Prezident İlham Əliyev çıxış edərək bildirmişdir ki, müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. İki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək.
Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır.
Biz həmişə – istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik.
Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Bir il əvvəl, avqustun 23-də biz Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin ŞavkatMiromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışı oldu.
Təxminən 30 il ərzində bizim üçün bir nömrəli məsələ işğal olunmuş ərazilərin azad olunması idi. Azərbaycan xalqının tarixi nailiyyəti ərazi bütövlüyünün bərpası və sonra ötən ilin sentyabrında suverenliyin tam təmin edilməsidir.
Birgə İnvestisiya Fondunun kapitalını artırmaq üçün layihələrə 500 milyon dollar ayrılıb. 20 istiqamət üzrə irəli sürülmüş yeni təşəbbüslər əməkdaşlıq əlaqələri daha zəngin edəcəkdir.
Biznes strukturları siyasi konyunkturaya çox həssas reaksiya verir. İndi Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyunkturaheç bir yerdə mövcud deyil. Ona görə də bu, iş adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biridir.
Özbək investorları üçün Azərbaycanda işləmək, sərmayə qoymaq da əlverişli və faydalı olacaq.
İnvestisiya proqramlarımüəyyən olunmuş sahələr: sənaye (ağır, avtomobil, yüngül), kənd təsərrüfatı (pambıqçılıq, ipəkçilik, bağçılıq), turizm biznesi, mehmanxana biznesidir;
Azərbaycanda Özbəkistanda baş verənlərlə bağlı və hansı böyük layihələrin reallaşdığı, biznes üçün necə imkanların olması barədə daha çox informasiya olmalıdır.
“Böyük Qayıdış” proqramı kifayət qədər genişmiqyaslıdır. Bu ilin sonunadək bizim 2021-ci ildən bəri yatırmağa başladığımız sərmayələrin ümumi həcmi yəqin ki, 10 milyard dollardan az olmayacaq. Qayıtmaq istəyən 100 min nəfərdən 8 mindən bir qədər çoxu artıq yerləşdirilib.
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə imzalanmış Azərbaycan-Özbəkistan sənədləri:
- “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”;
- “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı”;
- “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Özbəkistan Respublikasının Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişikliyi Nazirliyi yanında Turizm Komitəsi arasında 2024-2026-cı illər üzrə turizm sahəsində Fəaliyyət Planı”;
- “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi arasında 2024-2026-cı illər üçün mədəni-humanitar əməkdaşlıq üzrə Yol xəritəsi”;
- “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikasının Məktəbəqədər və Ümumi Təhsil Nazirliyi arasında məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlıq haqqında Protokol”;
- “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikasının Ali təhsil, Elm və İnnovasiyalar Nazirliyi arasında peşə təhsili, orta ixtisas, ali təhsil və elm sahəsində əməkdaşlıq haqqında Protokol”;
- “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2024-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”;
- “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin yanında Hüquqşünasların İxtisasının Artırılması Mərkəzi arasında əməkdaşlıq haqqında Protokol”;
- “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında H.Sulaymanova adına Respublika Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq haqqında Protokol”;
- “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş”;
- “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş”;
- “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planı”;
- “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”;
- “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Uzbekneftegaz” SC arasında Əsas Şərtlər Sazişi”;
- Bakı (Azərbaycan) ilə Daşkənd (Özbəkistan), Beyləqan (Azərbaycan) ilə Şəhrisəbz (Özbəkistan), Quba (Azərbaycan) ilə Cizak (Özbəkistan) şəhərləri arasında regionlararası əməkdaşlıq haqqında sənədlər.