Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev növbəti səyyar qəbul-görüşü ən ucqar dağ kəndlərindən olan Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bəlbay kəndinin əhalisi ilə keçirtmişdir.
Bildirmişdir ki, əvvəllər keçirtdiyimiz görüşlər həmişə səmərəli olmuş, təklifləriniz əsasında qaldırılan məsələlər birgə səylərimizlə həllini tapmışdır. Bu gün isə bu məsələlərin ən vacibi olan, illərdir bizi narahat edən kəndə avtomobil yolunun çəkilişinə nail olmuşuq. Bu problemin həllini tapması sakinlərin yaşayışını xeyli asanlaşdıracaq. Bu gün hər bir kənd sakini qədər biz də sevinirik. Yeni yolun salınması münasibəti ilə hər birinizi təbrik edirəm. Ümumilikdə götürəndə son illər nümayəndəliyin ərazisində xeyli iş görülmüşdür. Asxanakəran, Motalayataq, Anbuba və Azaru kəndlərində yeni məktəb binaları tikilmiş, Taxtanəkəran-Toradi avtomobil yolu və Asxanakəran kəndinin mərkəzindən 2,5 kilometrlik məsafədə yerləşən Azaru kəndinə gedən yol asfaltlaşdırılmış, əvvəllər Lerik rayonu ərazisindən çəkilən yüksək gərginlikli elektrik xətti ləğv edilərək Siyaku kəndi ərazisindən yeni elektrik xətti çəkilmişdir. Hazırda sürətli internet şəbəkəsinin çəkilməsinə başlanmışdır.
Pəlikəş, Hamoşam, Asxanakəran nümayəndəliklərini birləşdirən Reqloba-Dolu yeni avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Bu yolun ərazi üçün böyük əhəmiyyəti var. Yoldan əhali alternativ yol kimi istifadə etməklə, həm də yeni bir turizm marşrutu açılır ki, rayonumuza gələn qonaq və turistlər mənzərəli təbiət abidələri ilə zəngin olan bu yerləri asanlıqla gəzə bilərlər.
Ən ucqar yaşayış məntəqələrində sosial problemlərin həlli böyük inkişaf yolunda olan ölkəmizin gücünü göstərir. Ulu Öndər Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanımızın onun siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti ilə uğurlu inkişafı bizə əsas verir deyək ki, belə layihələrin icrası bundan sonra da davam edəcəkdir.
İcra başçısı qeyd etmişdir ki, bu siyasətin nəticəsidir ki, illərdir mövcud olan, dövlətimiz və xalqımız üçün baş ağrısına çevrilmiş Qarabağ problemi möhtərəm Prezidentimizin səyləri ilə həllini tapmışdır. Vətənin müdafiəsinə qalxan igid oğullarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşməni məhv edərək müqəddəs torpaqlarımızı azad etdilər. Düşmənin darmadağın edilməsi ilə bütün şəhidlərimizin qisası alındı. Hazırda vəhşi ermənilərin dağıtdığı, talan etdiyi Qarabağda və Şərqi Zəngəzurda sürətli bərpa-quruculuq işləri aparılır. Bütün infrastruktur yenidən ən müasir şəkildə qurulur. Soydaşlarımızın mərhələli şəkildə doğma torpaqlara qayıdışı hər birimizi sevindirir və qürur verir.
Kənd sakinləri çıxış edərək cənab Prezident İlham Əliyevin əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirtdiyi tədbirlərdən razılıqlarını bildirmiş, bu diqqət və qayğıya görə ölkə rəhbərinə hədsiz minnətdarlıq ifadə etmişlər. Ölkəmizin uğurlarından, qazanılan nailiyyətlərdən bəhs edərək görülən quruculuq-abadlıq işlərini ürəkdən alqışlamışlar. Qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına dərin təşəkkürlərini bildirmişlər. Sakinlər görülən işlərlə yanaşı kəndə internet şəbəkəsinin və qaz xəttinin çəkilməsinə, odun yanacağının tədarükünə, yeni çəkilən avtomobil yolunda su ötürücü boruların qoyulmasına köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı vətəndaşlar tərəfindən verilən təklif və qaldırılan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlərin görüləcəyini bildirmişdir.
Qəbuldan sonra icra başçısı şəhid Bəxtiyar Rüstəmovun məzarını ziyarət etmişdir.