Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sipiyəpart kəndində əhali ilə görüş keçirtmişdir. Görüşdə rayonun aidiyyəti idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İcra başçısı nümayəndəliyin ayrı-ayrı kəndlərində vaxtaşırı keçirilən səyyar qəbulların səmərəli olduğunu, vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli istiqamətində müəyyən tədbirlərin görülməsi ilə yadda qaldığını bildirmişdir. Qeyd etmişdir ki, Deqadi-Pəlikəş avtomobil yolu asfaltlaşdırılandan sonra dağ kəndlərimiz inkişaf etməyə başladı. Kəndlərdə tikilən yeni yaşayış evləri, yolboyu salınan obyektlər bu ərazilərin yüksək inkişafından xəbər verir. Əvvəllər avtomobil yolu olmayan ən ucqar kəndlərimizə indi rahat yollar çəkilib. İlin bütün fəsillərində kəndlərimizə minik avtomobilləri ilə gedə bilirik. Gözəl təbiətə malik dağ kəndlərimizə turistlərin gəlişi artıqca yeni müasir tipli turizm obyektlərinin tikintisi də reallaşacaq. Əsas odur ki, yol çəkilişindən sonra böyük problemlər həllini tapmış, burada yaşayan minlərlə vətəndaşımızın rahatlığı təmin olunmuşdur.
İcra başçısı Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentin uzaqgörənliyi ilə müstəqil dövlətimizin qazandığı yüksək nailiyyətlərdən, iqtisadi gücünü artırmaqla müəyyən etdiyi hədəflərə çatmasından danışmışdır. Qeyd etmişdir ki, hazırda düşməndən azad edilən Şərqi Zəngəzur və Qarabağ bölgəsində düşmənin vəhşicəsinə talan etdiyi yaşayış məntəqələri sürətlə bərpa edilir. Bu işlərin milyonlarla, milyardlarla vəsait tələb etməsinə baxmayaraq sevindiricidir ki, güclü iqtisadiyyata malik dövlətimiz bütün bunların öhdəsindən dəyanətlə gəlir. Ölkəmizin vətəndaşları müharibə günlərində olduğu kimi, hazırda da yumruq kimi birləşərək bu quruculuq işlərində sevə-sevə iştirak edirlər.
Qarabağ bölgəsi ilə yanaşı digər rayonlarımız da durmadan inkişaf edir. Rayonumuzda da əhalinin sosial rifahı üçün dövlət səviyyəsində tədbirlərin həyata keçirilməsi davam edir. İllərdir bizi narahat edən Dürriyə-Şümrüd avtomobil yolunun tikintisi başa çatdırılmış, Vənəşikəş kəndinə qaz xəttinin çəkilməsinə, Lovayın yarımstansiyasından Sım kəndinə qədər yüksək gərginlikli elektrik xətləri və dirəklərinin yenilənməsinə, sürətli internet şəbəkəsinin çəkilməsinə, Heydər Əliyev Fondu tərəfindən Şümrüd kənd tam orta məktəbi üçün müasir tipli yeni binanın tikintisinə başlanılmışdır. Bunların hamısı Ulu Öndər Heydər Əliyev siyasətinin cənab Prezident tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Cənab Prezidentimiz sayəsində ölkəmizdə əmin-amanlıqdır və sabitlikdir. Bizim də əsas vəzifəmiz ölkə rəhbəri ətrafında hər zaman sıx birləşməklə, bu əmin-amanlığı qorumaq və dövlətimizin hərtərəfli inkişafına əməli işimizlə töhfə verməkdir.
Sakinlər çıxış edərək ölkə Prezidentinin apardığı məqsədyönlü siyasəti ürəkdən bəyəndiklərini, ölkəmizin iqtisadi qüdrətinin artırılması və təhlükəsizliyinin təmin edilməsi istiqamətində atdığı hər bir qətiyyətli addımdan qürur duyduqlarını bildirmişlər. Son illər rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar barədə danışmış, göstərilən qayğı və diqqətə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, vətəndaşları yerində dinləyərək problemlərinin həllinə göstərdiyi köməkliyə görə icra başçısına təşəkkür etmişlər. Çıxış edənlər kənddə qəzalı vəziyyətdə olan elektrik dirək və naqillərinin dəyişdirilməsinə, Sipiyəpart kənd tam orta məktəbinin və Çükəş kəndinə gedən yolun təmir edilməsinə köməklik edilməsini xahiş etmişlər.
İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirərək problemlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlarını vermişdir.