Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə keçirtdiyi növbəti səyyar qəbul-görüş Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Vaqo kəndində olmuşdur. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
Rayonun xidmət təşkilatlarının cari ildə ərazidəki fəaliyyəti barədə qısa hesabatları dinlənilmişdir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin, Elektrik Şəbəkəsinin, Telekommunikasiya qovşağının, 49 saylı Yol İdarəsinin və Suvarma Sistemləri İdarəsənin rəhbərləri nümayəndəliyin ərazisində görülən işlər barədə danışmış, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müəyyənləşdirilən tədbirlər və qarşıda duran vəzifələr barədə görüş iştirakçılarını məlumatlandırmışlar.
İcra başçısı ənənəvi hal alan səyyar qəbul-görüşlərin ərazidə mövcud olan və vətəndaşları narahat edən problemlərin öyrənilməsi, həll edilməsində mühüm rol oynadığını bildirmişdir. Nümayəndəlik çoxlu yaşayış məntəqələrindən ibarət olmasına baxmayaraq burada son illər xeyli iş görülmüşdür. Təkcə Vaqo kəndində yeni məktəb binası tikilmiş, yollar asfaltlaşdırılmış, kəndə təbii qazın verilməsi təmin edilmiş, çayda sahilbərkitmə işləri aparılmış, sel-sularının tamamilə dağıtdığı iki avtomobil körpüsü yenidən tikilərək bərpa edilmişdir. Hazırda Siyaku kənd inzibati ərazi dairəsinə daxil olan bütün kəndlərin elektrik şəbəkəsi tamamilə yenilənir, sürətli internet şəbəkəsi çəkilir.
Rayonumuzun digər yaşayış məntəqələrində də abadlıq-quruculuq işləri davam edir. Cənab Prezidentin Sərəncamı ilə ayrılan vəsait hesabına rayonumuzun əsas magistral yolu olan 26 kilometrlik Çayoba-Astara avtomobil yolunun əsaslı təmiri, Dürriyə-Şümrüd avtomobil yolunun tikintisi, Vənəşikəş, Noyabud, Burzubənd kəndlərinə qaz çəkilişi, elektrik xətt təsərrüfatının yenilənməsi işi davam edir. On il bundan əvvələ nəzər salsaq heç aran kəndlərimizin yolları asfalt deyildi. Yalnız şəhər mərkəzi və ən yaxın ərazilərə təbii qaz verilirdi. Hazırda ən ucqar dağ kəndlərimizin də avtomobil yolları asfaltlaşdırılmış, rayonun yaşayış məntəqələrinin 86 faizi qazlaşdırılmışdır. Bu da əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasına, ilin bütün fəsillərində vətəndaşlarımızın rahat gediş-gəlişinin təmin olunmasına, gözəl təbiəti olan, mənzərəli kəndlərimizə qonaqların, turistlərin gəlişi üçün imkanların yaranmasına səbəb olmuşdur.
Bütün bu işlərə görə Ümummilli Lider Heydər Əliyev siyasətinə və bu siyasəti uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə minnətdar olmalıyıq. Sizi əmin edirəm ki, xalqımızın maddi həyat və məişət şəraitinin daha da yaxşılaşması, rahat və firavan həyatının, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün cənab Prezident tərəfindən hələ çox böyük işlər görüləcəkdir. Bu yolda biz də əlimizdən gələni əsirgəməməli, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi göz bəbəyi kimi qorumalı və ölkə rəhbəri ətrafında sıx birləşərək həyata keçirtdiyi möhtəşəm işlərə dəstəyimizi verməliyik.
Səyyar qəbul-görüşdə iştirak edən sakinlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Sakinlər çıxışlarında son illər respublikada və rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri və sosial layihələrdən razılıqla danışaraq, rahat yaşayışlarının təmin edilməsindən ötrü həyata keçirilən dövlət tədbirlərinə, həmçinin torpaqlarımızı işğaldan azad etdiyinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Eyni zamanda ərazidə səyyar qəbul keçirtdiyinə və söylənən təkliflərə həssaslıqla yanaşdığına görə icra başçısından razılıq edərək, Vaqo kənd məscidinin ərazisində dəstəmaz yerinin düzəldilməsi üçün icazə verilməsinə, yaşayış məhəlləsinin qazlaşdırılmasına, sel-sularının vurduğu ziyanın aradan qaldırılmasına, elektrik xətt təsərrüfatının yenilənməsinə, Vətən müharibəsi şəhidi Zülfü Ağayevin ailəsinin yaşadığı evə gedən yolun asfalt olunmasına köməklik göstərilməsini xahiş etmişlər.