Təhsil cəmiyyətin inkişafını, hərtərəfli tərəqqisini şərtləndirən başlıca amillərdən biridir. Ümummilli Lider Heydər Əliyev təhsilimizin gələcəyini onun keyfiyyətinin yüksəldilməsində görürdü. Cənab Prezident İlham Əliyev də öz çıxışlarının birində qeyd etmişdir ki, təhsilin yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda oynadığı rol bu gün daha aktualdır. Bizim məqsədimiz elmi inkişafla milli inkişafın ümumi səviyyəsi arasında əlaqə yaratmaq və elm, ali təhsil və iqtisadiyyat arasında hormoniyanı təmin etməkdir. Cənab Prezidentin belə fikirləri milli təhsilimizə, bütövlükdə isə Azərbaycanın müasirləşməsi və dünyanın inkişaf etmiş ölkələri sırasına çıxmasına hədəflənmiş konservativ baxışdır.
Son illər Astara rayonunun təhsil sistemində uğurlar artmaqdadır. Zəngin maarifçilik ənənələrinə malik olan doğma Astaramız təhsil sahəsində respublikanın öndə gedən rayonlarından biridir. Ölkədə və beynəlxalq platformalarda keçirilən bilik yarışlarında, fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə, həmçinin idman yarışlarında şagirdlərimiz yüksək nəticələr qazanmışlar.
Rayon üzrə ümumtəhsil məktəblərində 17361 nəfər şagird təhsil alır. Hər il respublikanın ali və orta ixtisas məktəblərinə Astaradan yüzlərlə şagird yüksək bal toplayaraq müxtəlif ixtisaslara yiyələnirlər. Bununla yanaşı xarici ölkələrdə təhsil almağa gedənlər də az deyil.
2024-cü ildə DİM tərəfindən keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında rayonun ümumtəhsil məktəblərinin şagirləri yüksək nəticələr göstərmişlər. Astara şəhər M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbinin 52 məzunundan 17 nəfəri 200-dən yuxarı bal toplamışlar. Bunların içərisində Fəridə Əliyeva 296 balla rayonda ən yüksək nəticə göstərmişdir. Malik Musayev, Nəsir Sadıxov, Xədicə Ələskərli, Hüseyn Məmmədzadə, Nərgiz Nəsirova, Nurayə Axundova, Aysel Cabbarova və Sadiq Məmmədov 250-dən çox bal toplamışlar. Astara şəhər 5 saylı tam orta məktəbinin 9 nəfər şagirdi də buraxılış imtahanlarında 200 –dən yuxarı bal toplamışdır. Şəhər məktəbləri ilə yanaşı kənd məktəblərində də təhsil sahəsində son zamanlar inkişaf görünməkdədir. Ərçivan və Kijəbə qəsəbə tam orta məktəblərinin, Maşxan, Təngərüd, Pensər, Sım, Hamoşam, Toradi, Siyaku, Şağlazüzə, Marzəsə, Pəlikəş, Şuvi kənd tam orta məktəblərinin şagirdləri də buraxılış imtahanlarında yaxşı nəticələr göstərmişlər. Sım kənd tam orta məktəbinin şagirlərindən Aran Mikayilov 235 bal, Nəsimi Orucov 223 bal, Kənan Abbasov 207 balla məktəbin ən yaxşıları olmuşlar. Bütün bu göstəricilər rayonumuzda təhsil sahəsində inkişafın bariz nümunəsidir.
Müasir dünyanın ən başlıca tələblərindən biri savadlı kadrlar yetişdirmək, gələcək nəsillərə onun sahib olduğu tarixi, mədəniyyəti və dəyərlərini miras qoymaqdır. İnanırıq ki, gənclərimiz yüksək biliklərə nail olmaqla bu dəyərlərə sahib çıxar, onları qoruyar, davam və inkişaf etdirərlər.