XXI əsrdə ən təhlükəli və ciddi qlobal problemlərdən biri narkomanlıq və narkotiklərin qanunsuz dövriyyəsidir. Əfsuslar olsun ki, bu problem bizim ölkəmiz və İran İslam Respublikası ilə sərhəd olan Astara rayonu üçün çox aktualdır. Bizim ölkə cənab Prezidentin uğurlu, uzaq görən siyasəti nəticəsində sürətlə inkişaf edir. Azərbaycan dünyaya inteqrasiya edir və çox təəssüf ki, bu inteqrasiyasının müsbət məqamları ilə yanaşı mənfi məqamları da var. Narkomanlıq və narkotiklərin qanunsuz dövriyyəsi də həmin mənfi məqamlardan biri, bəlkə də ən başlıcasıdır.
Narkomanlıq və ya narkomaniya nə deməkdir? “Narkomaniya” yunan sözü olub, iki sözdən “Narko” donub qalmaq, “maniya” psixi pozğunluq əmələ gəlib. Bizim milli qanunvericiliyimizdə isə, narkomanlıq –narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranmış, narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və (və ya) fiziki asılılıqla, o cümlədən psixi və davranış pozuntuları ilə ifadə olunan xəstəlik vəziyyəti kimi öz əksini tapmışdır. Yəni, anlayışdan da aydın olduğu kimi, şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edir, sonra onlardan asılılıq yaranır və zaman ötdükcə həmin şəxsdə psixi və davranış pozuntuları baş verir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu, siyasi, iqtisadi, sosial və başqa sahələrdə gedən inkişaf və aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1996-cı il avqustun 26-da imzaladığı fərmanla narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi elan etmiş, bununla da, cəmiyyət və dövlət üçün təhlükəli olan bu problemin həlli məqsədilə dövlət səviyyəsində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ümummilli Liderin Fərmanı əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır.
Belə ki, narkomanlıq və narkotiklərin qanunsuz dövriyyəsi öncə bizim cəmiyyətdə qəbul olunmuş mənəvi və əxlaqi dəyərlərə zərbə vurur, ailədaxili münaqişələrin, məişət problemlərinin, cinayətkarlığın artmasına bilavasitə və ya dolayı yol ilə səbəb olur, indiki və gələcək nəslin sağlamlığı üçün təhlükə yaradır. Bu bəlaya düçar olmuş şəxslər yavaş-yavaş cəmiyyətdən təcrid olurlar, bir əyləncə, həvəs, eksperiment kimi başlayan hərəkət vərdiş halına çevrilir, sonunda isə bir çox müalicəsi olmayan ağır xəstəliklərə aparır.
Boşuna cəmiyyətdə narkotik vasitələrə “ağ ölüm” demirlər, bu həm bütün dünyanın baş bəlasına çevrilən məsələdir, həm də əhalinin, və çox təəsüf ki, gənc nəslin bir qismində sonsuz maraq doğuran, aludəçilik yaradan, müalicəsi olduqca çətin, uzun müddət tələb edən və bəzi hallarda artıq mümkün olmayan qorxulu vərdişlərdən birinə çevrilmişdir.
Bəs hansı maddələr narkotik vasitə hesab olunurlar? Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilmiş tibbi, sosial, hüquqi meyarlara cavab verən maddələr narkotik vasitə hesab edilir.
Narkotik vasitələrin insanın mərkəzi sinir sisteminə xüsusi təsiri həmin maddələrin qeyri tibbi məqsədlər üçün istifadəsinə səbəb olur. Yəni, biri var əsəb xəstəsinə hansısa sakitləşdirici dərman vasitəsi həkim tərəfindən təyin olunsun, bu, tibbi göstərişdir, müalicə üsuludur. Bir də var ki, şəxs özü könüllü olaraq narkotik vasitələrdən və ya psixotrop maddələrdən öz düşüncəsinə görə “əsəblərini sakitləşdirmək, bir müddət qayğılardan və öhdəliklərdən, stressdən azad olmaq” üçün istifadə edir. Artıq həmin maddələr şəxsin sağlamlığına xüsusi təsir edir, həmin təsir də nəyinki əsəblərin sakitləşdirilməsinə səbəb olmur, əksinə bütün orqanizmin fəaliyyətini pozur.
Narkotik vasitələrin qeyri-tibbi məqsədlərlə istifadəsi çox geniş, əhatəli miqyas alır və bu da sosial əhəmiyyət kəsb edir. Əfsuslar olsun ki, insanlar, əsas da gənc nəsil bir-birilərini idman, bilik yarışlarında, ictimai işlərdə və xeyriyyəçilikdə uğur qazanmaqda deyil pis, zərərli vərdişlərdə təkrarlayır. Tütün məmulatlarının, alkoqollu içkilərin və sonra isə narkotik vasitələrin istifadəsi də bu səbəbdən artır.
Narkotik vasitələr müəyyən olunmuş qaydada dövlət orqanları tərəfindən narkotik kimi tanınır və narkotik maddələr siyahısına daxil edilmişdir. Adından da göründüyü kimi, bu hüquq elminə aid meyardır və hüquq mühafizə orqanlarının mübarizə apardığı əsas cinayətlərdən biridir. Onu da qeyd etmək lazımdır ki, Respublikamız narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni tənzimləyən, beynəlxalq hüquq normalarını tam və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmuş və bu cinayətlərə qarşı mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür.
Milli qanunvericiliyimizə nəzər salsaq görərik ki, 28 iyun 2005-ci ildə isə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Qanun qəbul olunmuşdur. Bu qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir
Bu xəstəlik cəmiyyət üçün çox qorxulu, təhlükəli, insanda sonsuz problemlər yaradan, insanı lazımsız və keyfiyyətsiz bir məxluqa çevirən xəstəlikdir. Narkotik maddələr insan sağlamlığına bərpa edilməz ziyan vurur, fərdin fiziki qüvvəsini tükəndirir, ümumi zəhərlənmə baş verir və beləliklə də keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur.
Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır.
Dövlət Proqramının həyata keçirilməsinə nəzarət və onun icrası zamanı işlərin müvafiq orqanlarla əlaqələndirilməsini təmin edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması istiqamətində müsbət nəticələr əldə edilmişdir.
Aytac Adgözəlzadə, Astara rayon prokurorluğunun müstəntiqi, III dərəcəli hüquqşünas