17 iyul 2024-cü il tarixində rayon icra hakimiyyətinin inzibati binasında Xəzər dənizi sahili boyunca fəaliyyət göstərən turizm obyektlərində yay mövsümü ilə əlaqədar və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Çimərliklərin təmiz saxlanılması” və “Çimərlik operatorlarının göstərdiyi xidmət çeşidlərinin artırılması” mövzularında maarifləndirici tədbir və Astara şəhəri ərazisində yerləşən çimərlikdə təlim keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri, FHN-nin Cənub Regional Mərkəzinin, Lənkəran Regional Turizm İdarəsinin, QTA-nın Lənkəran Regional bölməsinin, Astara Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, Xəzər dənizi sahili boyunca fəaliyyət göstərən turizm obyektlərinin sahibləri iştirak etmişdir.
Rayon icra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanverdi Şirinovun sədirliyi ilə baş tutan tədbirdə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Aqil Əhmədov, Lənkəran Regional Turizm İdarəsinin əməkdaşı İlkin Əliyev, FHN-nin Cənub Regional Mərkəzinin Marifləndirmə sektorunun müdiri Zaur Hüseynov, QTA-nın Lənkəran Regional bölməsinin nümayəndəsi Şəhriyar Əsədov, Astara Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı Famil Abdullayev mövzular ilə bağlı çıxışlar etmiş, tədbir iştirakçılarına rayon ərazisində olan çimərliklərdə mövcud vəziyyət, bu sahə üzrə görülmüş işlər, həlli vacib məsələlər və problemlər barəsində, çimərlik ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi qaydaları haqqında, eyni zamanda çimərlik turizminin inkişafında müasir yanaşma, çimərlik operatorların bu sahənin turistlərə cəlbediciliyinin artırılması üçün göstərdikləri xidmət çeşidlərinin artırılması yolları, mövcud beynəlxalq təcrübələr haqqında məlumatlar verilmiş, o cümlədən iştirakçıların fikir və təklifləri dinlənilmiş, onlara maraqlı olan suallar dolğun cavablandırılmışdır.
Tədbirdən sonra rayon icra hakimiyyətinin dəstəyi və FHN-nin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Astara şəhəri ərazisində yerləşən çimərlikdə boğulma halları zamanı ilkin müdaxilənin göstərilməsi mövzusunda təlim keçirilmişdir. Təlimdən sora əhaliyə maarifləndirici kitabçalar paylanılmışdır.