Azərbaycan xalqının qan yaddaşına 20 Yanvar faciəsi kimi düşən Qanlı Yanvar qırğınından 34 il keçir. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusu Bakı şəhərinə soxularaq heç bir xəbərdarlıq etmədən dinc əhalini gülləboran etdilər. Bakıda erməni kartından məharətlə istifadə edən sovet imperiya rəhbərliyi o qanlı gecədə 147 nəfər əliyalın, günahsız insanın amansızcasına qətlə yetirilməsi, 800 nəfərə qədər insanın yaralanması ilə nəticələnən qanlı qırğının səbəbkarı oldular.
Həmin dəhşətli terror gecəsində cəlladlar qarşılarına çıxan uşağa, qocaya, qadına rəhm etmədən insanları küçələrdə, hətta avtobusda gedərkən, evlərində belə qətlə yetirdilər, yaralıları aparmağa gələn təcili yardım maşınlarını gülləyə tutdular.
20 yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən Azərbaycanın qeyrətli, dahi oğlu Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında olmasına baxmayaraq, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, qanlı təcavüzə etirazını bildirərək faciəni törədənləri, şəxsən Mixail Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan dərhal çıxarılmasını tələb etdi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.
Yanvar qırğınında həlak olan Vətən övladları şəhidliyi ilə Azərbaycan tarixinə parlaq səhifə yazdılar. Şəhid məzarları hər bir Azərbaycan vətəndaşının müqəddəs and yeridir.
Yanvarın 20-də Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatı Rəşad Mahmudov, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri Astara şəhərində Şəhidlərin Xatirə Kompleksini ziyarət edərək Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsini böyük hörmət və ehtiramla yad etmiş, xatirə lövhələrinin önünə qərənfillər düzmüşlər.
Saat 12:00-da rayon ərazisində bayraqlar endirilmiş, nəqliyyatın hərəkəti dayandırılaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.