Söz Ulu Tanrı tərəfindən yaradılmış ilk ilahi nəsnədir. Sözdən sonra hər şey yaranıb, hər şey adı ilə çağrılıb…
“Səncə, köhnə qızılmı, təzə sözmü yaxşıdır?
Söz sərrafı söylədi, söz dünyanın naxışıdır.”
Bir jurnalist kimi ilk gündən ta bu günə qədər sözün qədir-qiyməti mənim üçün həmişə əziz-xələf olub.
Jurnalist əməyinin arxasında enişli-yoxuşlu, rəngarəng, naxışlı bir dünya durur. Bu dünyaya xələl gəlməsin deyə kimi etik normalara hər zaman əməl etmişəm. Haqq dünyasında olan sevimli müəllimim Şirməmməd Hüseynovun bir sözünü xatırlatmaq yerinə düşər: “jurnalist olmaq və bu şərəfli adı daşımaq olduqca məsuliyyətlidir”.
Bəli, peşəmi sevdiyim üçün maddiyyatı heç düşünməmişəm. Çünki jurnalist maddi durumu düşünsə yaradıcılığı uğurlu alınmaz.
Ulu sələfim Həsən bəy Zərdabi kimi bütün çətinliklərə rəğmən öz peşəmə məhəbbətim heç zaman tükənməyib. Dünya ədəbiyyatında oxuduğum qiymətli bir fikrə istinad edərək: -“yoxsulluq yazar üçün ilham mənbəyidir”- həmişə söykənmişəm.
Ötən əsrdə Şərqdə ilk mətbu orqanın-1875-ci il iyulun 22-də yaradılması təəssübkar, naşir, təsisçi Həsən bəy Zərdabinin adı ilə bağlıdır. “Əkinçi” rəmzi ad daşısa da, əslində xalqın maariflənməsində, onların cəhalətdən, nadanlıqdan uzaqlaşmasında böyük tərbiyəvi əhəmiyyət kəsb etmişdir. Təqib, tənə, əzab-əziyyət, öz millətinin gələcəyini düşünmüş Həsən bəy Zərdabini heç zaman usandırmayıb. O, öz gücünə və maarifpərvər insanların sayəsində “Əkinçi”nin 56 nömrəsi ilə Azərbaycanın haqq səsini bütün dünyada eşitdirdi.
Çox təəssüf ki, Çar senzurası, təqiblər öz nəticəsini göstərir və ilk mətbu orqanımız “Əkinçi” sükuta dalır.
Həsən bəy Zərdabinin irsi bu gün fədakar, işini sevən jurnalistlər üçün gözəl ərmağandır. Əsl jurnalist qəlbinin atəşi, qələminin kəsəri ilə bu ərmağanı hifs etməyə mənən borcludur. “Hər vilayətin qəzeti gərək ol vilayətin aynası ola”- diləyi bütün haqqı sevən fədakar jurnalistlərin iş prinsipinə çevrilməlidir
1932-ci ildə “Ostoro kolxozçu” adı ilə həyata vəsiqə almış yerli qəzetimiz milli mətbuatımızın qaranquşu olan “Əkinçi” qəzetinin ənənəsinə uyğun olaraq uzun bir yol qət etmişdir. Yerli mətbu orqanı-“Astara” artıq ahıl ömrünü yaşayır. 92 ildir ki, bu qəzet rayonumuzu təmsil edir.
Amma ehtiraf etmək də bir cəsarətdir. Çünki, qəzet çox çətinliklə yaşadılır. Qəzetin maliyyə dəstəyi təşkilatlar tərəfindən abunə ilə bağlıdır. Yəni qəzetə nə qədər çox abunə yazılsa həm yerli mətbu orqanı, həm də “Astarainfo.az” xəbər portalının fəaliyyəti davamlı və müntəzəm olacaq.
Tarixi zəngin, uzun yol keçmiş 92 yaşlı “Astara”ya uzun ömür yaşatmaq diləyi ilə, əziz insanlar, gəlin hamılıqla qocaman mətbu orqanının uzunömürlü olmasına dəstək olaq.
Yəni, hər birimizdən asılı olan fədakarlığı nümayiş etdirək…
Jurnalistlərə həmişə dəyər vermiş “Jurnalistlərin dostu” mükafatının ilk təmsilçisi ölməz Liderimiz Heydər Əliyevin fikrinə istinadən düşüncələrimi tamamlayıram: “jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir”.
Zənn edirəm ki, bu sifətləri hər bir jurnalist özündə daşımağa fədakarcsına çalışmalıdır.
Öz millətini dərin məhəbbətlə sevmiş və onun maariflənməsindən ötrü cəsarətli addımlar atmış, cığırlar açmış, ilk mətbu orqanını yaratmağa nail olmuş Həsən bəy Zərdabiyə- “Allah rəhmət eləsin, ruhu şad olsun”-deməyi özümüzə haqq bildik.
Gülnar Əsədli