Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev növbəti səyyar qəbul-görüşü Kijəbə qəsəbəsinin Lovayın yaşayış massivində keçirtmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.
İcra başçısı kənd sakinlərini salamlayaraq qeyd etmişdir ki, ölkə başçısının tapşırığına əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin yerlərdə görüşlər keçirməsi, vətəndaşları narahat edən məsələləri öyrənib həlli istiqamətində operativ tədbirlər görülməsinə xidmət edir. Ona görə də sakinlərlə mütəmadi olaraq görüşlər keçiririk. Ayrı-ayrı vaxtlarda Kijəbə qəsəbə nümayəndəliyinin də bütün yaşayış məntəqələrində görüşlərimiz olub. Lovayında son zamanlar xeyli işlər görülmüşdür. Əsas avtomobil yolu asfaltlaşdırılmış, qazlaşma, elektrik enerjisi ilə fasiləsiz təminat və digər vacib məsələlər öz həllini tapmışdır.
Buranın camaatı zəhmətsevər, torpağa bağlı insanlardır. Bilirəm ki, burada sitrus bağçılığı ilə yanaşı xeyli insan calaqçılıq, dekorativ bitkilərin yetişdirilməsi ilə məşğuldur və rayonumuzla yanaşı respublikanın hər yerinə yetişdirdikləri tingləri sata bilirlər. Bu çox yaxşıdır. Bunu daha da inkişaf etdirmək, təsərrüfatı genişləndirmək lazımdır. Yəqin məlumatınız var ki, qonşu Səlivə-Sərək ərazisində 120 hektarda yeni bağ salınır. Keçən həftə orada 40 hektarda salınmış avokado bağında olmuşam. Bu ekzotik meyvə bağı respublikamızda bir ilkdir. Onun yetişdirilməsini də öyrənmək və yaymaq lazımdır. Bununla yaxşı gəlir əldə edə bilərsiniz.
İcra başçısı kəndin torpaqlarının subtropik və sitrus bitkiçiliyi üçün olduqca əlverşli olduğunu vurğulayaraq boş qalan hər qarış torpağın əkilməsinin vacibliyini, bunun insanların ailə büdcəsinə böyük səmərə verəcəyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, dövlətin aqrar sahənin inkişafı ilə əlaqədar yaratdığı imkanlardan səmərəli istifadə edilməli, əkinə yararlı bütün torpaqların əkilməsi üçün qüvvələr səfərbərliyə alınmalıdır. Yeni məhsuldar sitrus bitki sortlarının yetişdirilməsinə diqqət artırılmalı, yüksək məhsuldarlıq əldə etmək üçün səmərəli vasitələrdən istifadə edilməlidir. Yəqin məlumatlısınız ki, yeni salınan sitrus bağının hər hektarına on min manata qədər subsidiya və gübrələr verilir.
Qəsəbənin əsasən sitrusçuluqla məşğul olan kəndlərinin suvarma suyu ilə təmin edilməsində olan çətinliklər uzun müddət idi ki,bizi narahat edirdi. Gündən-günə artan təsərrüfatlar, xüsusən salınan sitrus bağları alternativ su mənbələri ilə suvarılsalar da, əhali bu işdə çətinliklərlə üzləşirdi. Hazırda bu kəndlərin suvarma suyuna olan ehtiyacını ödəmək üçün Lovayın su anbarından Ojakəran kəndinə yeni suvarma xətti çəkilir. Orada tikiləcək su anbarından bütün ətraf ərazilər suvarma suyu ilə təmin olunacaq ki, bu da böyük bir problemin həlli deməkdir.
Görülən işlərin Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin uğurlu nəticəsi olduğunu bildirən icra başçısı, bundan sonra da əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini əminliklə söyləmişdir.
Səmimi görüşə görə icra başçısına minnətdarlıq edən iştirakçılar son illər respublikamızda və rayonumuzda görülən işlər, qazanılan uğurlar barədə fikirlərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər həmçinin 800 metrə yaxın avtomobil yolunun asfalt olunmasına, elektrik xətt təsərrüfatının yenilənməsinə, Lovayın kənd tam orta məktəbi üçün yeni binanın tikilməsinə, məhəllələrindən keçən qaz borusunun təmir edilməsinə və qaz xəttinin çəkilməsinə, avtomobil körpüsünün təmirinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı görüş zamanı qaldırılan müəyyən məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermiş, digər məsələlərin həlli barədə müzakirələr aparılaraq müvafiq qərarları qəbul ediləcəyini bildirmişdir.