Son zamanlarda ətraf mühitin mühafizəsi bəşəriyyətin qarşısında duran ən vacib problemlərdən birinə çevrilmişdir. Belə ki, ekoloji tarazlığın pozulması, biomüxtəlifliyin azalması, qlobal istiləşmə və iqlim dəyişikliyi kimi problemlər planetimizin gələcəyi üçün ciddi təhlükə yaratmağa başlamışdır. BMT-nin məlumatına görə, son 50 ildə dünya əhalisinin sayı 2 dəfə, iqtisadi istehsal 4 dəfə, yanacaq istehlakı 3 dəfə artıb. Nəticədə hər il 8 milyon hektar meşə sahəsi məhv edilir, 12 milyon hektar torpaq səhralaşır, minlərlə bitki və heyvan növü məhv olma təhlükəsi ilə üz-üzə qalmışdır. Elmi proqnozlara görə, əgər bu tendensiya davam etsə, 2050-ci ilə qədər yer üzündə yaşayan canlıların 30-50%-i məhv ola, okeanlardakı plastik tullantıların miqdarı balıqların sayını üstələyə bilər. Bütün bunlar bir daha ətraf mühitin qorunmasının cəmiyyət və insanlıq üçün nə qədər vacib olduğunu göstərir.
Məhz bu baxımdan İntellekt Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gənc Eko-səfirlər” layihəsi xüsusi əhəmiyyət daşıyır. Layihə çərçivəsində Ölkənin cənub bölgəsində yaşayan 21 fəal gəncə ətraf mühitin qorunması, alternativ enerji mənbələri və könüllülük kimi mövzularda üç günlük əhatəli təlim proqramı keçirilib. Təlimin yekununda iştirakçılar Lənkəran rayonunun Xanbulan ərazisində praktiki olaraq ərazinin təmizlənməsində könüllü kimi çalışaraq öyrəndiklərini tətbiq etmək imkanı əldə ediblər.
Düşünürük ki, bənzər layihələr gənclərin ətraf mühitlə bağlı məlumatlılığını artırmaqla bərabər onlarda ekoloji şüurun və məsuliyyətin formalaşmasına mühüm töhfə verir. İştirakçılar təbiətin qorunmasının vacibliyi ilə yanaşı, bu işdə hər kəsin, o cümlədən gənclərin üzərinə düşən vəzifələri dərk edir, ekoloji problemlərin həllində könüllülüyün rolunu başa düşür və gələcəkdə bu istiqamətdə fəaliyyətlərini davam etdirmək üçün lazımi bilik və bacarıqlar əldə edirlər. Eləcə də inanırıq ki, “Gənc Eko-səfirlər” layihəsi bölgədə daha çox gəncin ətraf mühitin qorunmasına marağını artıracaq və onların bu istiqamətdə səylərini birləşdirəcək.
Samir Axundov,
İntellekt Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinin və layihənin rəhbəri