrə III Memorial yarışı keçirilmişdir. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayon Təhsil sektorunun əməkdaşları tədbirdə fəal iştirak etmişlər.
Əvvəlcə Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən “Məhəmməd Hənifə” məzarlığında şəhid Arif Qeybiyevin məzarı ziyarət olunmuşdur.
Daha sonra tədbirin açılış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, yarışın icraçı direktoru, ”Azərbaycan Respublikasının əməkdar məşqçisi” Kamal Əhmədov, Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri Rufan Şirinov, şəhid Arif Qeybiyevin anası Rəna Quliyeva çıxış etmişlər. Çıxışlarda qeyd olunmuşdur ki, şəhidimiz 6 iyun 1997-ci ildə Astara rayonunun Səncərədi kəndində anadan olmuşdur. O, 3 km məsafəyə qaçışda 2 qat Azərbaycan çempionu və gümüş medalçısıdır. Azərbaycan Kubokunun 1500 metr məsafəyə qaçışda qızıl, 800 metr məsafəyə qaçışda gümüş medal sahibidi. Həmçinin Avropa Təsnifat yarışlarının iştirakçısı olmuşdur.
Arif Qeybiyev Müddətdən Artıq Hərbi Xidmət Qulluqçusu və tankçı kimi Vətən Müharibəsində qəhrəmancasına döüşərək şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ”Vətən uğrunda”, ”Cəsur döyüşçü, ”Fizulinin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə) medalları ilə təltif olunmuşdur. Onun idmançı kimi yüksək nailiyyətləri, döyüşlərdə qəhrəmanlığı və yüksək insani keyfiyyətləri yaddaşlarda və Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Yarışda 12 komandanın– Bakı Təhsil-1, Bakı Təhsil-5 ,Gəncə, Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik, Yardımlı , Bərdə, Xızı, Beyləqan şəhər və rayonlarını təmsil edən 180 nəfər idmançı mübarizə aparmışdır. Gərgin mübarizə şəraitində keçən yarış idmançılarda böyük həvəs oyatmış, tamamşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Yekunda qaliblərin mükafatlandırma mərasimi keçirilmişdir. Fəxri yerləri qazanan idmançılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının diplom, medal və hədiyyələr ilə təltif olunmuşlar.