15 fevral 2024-cü il tarixində Astara Rayon İcra Hakimiyyətinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Astara rayonunda “Çayçılıq sahəsində mövcud imkanlar, problemlər və perspektivlər” mövzusunda tədbir keçirilmişdir. Tədbir Astara rayonunda çayçılığla məşğul olan sahibkarlıq subyektlərinin çətinliklərinin öyrənilməsinə həsr edilmişdir.
Təşkil olunmuş görüşdə Astara Rayon İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin Lənkəran Regional Bölməsinin, Aqrar Xidmətlər Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun, AQTA Lənkəran Regional Bölməsinin, Dövlət Vergi Xidmətinin, Astara DAİM-in, Dövlət Məşğulluq Agentliyin Lənkəran Regional Məşğulluq filialının və maliyyə qurumlarının nümayəndələri, eləcə də 20-ə yaxın fermer və sahibkarlıq subyektləri iştirak etmişdir.
Görüş çərçivəsində aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirakçıları sahibkarlıq sahəsində ölkədə həyata keçirilən və hazırda davam edən layihələr, həmçinin bu sahədə mövcud qanunvericilik və dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırmışlar.
Çayçılığın inkişafı üçün güzəştli kreditlərə əlçatanlığın aşağı olması (kreditlərin güzəşt müddətlərinin yeni salınan çay plantasiyasının məhsula düşmə müddətindən (7 il) az olması), pay torpaqlarında olan çay plantasiyalarına dövlət reysterindən çıxarış sənədinin olmaması səbəbindən subsidiya alınmasında, icarəyə verilməsində yaranan çətinliklər, həmçinin yaşıl çay yarpaqlarının emal müəssisələri tərəfindən aşağı qiymətə alınması, yeni plantasiyaların salınması üçün əkinə yararlı torpaqların və plantasiyanın salınması üçün verilməsi nəzərdə tutulan birdəfəlik subsidiyanın azlığı və s. barədə müzakirələr aparılmış, fermerlərin sualları dinlənilmiş, müvafiq qurumların nümayəndələri tərəfindən tədbirdə səsləndirilən suallar cavablandırılmışdır.