Rayonda yazlıq bitkilərin əkini  başa çatmışdır. Cari ilin  iyun  ayının  20-nə  4062,7   hektar  sahədə  yazlıq  bitkilərin əkini  aparılmış və keçən ilin müvafiq dövrünə nisbətən 44,6 hektar və ya 1,1 faiz azalmışdır. Cari ilin yazında  641,7 hektar  sahədə  dənli  və dənli  paxlalı  bitkilər (qarğıdalısız), 182,5 hektar sahədə  dən üçün  qarğıdalı, 915,0 hektar  sahədə  kartof,  1875,6  hektar sahədə  tərəvəz, 369,0  hektar  sahədə bostan bitkiləri və 78,9 sahədə çoxillik bitkilərin səpini aparılmışdır.

Hesabat məlumatlarına əsasən 2024-cü ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq   bitkilərin ümumi əkin sahəsi 5490,4 hektar olmuş və keçən illə müqayisədə 17,3 hektar və yaxud 0,3 faiz artmışdır.

Rayon   üzrə əkin sahəsinin 957,2  hektarını və  yaxud  17,4 faizini dənli  və dənli paxlalı  bitkilərin, 3159,6 hektarını (57,6 faiz) kartof, bostan  və  tərəvəz bitkilərinin, 1373,6 hektarını (25,0 faiz)  yemlik bitkilərin əkin sahələri təşkil  etmişdir.

Dənli və dənli paxlalılar. Dənli və dənli paxlalı bitkilərin  115,8 hektarını (12,1 faiz) buğda, 17,2 hektarını (1,8 faiz) arpa, 6,7 hektarını (0,7 faiz) vələmir, 290,0  hektarını (30,3 faiz) çəltik, 182,5 hektarını (19,1 faiz) dən üçün qarğıdalı, 345,0 hektarını (36,0 faiz) paxlalı bitkilərin  əkin sahələri təşkil etmişdir.

Cari ildə dənli və dənli paxlalı bitkilərin əkin sahəsi  əvvəlki ilə nisbətən 51,4 hektar və yaxud 5,7 faiz artmışdır.  2024-cü  ilin məhsulu  üçün 115,8 hektar sahədə  buğda, 17,2 hektar sahədə isə arpa əkilmişdir ki, bu əkinlərin hamısı 2023-cü ilin payızında əkilmişdir.

Kartof, tərəvəz və bostan bitkiləri. Ümumi  əkin sahəsinin  3159,6  hektarı (57,6 faiz)  kartof, tərəvəz  və  bostan bitkiləri əkinlərinin  payına düşmüş və keçən ilə nisbətən 1,7 faiz azalmışdır. Bunun 915,0 hektarı (28,9 faiz) kartof,  1875,6 hektarı (59,4 faiz) tərəvəz, 369 hektarı (11,7 faiz) isə bostan bitkilərinin əkin sahələridir.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə  kartofun əkin sahəsi  14,5  hektar (1,6 faiz), tərəvəzin əkin sahəsi  30,9 hektar (1,6 faiz), bostan bitkilərinin əkin sahəsi  isə 9 hektar (2,4 faiz)  azalmışdır.

Yemlik bitkiləri. Ümumi əkin sahəsinin  1373,6 hektarı  və  ya 25,0 faizi yemlik bitkilərin payına düşmüşdür. Yemlik bitkilərin 78,9  hektarını (5,7 faiz) cari ilin çoxillik otları, 1294,7 hektarını (94,3 faizini)  keçən illərin çoxillik otlarının əkin sahəsi təşkil etmişdir. 2024-cü ildə yemlik bitkilərinin əkin sahəsi əvvəlki ilə nisbətən 1,5 faiz artmışdır.

Əhali təsərrüfatları üzrə 706,7  hektar  sahədə dənli bitkilər (qarğıdalısız), 182,5 hektar sahədə qarğıdalı, 914 hektar sahədə  kartof,  369 hektar sahədə  bostan bitkiləri, 1875,6  hektar sahədə tərəvəz və 1248,8 hektar sahədə  yem bitkiləri   əkilmişdir.

Kənd təsərrüfat müəssisələri üzrə  2024-cü ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq   bitkilərin ümumi əkin sahəsi 193,8 hektar olmuş və keçən illə müqayisədə 32,0 hektar və yaxud 19,8 faiz artmışdır.

 

Şövqiyyə Məmmədova,

Astara Rayon Statistika İdarəsinin rəis müavini