Müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti xalqımızın dövlətçilik tarixində müstəsna yer tutur. Məhz dahi şəxsiyyət Heydər Əliyevin sayəsində xalqımızın arzuladığı milli dövlətçilik amalları gerçəkləşdirilmiş və dayanıqlı müstəqil Azərbaycan dövləti qurulmuşdur.

Respublikamızın ən çətin, ən ağır günlərində ona rəhbərlik edən və dövlətimizin inkişafı üçün gecə-gündüz dayanmadan çalışan Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, həmin irsin öyrənilməsinə, təbliğinə və tətbiqinə bundan sonra belə uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyərək yeni nəsillər üçün nümunə olmağa davam edəcəkdir.

Heydər Əliyev Respublikaya rəhbərlik etdiyi dövrdə ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə yönəlmiş uzaqgörən və müdrik addımlar atmışdır.Xalqımızı və dövlətimizi xaricdən gələn və daxildə cərəyan edən təhlükələrdən xilas edərək, müstəqil, dünyəvi Azərbaycan dövlətini qurmaq missiyasına “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, böyük təcrübəsi, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş Sovetlər Birliyindən miras qalmış rejim əvəzinə demokratik–hüquqi dövlət yaratmağa müvəffəq oldu.1993–cü ildə ulu öndərimiz qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

Bütün işlərində ardıcıl olan, tədbirli və planlı davranan, qarşıya qoyulan bütün məqsədlərinə və hədəflərinə nail olan Ulu Öndər 1997–ci ildə demişdir: “Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir”.

Ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün Heydər Əliyevin 1994–cü ildə imzaladığı xüsusi fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. Eyni zamanda, milli dövlətçiliyin inkişafında korrupsiyanın aradan qaldırılmasının əhəmiyyəti nəzərə alınaraq bu ümumbəşəri sosial bəla ilə mübarzəyə başlanıldı.

Hüquq–mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilən qəti tədbirlər nəticəsində cəmiyyətdə hökm sürən hərc–mərcliyə və özbaşınalığa birdəfəlik son qoyuldu.Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat–qat çətin olduğunu deyən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi.

Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi.Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi cox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən dahi öndərimiz bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etmişdir.“Konstitusiya yaratmaq üçün, şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik” – deyən ulu öndər Heydər Əliyev konstitusiyaçı alim kimi bu sahədə bütün problemləri öyrənərək və görkəmli filosofların elmi irsinə mükəmməl yiyələnərək Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını yaratdı.Dahi rəhbər qeyd olunan Komissiyanın 10 noyabr 1995–ci il tarixli iclasında demişdi: “Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bugünü, gələcəyi üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq”.

Həqiqətən də, bu sənəd dünyada nadir konstitusiyalardandır ki, burada demokratik–hüquqi dövlətin bütün prinsipləri – qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmiş, Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilmişdir.

Həmin dövrdə ölkəmizdə müxtəlif sahələr üzrə islahat komissiyaları yaradılsa da, hüquqi dövlət quruculuğuna və hüquq sisteminin islahatına müstəsna əhəmiyyət verən ümummilli liderimiz Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdü və islahatlara şəxsən rəhbərlik etdi.

Həmçinin hal-hazırda əməkdaşı olduğum prokurorluq Heydər Əliyevin şəxsi təşəbbüsü ilə demokratik cəmiyyətə uyğun yenidən qurulmuş, onun əsas funksiyası cinayət təqibini həyata keçirmək və çəkişmə prinsipinə tam uyğun olaraq dövlət ittihamını müdafiə etməkdən ibarət olmuşdur.

Heydər Əliyevin Prezident olduğu dövrdə “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat–axtarış fəaliyyəti haqqında” və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun və bütün əsas məcəllələrin layihələri hazırlandı və nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi.

Liderimizin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri, şübhəsiz ki, ölüm cəzasının ləğvi olmuşdur. 1993–cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998–ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiqləyir.

Ümummilli liderimiz 3 fevral 1998–ci il tarixli müraciətində deyirdi: “Mən cinayət–hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Bir qədər sonra, həmin ilin dekabrında BMT–nin ümumdünya insan hüquqları bəyannaməsinin 50 illik yubileyi tədbirində bu addıma qiymət verərək, o demişdi: “Ölüm hökmünün ləğv olunması hansısa bir cinayətkara rəhm etmək məqsədi daşımır. Bu, ümumbəşəri, ümumxalq əhəmiyyətinə malik bir məsələdir. Ölüm hökmünün ləğv olunması onu göstərir ki, respublikamız, müstəqil Azərbaycan dövləti humanist siyasət aparan bir dövlətdir”.

Bu tarixi addım fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığa əsaslanmaqla şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan ulu öndərin gələcək nəsillərə misilsiz töhfəsi oldu. Ölüm cəzasının ləğvi Azərbaycanın demokratik–hüquqi dövlət quruculuğu yolunda olduğunu bir daha sübut etdi.

Sovet İttifaqı dövründə az tətbiq olunan əfv və amnistiya institutlarının Heydər Əliyev tərəfindən bərpası da olduqca mühüm əhəmiyyətə malikdir. Məhz bu humanist siyasətin nəticəsidir ki, məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir.

Dahi öndərin rəhbərliyi ilə aparılmış köklü məhkəmə–hüquq islahatları nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000–ci ildən yeni, üçpilləli müstəqil məhkəmə sistemi yaradıldı.Bu sistemin üstünlüyü ondan ibarətdir ki, o, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə, həmçinin məhkəmə qərarlarından şikayət vermək hüququna təminat verir, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqa və fakta görə apelyasiya qaydasında yoxlanılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yenidən baxılmasına imkan verir

Ulu Öndərimiz 2000-ci ildə Vaşinqtona səfəri zamanı beynəlxalq konfransda ölkəmizdə aparılan məhkəmə–hüquq islahatlarını belə qiymətləndirmişdi: “Biz Azərbaycanın məhkəmə sistemini tamamilə yeni səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu”.

Hüquqi dövlət quruculuğunun Azərbaycan modelini yaratmış ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu məhkəmə–hüquq islahatları bu gün də onun layiqli davamçısı, Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam edir.

 

Allahyar Məmmədli, Astara rayon prokurorunun böyük köməkçisi,

II dərəcəli hüquqşünas