Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, görkəmli ziyalı Ziya Bünyadovun 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar 28 sentyabr 2023-cü il tarixli Sərəncam imzalamışdır.

Sərəncamın icrası ilə əlaqədar 22 dekabr 2023-cü ildə Astarada ziyalılar, tələbələr, qeyri-hökumət təşkilatının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadovun anadan olmasının 100 illik yubileyi ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir.

Tədbirdə görkəmli alim, akademikin şərəfli ömür yolu və fəaliyyəti barədə məlumat verilərək qeyd edilmişdir ki, sadə və səmimi insan olan Ziya Bünyadovun özəlliyi ondan ibarət olub ki, o, həm qəhrəman, həm də böyük elm fədaisi olmuşdur. İkinci Dünya Müharibəsindən qayıdandan sonra ali təhsil almış, şərqşünas və tarixçi alim kimi bütün ömrünü müxtəlif ölkələrin arxivlərində Azərbaycan tarixini araşdırmağa həsr etmiş, yazdığı yüzlərlə elmi məqalə, monoqrafiya və kitablarda Azərbaycan haqqında tarixi həqiqətləri üzə çıxarmağa nail olmuşdur.

1990-cı illərdə Ziya Bünyadov Bakının Azadlıq meydanında nitq söyləyən, Ermənistanın Azərbaycana təcavüzünə qarşı çıxan və ermənilərin iddialarına etiraz edən insanlardan biri idi. Ziya Bünyadov öz çıxışlarında dəfələrlə erməni tarixçilərin iddialarına cavab vermiş, tutarlı dəlillərlə onları susdurmuşdur.

Ziya Bünyadov 1992-ci ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfər tanınmış ziyalıdan biri idi.

Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra Ziya Bünyadov həmişə Ulu Öndərlə eyni cəbhədə fəaliyyət göstərmiş, ən yaxın silahdaşlarından biri olmuşdur. Ulu Öndər Ziya Bünyadovun elm və ictimai xadim kimi xidmətlərini yüksək qiymətləndirmişdir. Naxçıvana səfərlərinin  birində Heydər Əliyev Möminə xatın türbəsinin qarşısında dayanıb “Ziya təkcə bir alim, qəhrəman yox, həm də ən kəskin məqamlarda belə öz xalqının mənafeyini güdən bir şəxsiyyət, vətəndaşdır” – söyləmişdir. Görkəmli akademik alimin xaincəsinə qətlə yetirilməsindən təsirlənən Ulu Öndər Ziya Bünyadova atılan gülləni Azərbaycan elminə, Azərbaycan xalqına atılan güllə adlandırmışdır.

Akademik Ziya Bünyadovun müharibə illərindəki misilsiz qəhrəmanlığı və elmi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, çoxlu orden və medallarla, ölümündən sonra isə “İstiqlal” ordeni ilə təltif olunmuşdur.

Ziya Bünyadov Yeni Azərbaycan Partiyasının təşkilatlanmasında fəal iştirak etmiş, 1992-ci ildə YAP sədrinin müavini seçilmiş, 1995-ci ildə Milli Məclisin deputatı olmuşdur. 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.

Azərbaycan xalqının qəhrəman oğlu, görkəmli alim, akademik, Ziya Musa Oğlu Bünyadovun əziz xatirəsi qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacaq.

Tədbirdə Ziya Bünyadovun mənalı həyat yolu və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmiş, rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivi üzvləri konsert proqramı ilə çıxış etmişlər.