Zəfər Günü ilə əlaqədar Astara rayonunda bir sıra tədbirlər keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və hüquq mühafizə orqanlarının rəhbərləri Astara şəhərində Şəhidlərin Xatirə Kompleksini ziyarət etmiş, gül dəstələri qoymuşlar. Sonra icra başçısı Zəfər Parkına gələrək burada Şanlı Qələbəmizi əks etdirən abidənin önünə əklil qoymuşdur.
Gənclər, tələbələr və məktəblilərdən ibarət dəstə Azərbaycanın Dövlət Bayrağı ilə Heydər Əliyev prospekti boyu yürüş edərək Zəfər Parkında tədbirə qoşulmuşlar.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayan tədbirdə rayon rəhbərliyi, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilatların kollektivləri, qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbirdə qeyd olunmuşdur ki, bu gün Qəhrəman Azərbaycan Ordusunun erməni işğalçıları üzərində tarixi qələbəsinin 3-cü ildönümüdür. 8 Noyabr-Zəfər Günü Azərbaycan tarixinin qızıl səhifəsi, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır.
44 günlük haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir iradəsi və rəşadətli Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən diz çökərək təslim oldu. Xalqımızın 30 illik həsrətinə son qoyuldu. Şəhidlərimizin qisası alındı. Bu gün xalqımız bu böyük tarixi qələbənin xoşbəxtliyi və sevincini yaşamaqdadır. Bu gün ən böyük arzusu vətən torpaqlarını azad görmək olan Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhları şaddır. 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən savaşı dünya hərb tarixinə düşən və şanlı Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya göstərən qəhrəmanlıq tariximizin ən parlaq səhifəsidir. Qələbədən keçən üç il müddətində ağır məğlubiyyətdən dərs almayan, çirkin niyyətlərindən əl çəkməyən, “müstəqillik” iddialarını xəstə təxəyyüllərində yaşadan düşmənin bütün terror aktlarının qarşısı dəyanətlə alındı. Erməni revanşistləri ən böyük zərbəni bu ilin 19 sentyabr tarixində lokal xarakterli antiterror əməliyyatında aldılar. İgid oğullarımız cəmi bir sutka ərzində düşməni darmadağın edərək diz çökdürdülər. Dünyanın hələ heç bir ordusu, heç bir gücü 24 saat müddətində, geniş bir ərazidə bu qədər sürətli və çevik, mülki əhaliyə heç bir zərər vermədən, yalnız legitim hədəfləri məhv edən və düşmənin 10 mindən çox qüvvəsini kapitulyasiyaya məcbur edən əməliyyat görməyib.
Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi. İşğal zülməti bitdi, ölkəmizə azadlıq günəşi doğdu. XXI yüzillikdə zülməti, faşizmi, terroru, separatzimi, vandalizmi təmsil edən ermənilərə layiq olduqları yer göstərildi. Onların vəhşi qəbilə, qorxaq və namərd olduqlarını görməkçün işğalda saxladıqları viran torpaqlara, ölülərin sümüklərini belə çıxartdıqları qəbiristanlıqlara və müharibə meydanından qorxaqcasına qaçışlarına baxmaq kifayətdir. Bu qanlı cinayətlərə imza atanları heç kim xilas edə bilmədi. Özünü qəhrəman kimi aparan, müstəqillik kimi xəstə ideologiyaları ilə xalqını cəhənnəmə sürükləyən quldurların bir dəstəsi qaçmaq istəyərkən tutularaq qoluqandallı Bakıya gətirildi. İndi istintaq qarşısında miskin görkəmləri ilə elədiklərinin cavabını verirlər.
Qeyd olunmuşdur ki, Prezident İlham Əliyev ərazimizi tam bərpa etməklə, 1923-cü ilin 7 iyulunda xalqımızın, dövlətimizin bətnində qara yara kimi yaradılan, daimi münaqişə ocağı kimi saxlanılan “DQMV”-ni tarix səhnəsindən sildi və 100 il bundan öncə SSRİ-nin zor gücünə Azərbaycana qəbul etdirdiyi “statusu” birdəfəlik cəhənnəmə göndərdi. Qalib Ordunun Sərkərdəsinin hərbi geyimdə Xankəndinin mərkəzi meydanında Azərbaycan Bayrağını ucaltdığı gün xalqımızın ən sevincli, ən qürurverici günü idi.
Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümünün tamamı günündə Xankəndidə bayrağımızı qaldırdı. Bu, bir hesabat günü idi. Bütün bunlar 30 ilin, son yüz ilin deyil, 200 ilin gözləntisi idi. 2023-cü ilin 15 oktyabrında bir ilkə imza atıldı. Azərbaycanın Şanlı Bayrağını Xankəndidə ucaldan ilk Lider, Sərkərdə, Ali Baş Komandan, Prezident olaraq İlham Əliyevin adı şərəf tarixmizə yazıldı. Qələbələrimizin memarı olan cənab Prezidentin çıxışında şəhidlərimizə minnətdarlığını ifadə etdiyi zaman kövrəlməsi şəhidlərin ruhuna olan böyük ehtiramın ifadəsi və bir insanlıq, böyüklük nümunəsi idi. Bu zəfər tariximizi məhz cənab Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman oğullarımız, şəhidlərimiz yazdılar.
Vurğulanmışdır ki, Astara rayonu da birinci Qarabağ müharibəsində, Vətən müharibəsində və sonrakı antiterror əməliyyatlarında 127 nəfər şəhid vermişdir. Bizə böyük qələbənin sevincini bəxş edən, qanıyla adını zəfər tariximizə əbədi həkk edən, canını Vətən yolunda fəda edərək Vətəni bütövləşdirən şəhidlərimizin hər biri fəxrimiz, qürurumuzdur. Şəhid məzarları Vətənin qüdrət və qeyrət qalaları, gənclərimizin and yeri, ən müqəddəs ziyarətgahlardır. Biz şəhidlərimizin əziz xatirəsini həmişə ehtiramla anır, Allahdan rəhmət diləyirik.
Tədbirdə “Azərbaycan Bayrağı” ordenli Vətən müharibəsi qazisi, ehtiyatda olan zabit, RİHB-nın Ərçivan qəsəbə İƏD üzrə nümayəndəsi Rüfət Əsədullayev çıxış etmiş, şəhid övladları və məktəblilər şerlər səsləndirmiş, rəsm əsərləri sərgilənmişdir.
İcra başçısı Qəzənfər Ağayev şəhid ailələri, qazilər və müharibə veteranları ilə görüşərək səmimi söhbət etmiş, Zəfər günü münasibətilə onları təbrik edərək ən xoş arzularını bildirmişdir.
Bayram şənliyi gün ərzində konsert proqramı ilə davam edərək axşam saatlarında atəşfəşanlıqla başa çatmışdır.