Şəfəq müəllimə çarpayıda mışıl-mışıl yatan Balaca Aytənin üstünü örtüb sakit addımlarla qonaq otağına keçdi. Yorulsa da, bu gün onbirincilərə verdiyi inşa yazılarını yoxlamalı idi. Otaq elə bil bir az soyuq idi. Sanki  üşüdü. Şalı ciyninə salıb stol arxasına keçdi.

 Bu ilki onbirincilər çox savadlı, istedadlı uşaqlar idi. İnşanın mövzusu da əslində çətin deyildi. Şəfəq müəllimə şagirdlərinə Azərbaycanın xalq qəhrəmanları haqqında  sərbəst mövzuda  inşa yazısı vermişdi. Hələ bir növ mövzuya aid məlumatları da uşaqlarla paylaşmış, Koroğlu, Babək və sair xalq qəhrəmanları, eləcə də birinci və ikincı Qarabağ müharibəsi qəhrəmanlarının Azərbaycan tarixində rolu haqqında qısa da olsa danışmışdı.

 Yazı dəftərlərini yoxlaya-yoxlaya Şəfəq müəllimə bir qürur hissi keçirirdi. Həm də rəhbəri olduğu sinfin uşaqlarının hər birinin yazısında bir vətəndaş qüruru, bir Vətən sevgisi duyulurdu. Uşaqların hərəsi bir xalq qəhrəmanı haqqında öz fikirlərini yazmışdı. Şəfəq müəllimə inşa yazılarını oxuya-oxuya bir daha xalqımızın nə qədər igid oğul və qızlar yetişdirdiyinin, bu torpağın bir qəhrəmanlar diyarı olmağının əminliyini yaşayırdı.

Növbəti dəftər bəlkə də sinfin ən sakit şagirdi, amma savadı, məntiqi ilə həmişə şeçilən Rəsulun idi. Rəsulun gözləri hər zaman qəmli olsa da özü daim qürurlu idi. Başını dik tutub gəzidi. Rəsulun atası Vətən müharibısində qəhrəmancasına şəhid olmuşdu. Azərbaycan ordusunun zabiti idi atası. Şanlı döyüş yolu keçmişdi. Neçə-neçə doyüşlərdə qəhrəmanlıqlar göstərmiş, Şuşaya qədər döyüşlərdə şərəflə vuruşmuş, müharibənin son günlərində şəhadətə qovuşmuşdu. Şəfəq müəllimə qəhrəman zabitin dəfnində döyüş dostlarının onun igidlikləri haqqında xatirələrini, daha sonra televiziyada Rəsulun atasına həsr olunmuş verilişdə onun necə bir zabit, döyüşçü olması haqqında deyilənləri xatırladı.“ Yəqin ki, atası haqqında yazıb”- deyə düşündü. Çünki sinif yoldaşlarından biri “Rəsulun atası da qəhrəmandır, məncə, o atası haqqında yazsa hamımıza maraqlı olar. Qəhrəmanımızı daha yaxından tanıyarıq”- demişdi yazıdan əvvəl. Onsuz da sakit xasiyyətilə seçilən Rəsul heç bir cavab verməmişdi. Şəfəq müəllimə isə :- “Niyə də yox?!” Əsil həqiqətdə o buna layiq bir qəhrəman idi- deyib bir növ bu təklifi dəstəkləmişdi.

 Amma dəftəri açanda bir an duruxub qaldı. İnşanın adı belə idi- “ Ən Böyük Qəhrəman”. Niyə məhz “ Ən Böyük?”- deyə düşündü. Və özündən asılı olmayaraq yazını səsli oxudu:

  “ Tarixin sınaqlarından keçən, gah böyüyüb, gah bölünən ulu torpaq, ulu Vətən ,Azərbaycan! Cənnət diyar! Bu cənnətin ağuşunda zaman-zaman neçə-neçə qəhrəmanlar, igidlər yetişdi. Neçə-neçə ər oğullar, neçə-neçə kişi qeyrətli qızlar, qadınlar bu torpağa, bu diyara nəfəs verdi, arxa oldu, dayaq oldu. Hər darda, hər çətində xalqı üçün, torpağı,Vətəni üçün bir çıraq olan, düşmənə sipər qəhrəmanlar yetişdirdi bu diyar. İgidləri, qəhrəmanları birmidir, yüzmüdür, minmidir? Yox, daha çoxdur. Hansından yazasan? Hansından başlayasan? Axı çoxdur, daha çoxdur!

