Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Maşxan kəndində keçirtdiyi səyyar qəbul və görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, rayonun şəhər, qəsəbə və kəndlərində keçirtdiyimiz səyyar qəbulların müsbət nəticələrini nəzərə alaraq bu ənənəni davam etdiririk. Qəbullarda tərəfinizdən qaldırılan məsələlərin həlli istiqamətində birgə həyata keçirtdiyimiz tədbirlərin nəticəsidir ki, kənddə böyük problemlər nəzərə çarpmır. Demək olar ki, sizi narahat edən bütün əsas problemlər öz həllini tapmışdır. Təbii ki, inkişaf olduğu yerdə yeni problemlər də meydana çıxır, bunların da sizinlə birgə həllinə nail olacağımıza əminəm.

Bu günlərdə xalqımız ən sevincli, ən qürurlu günlərini yaşayır. Qarabağımızın düşməndən azad edilməsindən üç ilə qədər vaxt keçməsinə baxmayaraq, doğma torpaqlarımızda yuva salmış terrorçular xarici havadarlarının təhriki ilə ölkəmizə, dövlətçiliyimizə qarşı təhdidlər yaradırdılar. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq daşnak tör-töküntüləri öz xəstə ideyalarından əl çəkmədilər. Nəhayət sentyabrın 19-da keçirilən, cəmi bir sutka davam edən antiterror əməliyyatı ilə tamamilə darmadağın edildiyini görən terrorçular təslim olaraq, ağ bayraq qaldırdılar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüquq və normalar çərçivəsində Azərbaycanın dünyada tanınan sərhədləri daxilində keçirilən antiterror əməliyyatında Qarabağda hökm sürən xunta rejiminin müdafiəsi üçün terrorçu Ermənistana heç bir yer qalmadı. Qəhrəman əsgərlərimizin torpaqlarımızda istehkamlar quraraq ordumuza, sivil insanlara təhlükə yaradan çoxsaylı erməni silahlı qruplaşmalarını bir göz qırpımında məhv etməsi, düşməni və onların müdafiəçilərini məyus etdi. Bütün dünya xalqımızın dəmir yumruq birliyini və ordumuzun 2020-ci ildəkindən daha güclü olduğunu bir daha gördülər. Qazanılan bu qələbə ilə zaman-zaman xalqımıza olan haqsızlıqlara, tarixi yanlışlıqlara son qoyuldu. Torpaqlarımız üzərində suverenliyimizin bərpa olunması ilə separatçılığın kökü kəsildi, şəhidlərimizin qisası alındı.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əskəranda və Sərsəng su anbarı ərazisində əzəmətli Bayrağımızı qaldırması, tariximizin ən şanlı səhifəsi kimi əbədi olaraq xalqımıza qürur verəcək. Təəssüflər olsun ki, müharibə itkisiz olmur. Son əməliyyatlarda rayonumuzun da iki qəhrəman övladı şəhidlik zirvəsinə ucaldı, bir neçə yararlılarımız oldu. Böyük qələbənin qazanılması ilə bu qüruru bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı, Müzəffər Ordumuz və Ali Baş Komandana daim qələbələr arzulayıram. Hazırda işğaldan azad olunan torpaqlarımızda xidmət edən polislərimiz və ordumuzla fəxr edirik.

Kənd sakinləri çıxışlarında Azərbaycanın düşmən üzərində tarixi qələbəsindən söhbət açdılar. İşğaldan azad olunan ərazilərimizdə aparılan geniş miqyaslı tikinti-quruculuq və abadlıq işlərindən danışaraq əhalinin rifah halının yaxşılaşdırılmasından ötrü göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Rayon rəhbərliyinə səmimi görüşə və qaldırılan məsələlərə həssaslıqla yanaşdığına görə təşəkkür etmişlər.

Sakinlər görülən işlərlə yanaşı kənddə elektrik xətt təsərrüfatının yenilənməsinə və yeni transformatorun qoyulmasına, qazlaşmamış evlərə qaz xəttinin çəkilməsinə, qaz sayğaclarının quraşdırılmasına, qaz borularının yenilənməsinə, suötürücü kanalların qazılılaraq lil və palçıqdan təmizlənməsinə, məhəllə yolunun asfaltlaşdırılmasına, Maşxan kənd tam orta məktəb binasının əsaslı təmir edilməsinə, əkin sahələrinə gedən yolun açılmasına, özünüməşğulluq proqramı ilə mal-qaranın verilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirmiş, həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti ilə qazanılan uğurlar barədə danışan icra başçısı təkcə işğaldan azad edilən ərazilərdə deyil, ölkənin hər tərəfində, o cümlədən, rayonumuzda abadlıq və quruculuq sahəsində və digər istiqamətlərdə aparılan səmərəli işləri diqqətə çatdırmışdır. Son günlər yağan aramsız yağışların fəsadları və bunların aradan qaldırılması ilə əlaqədar görülən tədbir barədə məlumat vermişdir. Qeyd etmişdir ki, cənab Prezidentin bu yaxınlarda Çayoba-Astara avtomobil yolunun əsaslı təmirinə vəsait ayırması barədə imzaladığı Sərəncam rayonumuzun yol infrastrukturunun yaxşılaşdırılmasına böyük töhfədir. Əhalimizin əksər hissəsinin mütəmadi istifadə etdiyi bu yolun bərbad olması bizi çox narahat edirdi. Hazırda yolun tikintisinə başlanılmış, yaxın gələcəkdə müasir tələblərə cavab verən bir yol istifadəyə veriləcəkdir. Astara və astaralılara göstərdiyi yüksək diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlığımızı bildiririk.

İcra başçısı bildirmişdir ki, Azərbaycanın hərtərəfli inkişafı, günü-gündən artan gücü və nüfuzu bizi qürurlandırır. Əldə edilən nailiyyətləri qorumaq və inkişaf etdirməkdən ötrü möhtərəm Prezidentimizin ətrafında dəmir yumruq kimi daha da sıx birləşməli və ən yüksək səviyyədə dəstəyimizi göstərməliyik.