Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhali ilə növbəti görüşünü Pensər kəndində keçirtmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, ildə ən azı bir dəfə rayonumuzun yaşayış məntəqələrində əhali ilə görüşməyə çalışırıq. Bu artıq ənənəvi hal alıb. Bu nümayəndəlikdə də Pensər və Çayoba kəndlərində dəfələrlə görüşlərimiz olub. Hər görüşdən sonra kənddə olan yenilikləri görəndə biz də sevinirik. Son illər Pensər və Çayoba kəndlərində yeni məktəb binaları inşa edilmiş, 1 nömrəli məktəbə və uşaq bağçasına gedən yollar asfaltlaşdırılmış, müasir çay fabriki, istirahət mərkəzləri və idman meydançası tikilmiş, qazlaşdırma aparılmış, internet xətti çəkilmiş və digər işlər görülmüşdür. Bu sizinlə birgə qarşılıqlı əməli fəaliyyətin nəticəsidir. Pensər kənd 1 saylı tam orta məktəbinin əsaslı təmiri və mədəniyyət evi üçün yeni binanın tikilməsi ilə bağlı təklifləriniz barədə aidiyyəti üzrə məlumat verilmiş, gələcəkdə bunlar da həllini tapacaqdır.
Rayonumuzun inkişafı, sosial layihələrin icrası daim diqqət mərkəzindədir. Hər birimizi narahat edən əsas məsələlərdən biri illərdir təmir olunmayan Çayobadan Astara şəhərinədək olan 26 kilometrlik avtomobil yolunun bərbad vəziyyətdə olması idi. Hazırda cənab Prezidentin Sərəncamı ilə ayrılan vəsait hesabına bu magistral avtomobil yolu yenidən qurulur. Tezliklə rahat və müasir bir yol istifayə veriləcəkdir. Bütün bunlar güclü iqtisadi dayaqlara malik dövlətimizin öz vətəndaşlarına olan yüksək qayğı və diqqətinin bariz nümunəsidir.
Ziyalı, vətənpərvər insanlar olan Pensər kənd sakinlərinin həm də zəhmətsevər olduqlarını qeyd edən icra başçısı əkilməyən torpaqların əkin dövriyyəsinə qaytarılmasının vacibliyi və faydası barədə danışmışdır. Hazırda Çayoba və Pensərdə daha bir kənd təsərrüfatı layihəsinin icrasına başlandığını xatırladaraq bu fürsətdən yararlanmağı tövsiyə etmişdir.
İcra başçısı qeyd etmişdir ki, hazırda dövlətimiz əsas diqqətini işğaldan azad edilən ərazilərimizin bərpasına yönəltmişdir. İşğal dövründə erməni vandalları Qarabağ torpağının bütün infrastrukturunu vəhşicəsinə talan edərək dağıtmışlar. Gözəl yaşayış məntəqələrimiz düşmən tərəfindən xarabalıqlara çevrilib. Şükür ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz torpaqlarımızı işğaldan azad edərək, erməni terrorçularından təmizləmişdir. İndi Şanlı Azərbaycan Bayrağının əzəmətlə dalğalandığı həmin ərazilərdə sürətli tikinti-quruculuq işləri aparılır. Bütün bunları qüdrətli dövlətimiz öz maliyyə vəsaiti hesabına planlı şəkildə aparır. Dağıdılmış şəhər və kəndlərimiz sürətlə bərpa edilərək soydaşlarımızın doğma məkanlarına qayıdışı həyata keçirilir.
İcra başçısı ölkədə həyata keçirilən sosial layihələrin icrasının davamlı olacağını diqqətə çatdırmış, kənd sakinlərini ölkə rəhbəri ətrafında sıx birləşməyə, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirtdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırmışdır.
Görüş iştirakçıları çıxışlarında ölkəmizdə insanların həyat səviyyəsinin yüksəldilməsinə istiqamətlənən çoxsaylı dövlət tədbirlərinin həyata keçirilməsindən məmnunluq duyduqlarını, cənab Prezidentin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar həyata keçirtdiyi tədbirlərdən razılıqla danışaraq ölkə başçısına hədsiz minnətdarlıqlarını bildirmişlər. Sakinlər Pensər kənd 1 saylı tam orta məktəb binasının əsaslı təmir edilməsinə, kənd ara yolunun asfalt olunmasına, uşaq bağçası və mədəniyyət evi üçün yeni binanın tikilməsinə, məişət tullantılarının utilizasiyasının həyata keçirilməsinə, məhəllə yolunun kənarında olan kanalların qazılmasına, rayonun Kələdəhnə ərazisində Pensər kənd sakinlərinə məxsus 140 hektarlıq torpaq sahəsinin zəbtdən azad edilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
Səyyar qəbul-görüşdə sakinlərin arzu və təklifləri dinlənilmiş, irəli sürdükləri məsələlərin həlli ilə əlaqədar müzakirələr aparılaraq tədbirlər müəyyənləşdirilmişdir.
Sonda icra başçısı cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Sevil Mehrəliyevaya “Tərəqqi” medalını təqdim etmiş, təbrik edərək gələcək fəaliyyətində uğurlar arzulamışdır.