11 yanvar 2024-cü il tarixində Rasim Camalov adına Astara şəhər 7 saylı tam orta məktəbində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektoru, Astara rayon Təhsil sektoru ilə birgə “Fiziki aktivlik və sağlam həyat tərzi” mövzusunda seminar keçirilmişdir. Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri Rufan Şirinov, Astara rayon Təhsil sektorunun metodisti Baloğlan Əliyev, məktəbin direktor əvəzi Sədaqət Rəhimova çıxış edərək sağlam həyat tərzi barədə məktəblilərə geniş məlumat vermişlər.
Çıxışlarda Gənclər və İdman Nazirliyinin “İdman hamı üçün” layihəsi, Lənkəran-Astara Regional Gənclər və idman İdarəsinin Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə birgə təsdiq etdiyi tədbirlər Planı, məktəbdə keçirilən bədən tərbiyəsi və idman dərsləri və idman tədbirləri, açıq havada idman və təlim məşqləri, gənclərlə iş və idman sahəsində qazanılan nailiyyətlər barəsində məlumat verilmişdir. Qeyd olunmuşdur ki, gənc nəslin sağlam böyüməsi üçün onlarda erkən yaşlarından sağlam həyat tərzinə uyğun vərdişlərin formalaşması çox vacibdir, bu isə məktəblilərin sağlam ruhlu, sağlam düşüncəli, fiziki və mənəvi cəhətdən sağlam bir vətəndaş kimi tərbiyə edilməsinə kömək edir. Sağlam həyat tərzinə maraq oyadılması məktəbliləri zərərli vərdişlərdən çəkindirərək asudə vaxtlarını səmərəli keçirməyə həvəsləndirir.
Yekunda “Fiziki aktivlik və sağlam həyat tərzi” mövzusunda videoçarx nümayiş olunmuşdur.