Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev növbəti səyyar qəbulu Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Dürriyə kəndində keçirtmişdir. Rayonun idarə və müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən görüş sakinlər tərəfindən razılıqla qarşılanmışdır.

İcra başçısı bildirmişdir ki, burada və nümayəndəliyin ayrı-ayrı kəndlərində dəfələrlə səyyar qəbullar keçirtmişik. Ancaq bu günkü görüşümüz hamısından fərqlidir. Bu gün çoxdan arzusunda olduğunuz və bizi çox narahat edən ən böyük problem həllini tapıb. Əvvəllər keçirtdiyimiz hər görüşdə birinci növbədə yol problemini qaldırır və həllinə köməklik istəyirdiniz. Budur artıq cənab Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına 5 kilometrlik Dürriyə-Şümrüd yolu tikilərək istifadənizə verilmişdir. Bu münasibətlə hər birinizi təbrik edir və bu yüksək qayğıya görə cənab Prezidentimizə dərin minnətdarlığımızı bildirirəm.

İcra başçısı son illər Dürriyə kəndində və nümayəndəliyin digər yaşayış məntəqələrində mühüm  əhəmiyyətli işlərin görüldüyünü bildirmişdir. 8 müasir tipli məktəb və Pəlikəş kənd sahə xəstəxanası üçün yeni binaların tikildiyini, mövcud olduğu tarixdən yolu və işığı olmayan Dolu, Diqo, Şəvqo, Sibiyyət, Avyarud kəndlərinə avtomobil yollarının və elektrik xəttinin çəkildiyini, yeni transformatorların qoyulduğunu, elektrik xətt təsərrüfatında vaxtaşırı təmir işlərinin aparıldığını, torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş 18 ailə üçün yeni fərdi yaşayış evlərinin tikildiyini, Sibiyyət kəndindən Şeyx Nəsrullah ziyarətgahına gedən yolda avtomobil körpüsünün salındığını diqqətə çatdırmışdır.

İcra başçısı sıldırım qayaların qoynunda, çətin relyefdə yerləşən Dolu kəndindən Reqloba kəndinə və Diqoli yaşayış massivinə 5,5 kilometrlik avtomobil yolunun salınması ilə ərazinin daha bir böyük probleminin həll olunduğunu bildirmişdir. Bu dairəvi yol Pəlikəş, Hamoşam və Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri arasında məsafəni qısaltmaqla rahat gediş-gəlişi təmin edəcək. Taxtanəkəran-Toradi yolunun yüksək dağ qurşağındakı hissələri sərt qışda qar və buz bağlayanda Hamoşam və Asxanakəran nümayəndəliklərində yaşayan əhali bu yoldan rahat və təhlükəsiz istifadə edə bilərlər. Füsunkar təbiət mənzərələri ilə zəngin olan yaylaq ərazilərinə çatmaqla yeni turizm marşrutu əmələ gətirən bu yolda çoxlu sərin bulaqlar, yaşıl yamaclar, geniş düzənliklər, mağaralar, qalalar vardır. Bu yol dövlət sərhədinə qədər uzandığına görə sərhədçilərin işini də xeyli asanlaşdırır. Hazırda Heydər Əliyev Fondu hesabına Şümrüd kənd tam orta məktəbi üçün yeni binanın tikintisindən ötrü hazırlıq işlərinə başlanılmış, nümayəndəlik ərazisində yüksək gərginlikli elektrik xətlərinin yenilənməsi və genişzolaqlı internet şəbəkəsinin qurulması işləri görülür. Bunlarla yanaşı ən böyük layihələrdən biri olan, hamımızın mütəmadi istifadə etdiyi Çayobadan İran sərhəddinədək 26 kilometrlik magistral avtomobil yolunun əsaslı təmiri və yenidən qurulması yüksək səviyyədə davam edir. Bütün bu işlər cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilir.

İcra başçısı qüdrətli dövlətimiz üçün bugünkü gündə həlli mümkün olmayan problem yoxdur deyə vurğulamışdır. Azğın düşmənin işğal dövründə Qarabağı və Şərqi Zəngəzuru tamamilə taladığını, bütün infrastrukturu vəhşicəsinə dağıtdığını bildirmişdir. Qeyd etmişdir ki, hazırda azad edilən torpaqlarda sürətli tikinti-bərpa işləri aparılır. Cənab Prezident təkcə ayrı-ayrı sosial obyektlərin deyil, bütöv şəhərlərin, kəndlərin təməlini qoyur, açılışlar edir. Bu dünyada görünməmiş bir hadisədir. Bütün bu işlərin böyük maliyyə vəsaiti tələb etməsinə baxmayaraq güclü iqtisadiyyata malik dövlətimiz bunun öhdəsindən məharətlə gəlir. Bu qədər qlobal layihələrin icrası ilə yanaşı bölgələrimizdə, rayonlarımızda da quruculuq-abadlıq işləri öz axarı ilə davam edir. Biz rayonumuzun timsalında bunu aydın şəkildə görürük.

Rayon mərkəzindən xeyli uzaqda, dağlıq ərazidə yerləşən kəndlərdə görülən yüksək səviyyəli abadlıq, quruculuq işlərinin dövlətin öz vətəndaşlarına böyük diqqət və qayğısının təzahürü kimi qiymətləndirən sakinlər ölkə rəhbəri möhtərəm cənab İlham Əliyevə dərin hörmət və ehtiramlarını bildirmişlər. Çıxış edənlər kənddə həkim məntəqəsinin açılmasına, pay torpaqlarının yerlərinin göstərilməsinə, Vətən müharibəsi qazisinin evinə yol çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı sakinləri dinləyərək yerində həlli mümkün olan məsələlər barədə aidiyyəti üzrə tapşırıqlar vermiş, digərlərinin həlli barədə tədbirlərin müəyyənləşdiriləcəyini bildirmişdir.