Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Viləşə kəndində əhali ilə növbəti səyyar qəbul-görüş keçirtmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı bildirmişdir ki, nümayəndəliyin ayrı-ayrı kəndlərində keçirtdiyimiz səyyar qəbullar həmişə səmərəli olmuş, verilən təkliflərin, qaldırılan problemlərin həlli ilə yadda qalmışdır. Son illər nümayəndəliyin ərazisində böyük işlər görülüb. Siyaku, Vaqo, Rinə, Marzəsə kəndlərində müasir tipli məktəb binaları tikilmiş, əsas yollar asfaltlaşdırılmış, qazlaşma aparılmış, sahilbərkitmə, elektrik xətt təsərrüfatında təmir işləri görülmüşdür. Aqrar sahə, xüsusən, sitrusçuluq inkişaf edərək ildən-ilə genişlənir. Müasir üsullarla yeni sitrus bağlarının salınması nəticəsində bol məhsul əldə edilir. Sizin torpağa bağlılığınızı, zəhmətkeşliyinizi bildiyim üçün dövlətimizin aqrar sektora verdiyi dəstəkdən istifadə edərək təsərrüfatlarınızı daha da genişləndirməyi tövsiyə edirəm. Nümayəndəliyə daxil olan 24 kəndin əksəriyyəti dağlıq ərazini əhatə etdiyindən təbii ki, müəyyən problemlər də vardır.
Son günlər yağan aramsız yağışlar rayonumuzun digər yaşayış məntəqələri kimi Siyaku nümayəndəliyi ərazisində, həmçinin Viləşə kəndində müəyyən fəsadlar törətmişdir. Sel-suları körpüləri zədələmiş, elektrik xətt təsərrüfatına, avtomobil yollarına, fərdi təsərrüfatlara ziyan vurmuşdur. Əraziyə ağır texnikalar cəlb edərək çayda məcratəmizləmə işləri aparılmaqla yolda hərəkət bərpa olundu.
Kəndin əsas problemləri təbii qazın verilməsi, elektrik xətt təsərrüfatının, avtomobil yolunun əsaslı təmiri və çayda geniş məcratəmizləmə işlərinin aparılmasıdır.
Məlumat üçün bildirim ki, nümayəndəlikdə hazırda Taxtanəkəran kəndinə qaz xəttinin çəkilməsinə başlanılmışdır. Burada işlər tamamlanandan sonra Viləşə və digər kəndlərə də qaz xətti çəkiləcəkdir.
Elektrik xətt təsərrüfatı rayonda tədricən tamamilə yenilənir. Bununla əlaqədar artıq müəyyən işlər görülür. Hazırda Pəlikəş, Sım istiqamətində yeni yüksək gərginlikli elektrik xətləri çəkilir. Digər yaşayış məntəqələrində də əhaliyə fasiləsiz elektrik enerjisinin verilməsindən ötrü mütəmadi olaraq təmir işləri aparılır.
İcra başçısı daha sonra qeyd etmişdir ki, respublikamızda çox böyük qlobal layihələr həyata keçirilir. Əsas diqqət işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda erməni quldurları tərəfindən vəhşicəsinə dağıdılmış, talan edilmiş infrastrukturun bərpasına yönəldilmişdir. Bunlara böyük vəsaitlər sərf olunur ki, dövlətimiz bütün bunları öz maliyyəsi hesabına həyata keçirir.
Ölkəmiz böyük inkişaf yolundadır. Sabitlik, əmin-amanlıq şəraitində yaşayan xalqımız bu inkişafa, tərəqqiyə görə Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə hədsiz minnətdarlığını bildirirlər. Aparılan abadlıq-quruculuq işləri ölkəmizin böyük iqtisadi gücünü göstərməklə, əhalinin normal yaşayışının təmin edilməsinə, rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Azərbaycanımızın daha güclü olması üçün biz də hər zaman ölkə rəhbərinə dəstək olmalı, birlik nümayiş etdirərək müstəqil dövlətimizin tərəqqisi və inkişafına töhfələrimizi verməliyik.
Sakinlər çıxış edərək son illər respublikada və rayonda aparılan abadlıq-quruculuq işlərinə, insanların sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən tədbirlərə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Qaldırılan məsələlərin həllinə diqqətlə yanaşdığına, vətəndaşlarla vaxtaşırı olaraq yaşadıqları ərazidə görüş keçirtdiyinə görə icra başçısına razılıqlarını bildirmişlər.
Sakinlər kəndə qaz xəttinin çəkilməsinə, eletrik xətt təsərrüfatının yenilənməsinə, kənd yolunun təmiri üçün texnika verilməsinə, çay üzərində körpünün qoyulmasına, çayda sahilbərkitmə və məcratəmizləmə işlərinin aparılmasına, uşaqların Rinə kənd tam orta məktəbinə getmələri üçün nəqliyyat vasitəsinin ayrılmasına, sel sularının ziyan vurduğu fərdi yaşayış evlərinə baxış keçirilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı qaldırılan bəzi məsələnin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermiş, digərlərinin həllinin diqqətdə saxlanılacağını bildirmişdir.