Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəfəq” Ekoturizm İctimai Birliyinin icra etdiyi “Aqroturizmin təşviqi” layihəsi çərçivəsində Astara rayonunun Kijəbə qəsəbəsində kənd təsərrüfatı subyektləri, turizm sahəsində çalışan şəxslər, eyni zamanda digər maraqlı şəxslər üçün seminar təşkil olunmuşdur. Tədbirdə Kijəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları da təmsil olunmuşdur. Tədbirdə ümumilikdə 22 nəfər iştirak etmişdir.
Tədbirin proqramı və layihənin məqsədi ilə bağlı birliyin prezidenti, layihə rəhbəri Vamiq Babayev tərəfindən geniş məlumat verilmiş, layihənin hədəfləri iştirakçıların diqqətinə çatdırılmışdır.
Birliyin idarə heyyətinin üzvü, layihə üzrə ekspert Rafət Şirəliyev tərəfindən iştirakçılarla aqroturizm fəaliyyəti, turizm və kənd təsərrüfatının uyğunlaşdırılması, aqroturizm məhsulları və onların yaradılması, aqroturizmin faydaları, regionda aqroturizm imkanları, aqroturizm sahibkarlıq fəaliyyəti kimi, biznes yanaşması mövzusunda məlumatları bölüşüb və müzakirələr aparılmışdır.
Tədbirin sonunda iştirakçılar tədbirin onlar üçün əhəmiyyətini qeyd edib gələcəkdə kənd təsərrüfatı sahibkarlarına aqroturizm fəaliyyətinin qurulmasında əlavə dəstəyin verilməsinin vacib olduğunu qeyd etmişlər. Yekunda tədbirdə sonadək iştirak edən iştirakçılara sertifikatlar təqdim edilmişdir.
Məlumat üçün bildiririk ki, növbəti silsilə seminarlar Lənkəran və Masallı rayonlarında həyata keçirilməsi və layihənin yekununda KİV, QHT, Turizm şirkətlərinin nümayəndələri və digər ictimai-fəal gənclərin iştirakı ilə regionda 3 günlük infoturun təşkili də nəzərdə tutulmuşdur.
Qeyd edək ki, layihənin məqsədi müvafiq olaraq istehsal və xidmət sahəsində kiçik və orta sahibkarlığı inkişaf etdirmək, ailə kəndli təsərrüfatlarının fəaliyyətini stimullaşdırmaq, onların məşğulluq problemlərinin həllinə kömək etmək və aqroturizm potensialının alıcılara çatdırılmasını təşviq etməkdir.