Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qamışoba kəndində səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.

İcra başçısı görüş iştirakçılarını salamlayaraq bildirmişdir ki, keçirilən səyyar qəbullar zamanı problemlərlə yerində tanış olmaq və onların həllindən ötrü operativ tədbirlərin görülməsi nəticəsində Qamışoba kəndində son illər xeyli iş görülmüşdür. Burada turizm sahəsi yüksək səviyyədə inkişaf etməkdədir. İstirahət mərkəzləri salınmış, otellər, iaşə obyektləri inşa edilmiş və yeniləri tikilməkdədir. Artıq bu ərazilərdə vətəndaşlarımız yavaş-yavaş öz bizneslərini qurur, kotec tipli evlər inşa edirlər. Biz bunun tərəfdarıyıq. İmkan olduqca evlərinizi, təsərrüfatlarınızı böyüdün. Gələcəkdə bundan yaxşı gəlir əldə edəcəksiniz. Rayonumuzda turizmin inkişafı digər sahələrin inkişafına da təkan verəcəkdir. Qamışobadan Astara şəhərinədək böyük layihələr həyata keçiriləcək. Əvvəlki görüşlərdə qaldılmış məsələlərin böyük əksəriyyəti həllini tapmışdır. Bu da bizi çox sevindirir. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən inkişafın, yaradılmış sabitliyin nəticəsidir.

Görüş iştirakçıları ölkədə, o cümlədən, rayonda xüsusən də, Qamışobada görülən quruculuq və abadlıq işlərinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, onları narahat edən problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısından razılıq etmişlər.

Sakinlər kəndin elektrik xətt təsərrüfatının yenidən qurularaq SİP kabelləşdirilməsinə, özünüməşğulluq proqramı çərçivəsində iribuynuzlu mal-qaranın verilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı səmimi görüşə görə minnətdarlıq etmiş, söylənən təkliflərə münasibət bildirərək icrası ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və dünya hərb tarixində bərabəri olmayan antiterror əməliyyatında qazandığımız misilsiz qələbədən danışmış, işğaldan azad edilmiş torpaqlarda aparılan sürətli quruculuq-bərpa işləri, eyni zamanda xalqımızın rahat və firavan həyatının, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün cənab Prezidentin atdığı qətiyyətli addımlar barədə geniş məlumat vermişdir.

İcra başçısı qeyd etmişdir ki, 2023-cü ilin 15 oktyabrında, prezidentlik fəaliyyətinin 20-ci illiyində Azərbaycanın Şanlı Bayrağını Xocalıda, Xocavənddə, Ağdərədə, Əskəranda, Sərsəngdə və Xankəndidə ucaldan Ali Baş Komandan, cənab İlham Əliyev adını şərəf tarixmizə qızıl hərflərlə yazdı. Ölkəmizdə erməni terrorçuları tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi.

Müzəffər Sərkərdə builki Zəfər Paradını Xankəndidə qəbul edərək bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır, Rəşadətli Azərbaycan Ordusu Vətənini qorumağa qadirdir. Heç kim bizimlə hədə-qorxu ilə danışa bilməz və biz bir qarış belə olsa torpaqlarımızı başqasına vermərik.

İnanıram ki, möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birlləşməklə bundan sonra da neçə-neçə yeni qələbələrə imza atacağıq.

Sonda icra başçısı “Astalaniya” şirkəti tərəfində ərazidə salınan yeni istirahət mərkəzində aparılan tikinti işlərinin gedişi ilə tanış olmuş, tövsiyələrini vermişdir .