Bəlkə ən böyüyündən yazım, lap böyündən. Elə bir qəhrəmandan ki, mümkün olmayanı etdi, heç kimin bacara bilməyəcəyini bacardı. Elə bir qəhrəmandan ki, yuxuları çin etdi, ümidləri doğrultdu, arzuları gərçəyə çevirdi. Elə bir qəhrəmandan ki, başımızı ucaltdı, qamətimizi dikəltdi, şərəfimizi qorudu. Elə bir qəhrəmandan ki, tarixi özü yazdı, haqqın təntənəsinə nail oldu. Ele bir qəhrəmandan ki, dünyaya meydan oxuyanlara, dünya nəhənglərinə özü meydan oxudu. Elə bir qəhrəmandan ki, hər sözü bir deviz oldu, hər kəlməsi işıq oldu, nur saçdı bir haqq savaşına. Elə bir qəhrəmandan ki, bir söz ilə xalqı, milləti birləşdirdi, “yumruq”etdi-“dəmir yumruq”. Elə bir qəhrəmandan ki, “ Qarabağ Azərbaycandır!”-dedi və sonuna nida qoydu…

Bağışla, Böyük qəhrəman, bağışla… Səni vəsf etməyə, Səndən yazmağa nə söz yetir, nə zəka…”

Şəfəq müəllimə bixtiyar gözlərindən axan göz yaşlarını sildi. İnşanı axıra qədər oxumayıb qalxdı. Yaxınlaşıb pəncərəni açdı. Gecənin qaranlığında, hüzur verən sakitliyində uzaqda yanan işıqlar  qeyri adi bir hiss yaşadırdı insana. Həzin əsən sərin yaz mehi gecənin qaranlığı ilə bir harmoniya təşkil edirdi. Müəllimə köks dolu bir nəfəs aldı. Bir qəhrəman şəhid balasının öz atası haqqında deyil, ölkə rəhbəri haqqında yazmağı onu riqqətə gətirmişdi. Rəsul əslində ən böyük həqiqəti qələmə almışdı. Danılmaz bir həqiqəti.  Bir yeniyetmə Azərbaycan gəncinin bu qədər dərin məntiqə, bu qədər böyük ürəyə sahib olması müəlliməni kövrəltmişdi.

 Şəfəq müəllimə yaxınlaşıb televizoru yandırdı. Prezident danışırdı. Televizorun qabağındakı kresloya çöküb sanki birinci dəfə görürmüş kimi diqqətlə ona baxdı. Prezident Qarabağda aparılan quruculuq işlərindən danışırdı. Müəllimə istər müharibə dövründə, istərsə də müharibədən sonrakı çıxışlarında Ali Baş Komandanın daima -“Qələbəmizin  əsl səbəbkarları, şəhidlərimiz, qazilərimiz və bütün qəhrəman əsgərlərimizdir”, deməsini xatırladı. Heç zaman “mən etdim” deməməsini xatırladı. Bəli, demədi Cənab Prezident. Deməyə nə qədər haqqı çatsa da, demədi . Öz təvazökarlığı ilə örnək oldu Rəsul kimi Azərbaycan vətəndaşlarına. Əsl örnək…

 Şəfəq müəllimə qalxıb televizorun qabağında durdu. Görülən və görüləcək işlərdən böyük qətiyyətlə danışan prezidentə baxıb pıçıldadı: – Çox sağ ol, Ən Böyük Qəhrəman!…

Orxan Əmənullayev