Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Diqo kəndi rayonun dağlıq ərazidə yerləşən ən ucqar yaşayış məntəqələrindən olsa da, rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev ildə bir dəfə bu kənddə əhali ilə görüşərək problemləri ilə maraqlanır, onları narahat edən məsələləri dinləyərək həlli üçün tədbirlər görür. Kənddə keçirilən növbəti görüşdə rayonun aidiyyəti idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, kənd mürəkkəb relyefə malik ərazidə yerləşdiyindən uzun illər yol, işıq, məktəb problemləri olub. Avtomobil yolu olmadığı üçün vətəndaşlarımız burada çox əziyyət çəkirdi. Gündəlik tələbat mallarını aylıq tədarük etməyə məcbur olur, yük heyvanları ilə daşıyırdılar. Xəstələri xəstəxanalara çatdırmaq üçün böyük çətinliklərlə üzləşirdilər. Payız-qış mövsümündə yaşayış daha da çətinləşirdi. İlk görüşümüzdə bu məsələləri qaldıranda həlli yollarını axtarmağa başladıq. Cənab Prezidentə müraciətdən sonra imzaladığı Sərəncamlarla ayrılan vəsait hesabına illərin problemi bir-birinin ardınca həllini tapdı. Şükür Allaha ki, indi rahat avtomobil yolla ilin bütün fəsillərində təhlükəsiz hərəkət etmək mümkündür. Elektrik xətti çəkilib, modul tipli ibtidai məktəb binası quraşdırılıb. İndi internet xəttinin çəkilişi həyata keçirilir. Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin öz vətəndaşlarına yüksək diqqət və qayğısının nəticəsidir. Bundan sonra da vətəndaşlarımızın daha rahat, firavan yaşaması üçün qüdrətli dövlətimiz tədbirlər həyata keçirəcəkdir. Dağ kəndlərinə avtomobil yolu çəkiləndən sonra gözəl, mənzərəli yerləri görməyə gələn turistlərin sayı xeyli artmışdır. Kəndin yaxınlığındakı meşə ərazisində aşkar edilən Diqo şəlaləsi isə daha çox diqqəti cəlb edir.
İcra başçısı işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan sürətli tikinti-quruculuq və bərpa işləri barədə görüş iştirakçılarını məlumatlandırmışdır. Qeyd etmişdir ki, erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılmış, talan edilmiş kəndlərin, şəhərlərin bərpa edilməsi, vətəndaşlarımızın doğma yurdlarına qayıdışı təmin edilir. Torpaqlarımızın işğaldan azad edilməsi bizi qürurlandırdığı kimi, abadlaşdırılaraq məskunlaşdırılması da bizi hədsiz sevindirir.
Bununla yanaşı digər regionların, o cümlədən, rayonumuzun da davamlı inkişafından danışmış, aparılan quruculuq işlərinin əhalinin rahat yaşamasının təmininə xidmət etdiyini bildirmiş, bununla əlaqədar cənab Prezidentin vaxtaşırı imzaladığı Sərəncamlar barədə sakinləri məlumatlandırmışdır. Rayonun səfalı, mənzərəli kəndlərindən olan Diqo kəndinin turizm potensialını nəzərə alaraq inkişafı, sakinlərin problemlərinin həlli üçün bundan sonra da tədbirlərin görüləcəyini görüş iştirakçılarının diqqətinə çatdırmışdır.
Kənd sakinləri çıxış edərək vətəndaşların rahat yaşayışının təmin edilməsini həmişə diqqətdə saxlayan cənab Prezident İlham Əliyevin dövlətimizin inkişafı və vətəndaşların sosial həyatının yaxşılaşdırılması istiqamətində həyata keçirtdiyi tədbirlərdən sevinclə danışmış, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentə dərin minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər icra başçısına ucqar dağ kəndində əhali ilə görüşdüyünə, problemlərin həllinə həssaslıqla yanaşdığına görə dərin təşəkkürlərini bildirmişlər.
Görüş iştirakçıları görülən işlərlə yanaşı Diqo kəndindən Avyarud kəndinə gedən yolun təmiri və yolda qoyulmuş suötürücü boruların təmizlənməsi üçün texnika verilməsinə, kəndə internet şəbəkəsinin çəkilməsinə, yeni tikilmiş məktəbin tədris ilində istifadəyə verilməsinə, kənd sakininin Diqo kənd klubunda işlə təmin olunmasına köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan müəyyən problemlərin həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermiş, digər məsələlərin həlli üçün tədbirlər müəyyənləşdiriləcəyini bildirmişdir.