Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti səyyar qəbul-görüşünü Şiyəkəran kəndində keçirtmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, rayonun hər bir yaşayış məntəqəsində ildə bir dəfədən az olmayaraq əhali ilə səyyar qəbulların keçirilməsi fəaliyyətimizin əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu görüşlərin müsbət nəticələrinin olması işin səmərəliliyini göstərir. Ötən görüşümüzdən sonra Şiyəkəran kəndində xeyli quruculuq-abadlıq işləri görülmüşdür. Bunlardan ən əsası hər birimizi artıq dərəcədə narahat edən, illərdir həllinə çalışdığımız Təngərüdçay üzərindəki, kəndi iki hissəyə ayıran qəzalı vəziyyətə düşmüş avtomobil körpüsünün tikintisi idi. Nəhayət, körpünün tikintisinə başlanmış, yaxın günlərdə əhalinin istifadəsinə veriləcəkdir. Bundan əlavə kəndin elektrik xətt təsərrüfatının yenilənməsinə başlanmış, çayda məcratəmizləmə və sahilbərkitmə işləri aparılmış, bu işlər növbəti illərdə də davam edəcəkdir.
İl ərzində digər yaşayış məntəqələrimizdə də abadlıq işləri davam etmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə ayrılan vəsait hesabına Çayoba-Astara magistral avtomobil yolunun asfaltlaşdırılmasına, Dürriyə-Şümrüd avtomobil yolunun əsaslı təmirinə başlanmışdır.
Başa çatmaqda olan 2023-cü ilin, ümumiyyətlə, dövlətimiz və xalqımız üçün ən uğurlu illərdən biri olduğunu qeyd edən icra başçısı 19 sentyabrda keçirilən antiterror tədbirləri ilə xalqımıza və dövlətimizə qarşı təhdidlər yaşadan erməni terrorçularının, qəhrəman oğullarımızın fədakarlığı ilə zərərsizləşdirilməsindən, revanşist iddiaları ilə çıxış edən, xalqını fəlakətə sürükləyən quldurbaşıların tərksilah edilərək qanun qarşısına çıxarılmasından danışmışdır. 15 oktyabr tarixində Müzəffər Ali Baş Komandanın işğaldan azad edilən şəhərlərimizdə, xüsusən, Xankəndi şəhərində Şanlı Bayrağımızı qaldırmasını Prezident cənab İlham Əliyevin siyasi uzaqgörənliyinin, düzgün diplomatiyasının və böyük hərbi strategiyasının nəticəsində qazanıldığını bildirmişdir. Bununla Azərbaycanın bütün torpaqlarını azad edərək suverenliyini tam bərpa etdiyini qeyd edən icra başçısı ölkəmizin Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqlarla bizi istəməyən qüvvələrin də razılaşmağa məcbur olduğunu vurğulamışdır. Xalqımızın qalib xalq kimi qürurlanmağa haqqı olduğunu bildirərək, vəhşi erməni faşistlərinin xarabalığa çevirdiyi yaşayış məntəqələrinin sürətlə bərpa edildiyini, vaxtilə doğma yurdundan didərgin salınan soydaşlarımızın başdan-başa yenidən qurulan azad və abad Qarabağa qayıdışın sevincini yaşadığını bildirmişdir.
7 fevral 2024-cü il növbədənkənar Prezident seçkilərindən danışaraq qədirbilən xalqımızın hələ 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevə səs verməklə öz seçimini etdiklərini bildirmiş, Ulu Öndər siyasətinə sadiq olan Astara seçicilərinin də həmişə olduğu kimi yenə də ən düzgün seçimlərini edəcəklərinə heç bir şübhənin olmadığını söyləmişdir. İcra başçısı əhalini seçki günü fəal olmağa, məntəqələrə gələrək ən layiqli namizədlərinə səs verməyə dəvət etmişdir.
Görüş iştirakçıları cənab Prezidentin apardığı məqsədyönlü siyasətlə müstəqil dövlətimizin tərəqqisinin və təhlükəsizliyinin yüksək səviyyədə təmin olunduğunu, bütün sahələrdə uğurlu nəticələrin qazanıldığını, uzun illər düşmən tapdağında olan torpaqların azad edilməsi ilə adını Azərbaycan tarixinə Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdığını qeyd edərək belə bir siyasi Liderləri olması ilə fəxr etdiklərini bildirmiş, prezident seçkilərində cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərini birmənalı şəkildə bildirmişlər.
Sakinlər kənd qəbiristanlığına gedən yolun təmir edilməsinə, Şiyəkəran kənd 1 saylı tam orta orta məktəb binasının və həkim məntəqəsinin əsaslı təmirinə, kənd ara yollarının təmiri üçün çaydan çınqıl götürülüməsindən ötrü icazə verilməsinə, suötürücü kanalın təmizlənməsinə, qəzalı vəziyyətdə olan elektrik dirəyinin dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Səyyar qəbul-görüşdə sakinlərin arzu və təklifləri dinlənilmiş, irəli sürdükləri müəyyən məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmiş, digərləri barədə müzakirələr aparılaraq tədbirlər müəyyənləşdirilmişdir.
Sonra icra başçısı Təngərüdçay üzərində inşası aparılan avtomobil körpüsündə işlərin gedişi ilə tanış olmuş, tövsiyələrini vermişdir.