18 yanvar 2024-cü il tarixində Yaqub Ağayev adına Artupa kənd tam orta məktəbində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektoru, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayon Təhsil sektoru ilə birgə 20 yanvar 1990-cı il faciəsinin 34-cü illiyinə həsr olunmuş “Şəhidlər unudulmur” mövzusunda məktəblilərlə görüş keçirilmişdir.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçiləri İqrar Cəfərov və Bəhlul Rufullazadə, Astara rayon Təhsil sektorunun metodisti Baloğlan Əliyev, məsləhətçisi Rəşid Əzimov və Yaqub Ağayev adına Artupa kənd tam orta məktəbinin direktoru Aynur Muradova çıxış edərək 20 Yanvar 1990-cı il hadisələri barədə məktəblilərə geniş məlumat vermişlər.
Çıxışlarda qeyd olunmuşdur ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı. Həmin gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.
Yekunda “Qəhrəmanlıq tariximizin 20 yanvar səlnaməsi” mövzusunda videoçarx nümayiş olunmuşdur.